Zahid Oruc: “Əli İnsanovdan Mandela düzəltmək siyasi romantizm xəstəliyidir”.
Aqil Ələsgər: “Deyirlər ki, balkondan Formula 1-ə baxmaq cəriməyə düşür. Bəs görəsən gün o ərazidə yaşayan insanların uğultudan-cızıltısidan çəkdiyi əziyyətin cəriməsini kim ödəyəcək? Heç kim. Təki Azad müəllimin gözü-kölnü tox olsun, biz qulaqsız da gəzərik. Komsomolun canı it canıdır, buna da dözər…”
PİA.AZ-ın redaktoru Gülyanaq İSMAYILQIZI “Həftənin sitatları” layihəsini təqdim edir.
Qeyd edək ki, bəzi sitatlar konteksdən çıxarıldığı üçün düzgün anlaşılmaya da bilər. Bunu nəzərə almağı xahiş edirik.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev: “Əgər kimsə fikirləşir ki, biz növbəti 20 il də mənasız danışıqlar aparacağıq, səhv edir. Biz mənasız danışıqlar aparmaq fikrində deyilik”.
ABŞ prezidenti Barak Obama: “ABŞ üçün İslam yox, Tramp təhlükədir… Trampın mülahizələri onun ali baş komandanlıq üçün yararsız adam olduğunu göstərir”.
Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan: “Bəzi olayları baş verəndə mənə dedilər ki, Türkiyədə olanlardan narahatıq. Mən də onlara dedim ki, Fransada, Belçikada, İngiltərədə baş verənlərdən də mən narahatam. Bu sözlərim xoşlarına gəlməyib. Nə üçün? Deməli terror olanda polisinə deyirsən ki, nə lazımdırsa, elə. Türkiyədəki terrorçu yaxşı terrorçudur? Nə fərqi var?”
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev: “Biz İslam həmrəyliyini gücləndirməliyik. Müsəlman aləmində sülh və sabitlik möhkəmlənməlidir”.
Rusiya prezidenti Vladimir Putin: “Trampı görkəmli və istedadlı şəxs adlandıra bilmərəm”.
Adının çəkilməsini istəməyən erməni diplomat: “Biz Ukraynanın ardınca Avropa İttifaqı ilə Assosiasiya sazişini imzalamağa hazırlaşırdıq. Ancaq Rusiya prezidenti Vladimir Putinin şantajına görə son anda fikrimizdən daşındıq”.
Amerika Birləşmiş Ştatlarinin prezidenti Barak Obama: “İllüziyaya qapılmayın, qlobal iqlim dəyişikliyi artıq, sadəcə, təhdid deyil, reallığa çevrilib”.
Politoloq, Qafqaz üzrə mütəxəssis Tomas de Vaal: “ATƏT Qarabağ münaqişəsinin həllində nüfuzunu itirib”.
Politoloq Şahin Cəfərli: “Prezidentlərin qarşıdakı görüşündən münaqişənin həllinə yönəlmiş ciddi razılaşmaların əldə olunacağını gözləmirəm. Amma görüş nəticəsiz bitməyəcək”.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev: “Azərbaycan qazandığı üstünlüyü heç vaxt əldən verməyəcək”
Politoloq, Qafqaz üzrə mütəxəssis Tomas de Vaal: “Bu ilin aprel ayındakı döyüşlər və hazırda müşahidə olunan gərginlik münaqişənin sülh yolu ilə həllinin tərəfdaşı olan beynəlxalq subyektlərin məsuliyyətini artırır. Heç bir iş görməmək və ya onillərlə əvvəl imzalanan atəşkəs rejimi haqqında müqavilə sayəsində işin öhdəsindən gəlmək cəhdləri çıxış yolu deyil”.
Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov: “Bakı 2015 Avropa Oyunlarından sonra “Formula 1” kimi mötəbər bir yarışın keçirilməsinin Azərbaycana həvalə edilməsi Azərbaycanın siyasi, sosial, mədəni və digər sahələrdə əldə etdiyi uğurların beynəlxalq aləm tərəfindən qəbul olunmasının göstəricisidir”.
Millət vəkili Zahid Oruc: “Azərbaycan heç vaxt vahid iqtisadi və hərbi ittifaqda olmayacaq”.
Formula 1 çempionu Lyus Hemilton: “Bakıda Formula 1 üçün hazırlanmış yollar məni cəlb etmədi”.
Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, siyasi şərhçi Natiq Miri: “Əgər yeni bir savaş çərçivəsində öz torpaqlarımızı azad edəcəyiksə, ermənilərə heç bir status verilməyəcək”.
Gənclər və idman naziri Azad Rəhimov: “Alonsoya o qədər pulu heç kim verməyib”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli: “Nə müxalifət, nə də onların ideya daşıyıcıları bir daha Azərbaycan hakimiyyətində ola bilməzlər. Onların nə qədər xaricdən havadarları olsa da, xalq buna nə indi, nə də gələcəkdə imkan verməz. Çünki Azərbaycan çox dəyişib. O formatda olan siyasət adamları müasir dövrdə qəbul olunmurlar. Bunu özləri də bilirlər”.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu: “Rusiyanın Ermənistanla münasibətlərinin pozulması kimi bir vəziyyət ortada yoxdur”.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova: “Son vaxtlar rus hava yolları şirkətlərinin Türkiyə üzərindən İraqa yük daşıması üçün etdiyimiz müraciətlər cavabsız qalıb. Bununla yanaşı Ankarada yüksək rütbəli hərbçilər tərəfindən səslənən “Qara dəniz rus gölünə çevrilməsin”, kimi ifadələr işlətməsi münasibətlərin yaxşılaşdırılmasına xidmət etmir”.
Fövqəladə Hallar naziri, Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Kamaləddin Heydərov: “Azərbaycan idmanında son illərdə gedən inkişaf boksa da öz təsirini göstərir. Azərbaycan boksu zəngin tarixə malikdir. Bunu mənimsəyən boksçularımız öz iradələri ilə yüksək nəticələr əldə edirlər. Buna görə də boks ölkəmizdə sevimli idman növünə çevrilib”.
Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov: “Sonra maraqlanıb öyrəndik ki, həmin jurnalist haqqında ən azı 15 məhkəmə işi var. Nə edək, bu adam özünü dəlioğlanlığa vurub. Azərbaycanda məmurun məsuliyyəti olduğu kimi, jurnalistlərin də məsuliyyəti var və bu məsələlərdə hər kəs öz məsuliyyəti çərçivəsində hərəkət etməlidir”.
“Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev: “… iqtidardaxili problemlər başlanıb. MTN, Rabitə Nazirliyi, Beynəlxalq Bankda baş verənlər də sübut idi. Amma bunların davamı da ola bilər. İndi ölkədə daha çox iqtidardaxili problemlər var. Cəmiyyətlə iqtidar arasında problem özünü daha çox göstərir Varlı da, kasıb da itirib. Hamı narazıdır. İqtisadi durum göstərir ki, ölkədə hər şey pisliyə doğru gedir. Qarşıda nələr ola bilər? Kompromatlar ikinci dərəcəli problemdir. Əsas məsələ iqtisadi böhran və ondan çıxış yollarının tapılmasıdır. Bu isə iqtidarın problemidir”.
Sabiq təhsil naziri Firudin Cəlilov: “Elçibəylə bir hərfin üstündə bir-birimizi qırdıq, küsülü qaldıq”.
Jurnalist Tural İsmayılov: “Nə qədər ki biz “yaxşı oğlan”, “dastoynu qaqaş” yerinə yaxşı vətəndaş, intellektual fərd axtarmayacağıq, o vaxta qədər mentalitet hüquqdan daha avtoritet olacaq”.
Millət vəkili Zahid Oruc: “Əli İnsanovdan Mandela düzəltmək siyasi romantizm xəstəliyidir”.
Azərbaycanın əməkdar artisti, kino aktyoru Ənvər Həsənov: ““Yeddi oğul istərəm” filmi dünyanın 98 ölkəsində nümayiş etdirilib. “Uşaqlığın son gecəsi” də həmçinin… Mənim filmlərim nə qədər gəlir gətirib. Rahat evim yox, təqaüd almıram. Çətinliklə dolanıram”.
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı: “Bəli, Milli Azadlıq Hərəkatının təməl daşını qoyan bu böyük adamı, sən demə, aylar öncə Sabunçu xəstəxanası heç pulu olmadığı üçün qəbul etməyibmiş. Al sənə Vətən! Ürəkdə problem, infarkt olubmuş, böyrəkdə problem, ayaqda problem, dizdə problem – problem oğlu problem…”
Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, siyasi şərhçi Natiq Miri: “4 günlük savaşla Azərbaycan bütün dünyaya mesaj verdi ki, ya bu məsələ ədalətli beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır”.
YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov: “24 oktyabrda Naxçıvanda dövlət çevrilişi etmək istəyən insanlar sonradan Heydər Əliyevin əl-ayağına düşüb yalvarırdılar ki, gəl Bakıya, bizə kömək elə, vəziyyətdən çıxaq”.
Tanınmış jurnalist Azər Sarıyev: “Riyaziyyat sualı. Hocanın 4 arvadı var. Hoca həftənin cümə günlərini boş buraxırsa, həftənin digər günlərini 4 arvad arasında necə bölür? (7-1):4=?”
Jurnalist Tural İsmayılov: “Bayaq bir Norveç vətəndaşı turist yanındakı 4 yaşlı, balaca, şirin, narıncı uşağa ingilis dilində Azərbaycan haqqında danışırdı. Nəysə, mən də bunlara baxıb gülümsədim, atası uşağa məni göstərib “bax, bu oğlan istiqanlı Şərq ölkəsinin vətəndaşıdır”, deyirdi. Yadıma düşdü ki, kənddə də bir qohumumuz yaşlı oğluna məni nişan edərək, “əmiyə söy” deyirdi”.
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı: “Məhəmməd Hatəmi Tantəkin hərəkatda tanınan ən kaprizli adamlardan sayılırdı. Ümumiyyətlə, hərəkat adamları, xüsusən, rəhbərlikdə təmsil olunanlar, lider mərtəbəsinə qədər yüksəldiyini hesab edənlər öz ətraflarına qarşı həmişə şübhəkar olublar”.
Sabiq təhsil naziri Firudin Cəlilov: “İndi türkçü kimi tanınan dostlarım sovet dövründə məni pantürkist kimi qələmə veriblər”.
Sabiq müdafiə naziri Rəhim Qazıyev: “Əzizağa Süleymanov əgər sən sübut etsən ki, Milli Qvardiya yaranan günnən mən bu sətrləri yazan ana kimi, iddia etdiyin o qərərgahda, heç olmasa bircə dəfə də olsa olmuşam, onda and içirəm ki, adımı dəyişib, ən təhqiramiz, rüsvayçı ad hesab etdiyim “əzizağa süleymanov” qoyacam”.
Rusiyanın “Lukoil” neft şirkətinin prezidenti Vahid Ələkbərov: “Neftin qiyməti artıq 30 dollardan aşağı düşməyəcək”.
İqtisadçı ekspert Samir Əliyev: “Azərbaycanda devalvasiya düzgün olmayan maliyyə siyasətinin nəticəsidir”.
ANS-in əməkdaşı Eldəniz Elgün: “Son illər Milli Məclisdən gələn tək xəbər bu olur – spiker yenə Zahid Oruca əsəbləşdi”.
Yeni Çağ qəzetinin baş redaktoru Aqil Ələsgər: “Evdən çıxanda hamının eşidəcəyi tərzdə üç dəfə Koko Şanelin bu sözünü təkrarlamaq lazımdır, (birinci və ikincinin eşidilməmə riskinə görə): “Hər kişinin həyatında ancaq bir qadın olur – qalanları onun kölgəsidir… ””.
“Nargis” nəşriyyat evinin təsisçisi Ülviyyə Mahmudova: “Oruc bizi mehriban, bir-birinə qarşı diqqətçil edir. Bu ayda mənim üçün ən önəmlisi xeyriyəçilikdir. Oruc tutduqdan sonra həyatı daha ciddi dərk edir, əlindəkilərə şükür etməyi bacarırsan. Həyatda insanlı incitməməyə çalışıram – bu mənim həyat fəlsəfəmdir”.
Gənclər və idman naziri Azad Rəhimov: “Yarışların hamısı Azərbaycan üçün çox vacibdi. Bu yarışların əsas əhəmiyyəti ondan ibarətdi ki, gəncləri bu idman növünə, onu seyr etməyə, azarkeşi olmağa çağırır. Belə yarışların xüsusi yeri var. “Formula-1” elit turnirdi, öz tamaşaçıları, təbəqəsi və kateqoriyası var”.
ANS-in əməkdaşı Eldəniz Elgün: “Eyvaz adlı dostum məni iftara dəvət edir. Soruşuram kimlər olacaq? Beş nəfərin adını çəkdi və beşidə pivinoydan bayıra belə çıxmırlar. Dedim dədə, gəl bunun adını iftar süfrəsi yox, yeni il gecəsi qoyağın. Bilirəm axı məclisin axırı ne olacaq”.
Ölkə.az saytının baş redaktoru Məmməd Gülməmmədov: “Əksər icra başçılarımız nədənsə girdirmə univeritetlərin məzunudur: ABU, “Təfəkkür” filan. Belə getsə diplomu cırıb gedib ordan diplom alacam”.
İqtisadçı alim Vüqar Bayramov: “Əgər Dövlət Statistika Komitəsində azalma deyil, artım qeyd olunsaydı bu artıq müəyyən şübhələr yaradardı”.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev: “Əgər bir nazirin maaşı 1700 manatdırsa, 6 milyonluq villanı nəylə alır?”
İqtisadçı ekspert Fikrət Yusifov: “Bankların çökməsi çox təhlükəlidir və bu iqtisadiyyatımız üçün ciddi zərbə demək olardı”.
Yeni Çağ qəzetinin baş redaktoru Aqil Ələsgər: “Deyirlər ki, balkondan Formula 1-ə baxmaq cəriməyə düşür. Bəs görəsən gün o ərazidə yaşayan insanların uğultudan-cızıltısidan çəkdiyi əziyyətin cəriməsini kim ödəyəcək? Heç kim. Təki Azad müəllimin gözü-kölnü tox olsun, biz qulaqsız da gəzərik. Komsomolun canı it canıdır, buna da dözər…”
İqtisadçı ekspert Samir Əliyev: “Mənasız prinsipi əllərində tutdular manata milyardlarla pul xərclədilər və axırda da manat dəyərini itirdi”.
Jurnakist Fərahim İqaroğlu: “Bütün turistlər də eyni sözü deyir… “Bakı təmiz şəhərdir, insanları mehriban, yeməkləriniz dadlı…Bakı trekinin də analoqu yoxdur”.. Ay müxbir, biraz fərqli düz qoş elə də”.
TİA.AZ saytının baş redaktoru Əlişir Əhəd: “Məncə bu ölkədə dəli də, ağıllı da həkimdən və polisdən qorxmayandı”.
Jurnalist Fərahim İqaroğlu: “Formula 1-in pilotları 5 dəfə yolu səhf salıblar… Alanso da baş alıb gedib Salyana…Gölüstü restoranında balıqdolması ilə sərin ayran içir”.
Əliağa Vahidin oğlu: “Deyilənlərə çox qulaq asmayın. Atam deyilən, yazılan qədər içki içən deyildi. Sərxoş olub heç yerdə yıxılmayıb, heç kimə sataşmayıb. Özünü qorumaq üçün içirdi. Məhz 1937-ci il repressiyasından içki içdiyinə görə canını qurtardı. Onun dediklərinə çox ciddi baxmırdılar. Yenə deyirəm içirdi, amma əyyaş deyildi”.
Yeni Çağ qəzetinin baş redaktoru Aqil Ələsgər: “Taksi şoferi hazırda özünü Hamilton, Xırdalanın beş addımdan bir kanalizasiya qapaqlı, əyri yollarını Formula 1 trası kimi hiss edib, “07”ni “Ferrari” kimi sürür. Arada da “o nə maşın sürməkdi, bizi buraxsınlar o trasa, gör qaqan neynir” deyib, hazırda ürəyini yeyib, bala-bala dalağına keçən biz sərnişinlərdən təsdiq gözləyir”.
Jurnalist Samir Sarı: “Atalar yerində deyib ki, dinsizin öhdəsindən imansız gələr. Ancaq rus və ingilis futbol fanatlarının qapışmasını izləyərkən kimin dinsiz, kimin imansız olduğunu müəyyən etmək çətindir”.
Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı: “Mənə Türkiyədə çox ciddi bir tarixçi dedi ki, Heydər Əliyev Şah İsmayl Xətainin soykökündəndir, yəni Heydər Əıiyevin şəcərəsi Səfəvilərə bağlıdır”.
Əməkdar artist, müğənni Lalə Məmmədova: “Onda marixuana iyi var idi, dayana bilmirdim”.
Gülyanaq İSMAYILQIZI
pia.az