“Suriya ordusunun – “Heyət Təhrir əş-Şam” (HTŞ) silahlılarının hərbi əməliyyatları Suriyanın ərazi bütövlüyünün bərpa olunmasına yönəldilib. Hələ ki, hədəf olaraq “Hizbullah” seçilib, çünki onlar yalnız İran tərəfindən dəstəklənir”.
Bunu Yenicag.az-la söhbətində politoloq Elçin Xalidbəyli deyib.
Bölgədə baş verən hərbi konfrontasiyaların yeni müharibə risklərinə yol açması ehtimalından söz açan analitik əlavə edib ki, ABŞ və İsrail “Hizbullah”ın əleyhinə fəaliyyət göstərirlər və bu baxımdan, onlar Suriya ordusu üçün hər hansı qadağa edilməyən hədəf sayılır.
Onun sözlərinə görə, ərazi bütövlüyünün qorunması üçün “Hizbullah”ın geri çəkilməsinə nail olmağa çalışırlar və buna da böyük ölçüdə nail olublar.
Politoloq hesab edir ki, Suriya PKK və YPG militanlarına qarşı hərbi əməliyyatları aparmaq üçün ABŞ-nin ordusunu ölkədən çəkməsini gözləyəcək:
“Ancaq PKK-YPG məsələsi bir az qəlizdir, çünki PPK YPG-nin işğal etdiyi ərazilərdə hazırda ABŞ-nin hərbi bazaları yerləşir. Belə bir vəziyyətdə onlara qarşı hərbi əməliyyatların keçirilməsi o qədər də asan deyil və ciddi problemlər yarada bilər. ABŞ hələlik rəsmən PKK-YPG-nı dəstəkləməkdən imtina etdiyini bəyan etməyi, sadəcə bəzi məlumatlara görə, Tramp administrasiyası yaxın vaxtlarda ABŞ hərbi bazalarını Suriyadan çıxarmaq niyyətindədir”.
“Bu istiqamətdə Pentaqonda müəyyən planın hazırlandığı bildirilir. Çox güman ki, Suriyanın müvəqqəti hökuməti də hesab edir ki, bu məsələni bir qədər təxirə salmaq daha sərfəlidir. ABŞ hərbi bazaları çıxdıqdan sonra bu problemi həll etmək daha asan olacaq. Yəqin ki, ABŞ hərbi kontingenti Suriyanı tərk etdikdən sonra Suriyanın eləcə də Türkiyənin o problemi də kökündən həll edilmiş olacaq”, – deyə o, fikirlərini tamamlayıb.
Nurlan Cəfəri
www.yenicag.az