Harvard alimlərindən Altsheymerlə bağlı inqilabi kəşf: Lityum çatışmazlığı səbəb ola bilər
Harvard Universitetində aparılan 10 illik araşdırma Altsheymer xəstəliyinin beyindəki lityum çatışmazlığı ilə başlaya biləcəyini üzə çıxarıb.
Yenicag.az xəbər verir ki, “Nature” jurnalında yayımlanan tədqiqata görə, sağlam insan beynində təbii lityum səviyyəsi yüksək olur.
Ancaq Altsheymer xəstələrində bu göstərici kəskin şəkildə aşağı düşür. Siçanlar üzərində aparılan sınaqlarda isə lityum səviyyəsinin azaldılmasının yaddaş itkisini sürətləndirdiyi müşahidə olunub.
Araşdırma zamanı alimlər “lityum orotat” adlı yeni bir birləşmə hazırlayıb. Bu maddə beta-amiloid adlanan zərərli lövhələrdən təsirlənmədiyi üçün beynin lityum istifadəsinə imkan verir və yaddaş itkisini bərpa edir.
Yeni üsul hələ insanlarda tətbiq edilməyib. Lakin mütəxəssislər bildirirlər ki, qan testi ilə bədəndəki lityum səviyyəsini ölçmək mümkündür və bu, gələcəkdə Altsheymer riskinin erkən aşkar olunaraq müalicəyə başlanmasına şərait yarada bilər.