Reklam: High Technic
hightechnic

Gürcüstan seçkiləri: Azərbaycanın dostu Vaşadze, yoxsa ermənipərəst Zurabişvili?

Reklam: Sinerji Pro

Gürcüstanda oktyabrın 28-də baş tutacaq prezident seçkiləri kampaniyası gərgin mübarizə fazasına daxil olub.

Yenicag.az xəbər verir ki, qonşu ölkədə keçiriləcək prezident seçkiləri 2012-ci ildən hakimiyyətdə olan “Gürcü arzusu” partiyasının “Davam”, müxalifətdəki Vahid Milli Hərəkat Partiyasının isə siyasi revanş şansı kimi də qiymətləndirilir.

Gürcüstanda oktyabrın 28-nə təyin olunmuş prezident seçkiləri tək qonşu ölkə deyil, bütövlükdə Cənubi Qafqaz üçün ciddi əhəmiyyət kəsb edir. O baxımdan, Gürcüstanda “birinci kreslo” uğrunda mübarizə ölkə xaricində də ciddi maraqla izlənilir. Qonşu ölkədə keçiriləcək prezident seçkiləri həm də Qərbyönümlü və Rusiyameylli siyasi qüvvələr arasında rəqabətin “lakmus kağızı” olaraq, nəzərdən keçirilir.

28 oktyabr seçkiləri Gürcüstan siyasi tarixi üçün yeni rekordla əlamətdar olub: bu seçkilərdə onlarla iddialı şəxs prezidentliyə namizədliyini irəli sürsə də, onlardan cəmi 25 (!) nəfəri adını seçki bülleteninə saldıra bildi. 25 namizəd içərisində əsas rəqabət isə Gürcüstanın sabiq xarici işlər nazirləri Qriqol Vaşadze (Vahid Milli Hərəkat) ilə Salome Zurabişvili (“Gürcü arzusu”) arasında gedir.

28 oktyabr seçki prosesinin gedişini və səsvermənin mümkün nəticələrini Yenicag.az-a dəyərləndirən Gürcüstan parlamentinin deputatı Azər Süleymanovun sözlərinə görə, rəy sorğuları Qriqol Vaşadzenin əsas rəqibini böyük fərqlə geridə qoyacağını göstərir:

“Əvvəla, təəssüflə onu deməliyəm ki, “Gürcü arzusu” partiyası çox iyrənc bir seçki kampaniyası aparır. Hakimiyyət partiyası bütün administrativ resurslardan istifadə edərək cəmiyyətdə heç bir nüfuzu olmayan Salome Zurabişvilini prezident “seçdirməyə” cəhd göstərir.

Tam məsuliyyətlə deyirəm ki, Zurabişvili hansı regionda seçicilərlə görüşə gedirsə, onu satqın kimi qarşılayırlar. Ümumiyyətlə, o qadının bütün düşüncələri Gürcüstanın əleyhinə yönəlib.

Hətta 2008-ci il müharibəsini də Gürcüstanın başlatdığını iddia edir. Son olaraq isə Türkiyə əleyhinə fikirlər səsləndirib və Cavaxetiya ermənilərinin hərəkətlərinə bəraət qazandırıb. Zurabişvili ermənilərə vəd verir ki, Saakaşvilinin vaxtında sizə vətəndaşlıq vermirdilər, mən gəlib bu məsələni həll edəcəm.

Səmimi şəkildə bildirmək istəyirəm ki, əgər sabah səsvermə olarsa, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadzenin qalib gələcəyi şübhəsizdir. Vaşadze hazırda çox yüksək nüfuza malikdir və rəy sorğularına əsasən, Zurabişvilini ən azı 30 faiz üstələyir. Yəni seçki sabah baş tutsa, Vaşadzenin elə birinci turda qalib gəlmək ehtimalı çox böyükdür.

Ancaq biz hadisələrin hərtərəfli inkişafına hazırıq. Əgər İvanişvili seçkiləri saxtalaşdırmaq niyyətinə düşərsə, bu, onun sonu olacaq.

Mən özüm Vaşadzenin seçki kampaniyasında iştirak edirəm və çox bölgələrə səfər zamanı, xüsusilə soydaşlarımızın yığcam yaşadıqları rayonlarda – Qardabani, Marneuli, Bolnisi, Dmanisi – keçirilən görüşlərdə onu müşayiət edirəm. Oradakı azərbaycanlıların əksəriyyəti hakim partiyanın, icra orqanlarının təzyiqlərinə baxmayaraq, Vaşadzeyə səs vermək əzmindədir. Çünki hər kəs görür ki, Gürcüstan İvanişvilinin iqtidarda olduğu 6 il ərzində yenidən 90-cı illərə qayıtdı.

Ən əsası, Vaşadze Azərbaycana böyük rəğbətlə yanaşır, Azərbaycan prezidenti ilə şəxsi münasibəti var. Şübhə yoxdur ki, Vaşadzenin qələbəsi rəsmiləşsə, Gürcüstandakı azərbaycanlıların İvanişvili dövründə qalaqlanan problemləri ardıcıllıqla həll olunacaq”.

Gürcüstanda keçiriləcək prezident seçkiləri ərəfəsində əsas namizədlərin qələbə şanslarını Yenicag.ru-ya dəyərləndirən politoloq, Qafqaz Strateji Tədqiqatlar Mərkəzinin siyasi məsləhətçisi Gela Vasadze də bu mübarizədə hakim partiyanın ciddi çətinliklərlə üzləşəcəyini düşünür:
“Gürcüstanda keçiriləcək prezident seçkiləri ərəfəsində maraqlı vəziyyət yaranıb. Bir tərəfdən seçkidə iştirak edən siyasi partiyalardan heç biri öz maliyyə və digər resurslarına görə hakim “Gürcü arzusu” partiyası ilə müqayisəyə gəlmir.

Digər tərəfdənsə, hakim partiyanın dəstəklədiyi namizəd Salome Zurabişvili o qədər zəif və seçicilərdə rəğbət doğurmayan biridir ki, hətta “Gürcü arzusu”nun malik olduğu resurslar onun qələbəsi üşün yetərli olmaya bilər.
Seçkiqabağı rəy sorğuları da Zurabişvilinin başqa namizədlərdən, xüsusilə də Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze və “Avropa Gürcüstanı” partiyasının namizədi David Bakradzedən xeyli geri olduğunu göstərir.

Bütün bu məqamlar seçkilərin olduqca maraqlı keçəcəyini söyləməyə əsas verir”.

A.Zeynalov

www.yenicag.az

1825