!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"İki ölkə arasında mövcud əməkdaşlığın zəiflədilməsini istəyən qüvvələr var" - Ekspert

!Reklam – Yazi

“Fikrimcə, bu mərhələdə Türkiyə ilə Rusiya arasında ikitərəfli münasibətləri daha da dərinləşdirməyə zərurət yaranıb. Ona görə də hər iki lider həm ikitərəfli münasibətlər, həm də regional məsələlərlə bağlı müzakirələr aparmaq niyyətindədir ki, hansısa sürprizlər yaxınlaşma prosesini pozmasın”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Türkiyə və Rusiya dövlət başçılarının telefon danışığı zamanı yenidən görüşməyin zəruri olduğu barədə fikirlərinə münasibət bildirərkən “Qafqaz” Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı deyib.

A. Aslanlı bildirib ki, həm Türkiyədə, həm də Rusiyada iki ölkə arasında yaxınlaşmanın qarşısına sipər çəkmək istəyən qüvvələr var:

“Bildiyiniz kimi, Vladimir Putin Rusiya prezidenti seçildikdən sonra ilk səfərini Türkiyəyə etdi və burada yüksək səviyyəli görüşlər oldu. İndi Türkiyədə də seçki olub, Rəcəb Tayyib Ərdoğan növbəti dəfə, özü də bu dəfə daha yüksək statusla etimad alıb. Türkiyə və Rusiyanın istər Cənubi Qafqaz, istər bütövlükdə keçmiş sovet regionu, istərsə də Yaxın Şərqlə bağlı birinci dərəcəli maraq dairəsində gördükləri məsələlər var. Birinci dərəcəli maraq dairəsində olan bu məsələlərlə bağlı isə hər iki ölkə əvvəllər kəskin fikir ayrılığına malik idilər. Suriya misalında az qala Moskva ilə Ankara arasında münaqişə belə ola bilərdi. Lakin bu iki ölkə geriyə dönüş edərək münasibətləri yenidən normal məcraya saldılar. İndi də hər iki ölkə prezidentləri yenidən etimad aldıqdan sonra münasibətləri tənzimləməyə çalışırlar.

İki ölkə arasında əlaqələrə ümumi enerji yanaşmasını, hərbi sahədəki əməkdaşlığı, Ankaranın Moskvadan hava hücumundan müdafiə sistemləri almasını, turizm və kənd təsərrüfatı sahəsində əldə olunan razılıqları, “Akkuyu” AES-in reallaşması kimi məsələləri daxil edə bilərik. Bu sadaladığım istiqamətlərdəki fəaliyyətin sürətləndirilməsi zəruridir. Çünki hər iki ölkədə belə bir əməkdaşlığın zəiflədilməsi təklifilə çıxış edən qüvvələr var. Türkiyədə bəziləri düşünür ki, NATO ölkəsi olaraq Rusiyadan silah almaq doğru deyil. Rusiyada da bir çoxları Türkiyəyə strateji xarakterli silahlar və nüvə texnologiyasının satılmasını heç cürə qəbul etmək istəmir. Amma hər halda Ərdoğanla Putin ümumi bir xətt müəyyənləşdiriblər ki, onun da geridönməzliyini təmin etməyə çalışırlar. Digər tərəfdən, onlar qarşı-qarşıya gəldikləri nöqtələrlə bağlı məsələlərə aydınlıq gətirmək istəyirlər. Bu məsələnin əsasında isə Suriya dayanır. Burada tam olmasa da mövqeləri əsasən yaxınlaşdırıblar. Lakin hər an burada yeni bir gərginlik nöqtəsi ortaya çıxa bilər. Ona görə də hər iki lider həm ikitərəfli münasibətlər, həm də regional məsələlərlə bağlı müzakirələr aparmaq niyyətindədir ki, hansısa sürprizlər yaxınlaşma prosesini pozmasın. Türkiyədə haqlı olaraq belə bir düşüncə var ki, Suriyanın bu ölkə ilə sərhəd hissəsində qeyri-sabitliyin artması Ankara üçün ciddi risk yaradır. Ankaranın fikrincə bu qeyri-sabitliyin artmasında tək kürdlər, müxalif qüvvələr və Qərb deyil, Əsəd hakimiyyəti də müəyyən dərəcədə maraqlıdır. Belə ki, Əsədin atdığı bəzi addımlar həmin bölgələrdə Türkiyənin zərərinə səbəb olacaq addımlara gətirib çıxarır. Ankara da bu mənada Əsəd hakimiyyətinə ciddi təsir gücünə malik Rusiya vasitəsilə Suriya rejiminin İdlibdə həyata keçirmək istədiyi addımın “Astana sazişi”nin pozulmasına gətirib çıxaracağını Dəməşq və müttəfiqlərinin diqqətə çatdırır. Ankara bununla xəbərdarlıq edir ki, Suriya müxalifətinə məhdudlaşdırdığı dəstəyi yenidən artıra bilər. Burada isə əsas vasitəçi, hər iki tərəfi razı salacaq qüvvə qismində Rusiya nəzərdə tutulur. Ola bilər ki, keçiriləcək görüşdə bu məsələ də diqqət mərkəzində olsun”.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Telefon danışığı əsasında tərəflər Cənubi Afrika Respublikasında BRİKS sammiti çərçivəsində görüşməyin zəruri olduğu qənaətinə gəliblər.

ELÇİN

COP29

www.yenicag.az

2330
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv