“…hücum diplomatiyası artıq bəhrəsini verməkdədir”- Azay Quliyevdən Yenicag.az-a özəl müsahibə

media-hightechnic-468x90

azay_guliyev_021214Yenicag.az saytının bu günki qonağı millət vəkili, Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevdir. Onunla bir sıra məsələlər ətrafında maraqlı söhbətimiz oldu.

Ermənistanla Azərbaycan, erməni diasporu ilə Azərbaycan diasporu arasındakı informasiya müharibəsi necə gedir?

– Bu məsələni iki hissəyə bölmək olar, Ermənistan və Azərbaycan diasporasının hazırkı vəziyyəti və ümumi milli hədəflər uğrunda aparılan mübarizənin nəticələri. Bilirik ki, erməni diasporası 100 ildən çoxdur ki, formalaşıb. Erməni diasporası sadəcə diaspora deyil, eyni zamanda güclü iqtisadi imkanlara sahibdir. Eyni zamanda, erməni diasporası yaşadıqları ölkələrin ictimai-siyasi həyatında ciddi şəkildə oturuşub, artıq qərarvermə səlahiyyəti olan çoxsaylı nümayəndələri də var.

“Diasporanın hər hansı bir tədbir keçirmək üçün Azərbaycan dövlətindən vəsait istəməsini anlamıram”

Həmçinin onlar  çox mütəşəkkildir. Nəzərə alsaq ki, onların uzun müddət dövləti olmayıb və həmişə də kilsə tərəfindən idarə olunublar, bu baxımdan da təmərgüzləşmə, imkan və potensiallarını səfərbəretmə  bacarıqları da var. Azərbaycan diasporası isə çox gəncdir. Onun bir hissəsini Cənubi Azərbaycandan, bir hissəsini də Şimali Azərbaycandan olanlar təşkil edir. Ciddi problemlər var. Cənubi Azərbaycan diaspor nümayəndələrinin mentalitet və yanaşmalarında ciddi fərqlər var. Şimali Azərbaycandan olan diaspor nümayəndələrinin də bəziləri hələ ki, oturuşmayıb. Əfsus olsun ki, ümummilli məsələlərdə vahid nöqtəyə vurmaq hissi və istəyi də kifayət qədər qənaətbəxş deyil. Diasporanın hər hansı bir tədbir keçirmək üçün Azərbaycan dövlətindən vəsait istəməsini anlamıram. Düzdür, müəyyən mənada Azərbaycan dövləti dəstək verə bilər və verir də. Amma əlin-qolunu aşağı salıb bütün günü Azərbaycan dövlətindən pul istəmək, yardım ummaqda diaspora fəaliyyəti deyil. Belə yanaşmanı doğru saymaq olmaz.

 

azay quliyev esas7“Prezidentin 2003-cü ildən sonra elan etdiyi

hücum diplomatiyası artıq bəhrəsini verməkdədir”

Diaspora ona görə formalaşır ki, tarixi vətəninin xaricdə təmsili, onun problemlərinin həlli, ümumi hədəflərə çatması üçün töhvəsini versin. Keçilən nöqtəyə baxdıqda isə, görürük ki, artıq 100 illər boyu ermənilər tərəfindən Azərbaycan haqqında yaradılmış mənfi rəy tamamilə darmadağın olub. Xüsusən cənab prezidentin 2003-cü ildən sonra elan etdiyi hücum diplomatiyası artıq bəhrəsini verməkdə, erməni yalanları ifşa olunmaqdadır. Avropalı diplomatlarla təmaslarımızda bunu yaxından görürük. Azərbaycan multikultral, tolerant dövlətdir, bunu artıq dünya da dərk etməyə başlayıb. Qarşımızda duran birinci məsələ erməni yalanlarını ifşa etmək, Azərbaycan haqqında olan həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir. Böyük bir ölçüdə bu hədəfə çatmışıq. Bundan sonra Dağlıq Qarabağı silah və diplomatiya ilə yanaşı həm də mədəniyyətimizin dünya ictimaiyyətinə təbliği ilə geri almağa çalışmalıyıq. Dünya görməlidir ki,  azərbaycanlılar mədəni baxımdan ermənilərdən nəinki geri qalmır, hətta çox üstündür.

azay-quliyev

“Bəzən Heydər Əliyev Fondunun Avropada olan kilsələrə yardımını bir çoxları dar düşüncə ilə qiymətləndirməyə çalışır”

Dünya ictimaiyyəti  bunu bilir, ancaq təbliğatın miqyasının daha da genişləndirmək lazımdır. Bu istiqamətdə Heydər Əliyev Fondunun rəhbəri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın başçılığı altında dünyada mühüm işlər həyata keçirilir. Bəzən Heydər Əliyev Fondunun Avropada olan kilsələrə yardımını bir çoxları dar düşüncə ilə qiymətləndirməyə çalışır. Onlar bilməlidirlər ki,  bu gün Vatikanda, Parisdə Luvr muzeyində Heydər Əliyev Fondu müəyyən bir layihəyə dəstək verirsə, bunun böyük strateji əhəmiyyəti var.  Bunun müqabilində qazandığımız siyasi və mədəni dividentlər çox böyükdür. Artıq diaspora təşkilatları da fəaliyyətini bu istiqamətdə qurmalı, Azərbaycan dövlətinin xarici siyasət strategiyasını düzgün qiymətləndirməli, çalışmalarını ölkənin müvafiq qurumları ilə doğru koordinasiya etməli və bilməlidirlər ki, dövlətimiz nə qədər qüdrətli olarsa, onların da nüfuzu, hörməti o qədər çox olar, daha artıq dərəcədə onlarla hesablaşarlar. Ona görə də diaspora iqtisadi, siyasi, mənəvi baxımdan güclü olmalı, yaşadığı ölkələrə inteqrasiya etməlidirlər.

 “…bir daha Ermənistanın işğalçı olduğu, onların  azərbaycanlıları etnik təmizləməyə məruz qoyduğu təsdiq olunacaq”

– Aprelin 24-də qondarma erməni soyqırımı yalanının 100 illiyi qeyd olundu. Diqqət etdinizsə, bir çox Avropa dövlətlərində, Papa başda olmaqla, erməni soyqırımının olduğuna dair Türkiyəyə qarşı təzyiqlər oldu. Bütün bu təzyiqlər də siyasi xarakter daşıyırdı. Yəni erməni soyqırımı ilə bağlı hüquqi, tarixi qiymət yoxdur. Sadəcə, siyasi qiymət var. İsveçrədə Perincək məhkəmədə dövlətə qarşı iddianı qazandı. Çünki, erməni soyqırımının hüquqi dayağı yoxdur. Burada Qərbi Azərbaycandan, Xocalıdan olan insanlarımız var. Ölkəmizin bu sahədə hüquqi baxımdan Avropa məhkəmələrində, beynəlxalq tribunallarda hüquqi mübarizəyə başlamasının vaxtı gəlib çatmayıbmı?

– Təbii ki, erməni vandalizmini ifşa etmək üçün mövcud müstəvilərdən biri də beynəlxalq məhkəmələrdir. Azərbaycan dövləti bir neçə il bundan öncə bu cür layihələrə dəstək verib. Hazırda Avropa məhkəməsində Çıraqlı və digərlərinin şikayəti əsasında Ermənistan mühakimə olunur. Çıraqlı ailəsi Laçından deportasiya olunub. Azərbaycan vətəndaşları məhkəmədə yaşamaq hüququnun pozulması, şəxsi əmlakın dağıdılması iddiası çıxış ediblər. Son qərar hələ yoxdur. Amma vəkillər əminliklə deyir ki, Avropa İnsan Haqları Məhkəməsi ədalətli qərar çıxaracaq. Bu olduğu tədqirdə bir daha Ermənistanın işğalçı olduğu, onların  azərbaycanlıları etnik təmizləməyə məruz qoyduğu təsdiq olunacaq. Ona görə də bu cür şikayətlərin sayını artırmaq lazımdır. Bir neçə ay öncə Serj Sarkisyanın hərbi cinayətkar kimi tanınması ilə bağlı petisiya keçirdik və 100 mindən çox imza toplandı. Eyni zamanda, qeyd edim ki, bəzi ermənilər də bu petisiyaya qoşulub. Serj Sarkisyanın özü etiraf etmişdi ki, Xocalı soyqırımının törədilməsində şəxsən iştirak edib. Bu fakt şahid ifadəsi kimi qəbul oluna bilər. Biz bu məsələni gündəmə gətirməyə çalışdıq. Yaxşı olar ki, diaspor nümayəndələrimiz jurnalist qismində Ermənistan prezidentinin iştirak etdiyi xarici tədbirlərə qatılaraq Sarkisyana cinayətkar olması ilə bağlı sual versinlər. Qoy buna Sarkisyan cavab versin. Belə olan halda insanlar biləcək ki, Sarkisyan hərbi canidir və o öz adı ilə çağrılmalıdır. Vaxtilə Şurada bir çox QHT-nin bu istiqamətdə təkliflərini dəstəklədik.  Onlar işğal nəticəsində torpaqlarından qovulan vətəndaşlarımıza hüquqi yardım göstərdilər. Bununla bağlı QHT-in təkliflərini bundan sonra da dəstəkləməyə və onlara maliyyə yardımı etməyə hazırıq.

 

– Azərbaycanda keçiriləcək I Avropa oyunlarına 1 ay vaxt qalır. Bu oyunlar yaxınlaşdıqca ölkəmizə xaricdən olan basqılar da artır. ATƏT-də Azərbaycandan təmsil olunan millət vəkillərindən biri olaraq, bu basqılarla bağlı nə deyə bilərsiniz?

– Ölkəmizə yönəlik bu basqılar gözlənilən idi. Azərbaycan ilk dəfə Avropada keçiriləcək böyük bir idman tədbirinə ev sahibliyi edir. Azərbaycan bu gün bir çox, geosiyasi maraqların toqquşduğu regionda müstəqil siyasət həyata keçirən fəal və nüfuzlu dövlətdir .

1937468_515019001962962_6199275241300681588_n

 “Bu gün faktiki olaraq Azərbaycan bölgədə yeganə dövlətdir ki,

bütün hallarda milli maraqlarını qoruyur”

Ölkəmiz Rusiya ilə bağlı məsələdə sözünü deyir, yeri gələndə çəkinmədən Ukraynaya açıq dəstək verir. Avropa İttifaqı ilə əməkdaşlığı davam etdirir. ABŞ-la münasibətlərini qoruyub saxlayır. Bölgədə indi baş verən hadisələri təhlil etsək görərik ki, ətrafımızda bir dənə də olsun tam müstəqil siyasət yeridən dövlət qalmayıb. İşğalçı Ermənistan haqqında danışmağa isə ehtiyac yoxdur, o forpost rolunu oynayır və marionet bir dövlətdir. Moldova və Gürcüstanın ərazi bütövlüyü ilə bağlı problemləri var. Ukraynadakı vəziyyəti də şərh etməyə ehtiyac yoxdur. Yəni bu gün faktiki olaraq Azərbaycan bölgədə yeganə dövlətdir ki, bütün hallarda milli maraqlarını qoruyur. Bu da dövlət başçısının şəxsi şücaəti, çevikliyi və strateji düşünmə bacarığından qaynaqlanır. Məhz cənab prezident İlham Əliyevin rəhbərliyi altında uğurla aparılan bu siyasət ölkəmizi bir çox geosiyasi burulğandan xilas etdi. 2009-cu ildə Barak Obama Türkiyə Ermənistan sərhədlərinin açılması ilə bağlı görüş üçün İlham Əliyevi dəvət etsə də, prezidentimiz böyük cəsarət göstərərək dünyanın bir nömrəli qlobal gücünün rəhbərinin dəvətini qəbul etmədi. Çünki, bu zaman Azərbaycanın milli maraqları ciddi zərər görəcəkdi. Rusiyanın Gürcüstana hücumu zamanı Azərbaycan Tiflisə dəstək verdi. Bunları Rusiyanın qorxusundan başqa dövlət edə bilməzdi. Lazım gəldikdə Azərbaycanın milli maraqları naminə ölkəmizə bərabər hüquqlu tərəfdaş kimi yanaşmada  ABŞ-ın da xüsusi öhdəliyinin olduğunu xatırlatmaq vacib məsələdir. Hamı deyir ki, birbaşa gəl bizim arenaya daxil ol. Azərbaycan isə təbii olaraq bildirir ki, milli maraqları var. İndiyə kimi ölkəmiz onlara zəruri dəstək verib, qarşılığında onlar bizə nə ediblər? Qarabağı geri qaytarmağa, ədaləti bərpa etməyə yardımçı olublarmı? Hansı haqla kiminsə çətiri altına daxil olmalıyıq. Heç bir yerdən iqtisadi, enerji, siyasi  asıllığımız yoxdur. Yeganə asıllığımız Dağlıq Qarabağ probleminin həlli prosesində onlara verilən mandatın ədalətli istifadəsi ilə bağlı gözləntilərimizdir. Avropa Oyunları kimi mühüm tədbir ərəfəsində bir sıra geosiyasi qüvvələrin, erməni diasporasının və  ölkəmizi istəməyən müəyyən siyasi qrupların maraqları üst-üstə düşür.

 “Azərbaycan növbəti dəfə adını tarixə qızıl hərflərlə yazacaq”

Həmin mərkəzlər birdən-birə bu məsələdə həmrəylik nümayiş etdirir və vahid fəaliyyət proqramı hazırlayırlar. Həmin fəaliyyət proqramı da bütün imkanlardan istifadə edərək Azərbaycanı gözdən salmağa istiqamətlənib. Nə var ki, bir neçə nəfər qanun pozan şəxslər bu gün Azərbaycanda həbsdədir. Avropa Parlamenti və ABŞ-da dinləmələr keçirirlər. Bir neçə dəfə təklif edilib ki, açıq şəkildə müzakirələr həyata keçirək, siz öz, biz də öz iradlarımızı bildirək, görünsün ki, hansı tərəzi daha ağırdır. Qarşıdan parlament seçkiləri gəlir, təbii ki, onların bu oyunları il boyu davam edəcək. Amma ən mühüm məsələ odur ki, Azərbaycan yolundan dönmür. Ölkəmiz Avropa Oyunlarını keçirməklə ciddi bir tarix yazacaq. Şişirdərək iddia edirlər ki, bu tədbirə 10-15 milyard manat pul xərclənib. Bu da tədbiri gözdən salmaq üçün həyata keçirilən kampaniyanın tərkib hissəsidir. Amma cənab prezident açıqlama verdi ki, deyilən bu rəqəmlərdən əslində 10 dəfə az vəsait xərclənib.  Azərbaycanda ən müasir tələblərə cavab verən 70 minə yaxın azərkeş tutumu olan stadion tikilib. Azərbaycan insanı bundan fayda götürməyəcəkmi? İlk Avropa Oyunlarının xalqımız üçün böyük mənəvi, siyasi faydası olacaq. Ölkəmizə qarşı yönələn kampaniya əleyhinə sərt mövqeyimizi bildirməli, milli birlik və həmrəyliyimizi daim nümayiş  etdirməliyik.  Unutmamalıyıq ki, bu təkcə hakimiyyətlə bağlı məsələ deyil, bütövlükdə xalqımızın mənafeyidir. Ona görə də sevinirəm ki, bu məqamda Azərbaycan dövləti ilə xalqı bir yerdədir. Əminəm ki, bu oyunlar yüksək səviyyədə  keçəcək və Azərbaycan növbəti dəfə adını tarixə qızıl hərflərlə yazacaq.

1975265_537305143067681_4119684961119293860_n“Özünü azərbaycanlı hesab etməyən insan üçün əlbətdəki ölkənin başına hansı oyunların açılmasının fərqi yoxdur”

 – Bir var iqtidar-müxalifət qarşıdurması, bir də var dövlət anlayışı. Avropanı daha çox maraqlandıran müəyyən məsələlərin mətbuata çıxarılması və bunlar üzərindən Azərbaycana qarşı psixoloji savaşın aparılmasıdır.  Demək  bu prosesə daxildən dəstək verən insanlarda hələ də dövlətçilik ənənəsi formalaşmayıb. İqtidara qarşı hansısa tənqidi fikirlərin söylənilməsi normal haldır. Amma dövləti maraqların bu zaman hesablanmamasına necə baxırsınız?

– Təəssüf olsun ki, bu cür zehnin sahibləri milli maraqlarla şəxsi maraqları səhv salıb, ikincini üstün tuturlar. Bu isə qəbul edilməzdir. Azərbaycanda siyasi plüralizm, siyasi toplaşma, fikir azadlığı tam təmin olunub. Elə bir adam yoxdur ki, haqlı haqsız tənqidə məruz qalmasın. Prezident dəfələrlə qeyd edib ki, buna dözümlü yanaşır. Amma həddi aşanda, milli maraqlar təhdid ediləndə, bu qəbuledilməz olur. Avropa Oyunları milli bir məsələdir, sanki millət olaraq imtahan veririk. 55 ölkədən 1500 jurnalist Azərbaycana gələcək. 60-a yaxın televiziya tədbiri canlı şəkildə yayımlayacaq. Burada bir xoşagəlməz hadisə olsa, ondan təkcə iqtidarmı zərər görəcək? Özünü azərbaycanlı hesab etməyən insan üçün əlbətdəki ölkənin başına hansı oyunların açılmasının fərqi yoxdur. Bəzən bilmədən xarici avantüranın güdazına gedirik. 2012-ci ildə Azərbaycan “Eurovision” mahnı müsahibəsinə ev sahibliyi etdiyi zaman həmin qüvvələr ölkəmizin əleyhinə kampaniya aparırdılar. Mövzu tapmadıqlarından azərbaycanda  seksual azadlıqların müdafiəsi məsələsini ortaya atmağa çalışırdılar. Bu planlaşdırılmış təxribat idi. Yaxud gələn xarici jurnalistləri Azərbaycanın harda çökəklik yerləri vardısa, aparıb nümayiş etdirirlər. Beləliklə, guya Azərbaycanda inkişafın olmadığı obrazını yaratmağa çalışırdılar. Buna nə ad vermək olar?

 “Məqsəd isə guya insan haqlarının pozulduğu bir ölkədə erməni icmasının yaşaya bilməyəcəyini beynəlxalq ictimaiyyətə göstərməkdən ibarətdir”

Vurğulamaq istədiyim odur ki, bəzi siyasi dairələr Azərbaycana qarayaxmaq üçün hər zaman bəhanə tapmağa hazırdılar. Onu da unutmayaq ki, bu Ermənistanın və erməni diasporasının son iki ildə qarşısına qoyduğu başlıca məqsəddir. Onlar Dağlıq Qarabağın Azərbaycandan qopardılmasını legitimləşdirmək üçün ölkəmizdə guya insan haqlarının pozulduğunu böyük bir siyasi kampaniyaya çevirməyə çalışırlar. Məqsəd isə guya insan haqlarının pozulduğu bir ölkədə erməni icmasının yaşaya bilməyəcəyini beynəlxalq ictimaiyyətə göstərməkdən ibarətdir.  Onların niyyəti əlbətdəki heç də burada kiminsə hüquqlarını müdafiə etmək deyil. Bizim də bəzi bədxahlarımız bilərəkdən, ya da bilməyərək bu işə qol qoyurlar. Heç də iddia olunmur ki, Azərbaycanda hər şey əladır, ölkəmizdə insan haqları heç zaman pozulmur. Problemlərimiz var. Hökumətimiz bunu bilir. Mövcud nöqsanlarla, o cümlədən korrupsiya ilə mübarizə üçün çoxsaylı addımlar atılıb və bu davam etməkdədir. Bu məqsədlə dünyada anoloqu olmayan ASAN xidmət mərkəzləri yaradılıb. Dünyanın heç bir ölkəsi ideal deyil. ABŞ-da irqi ayrı-seçkilik zəmnində bilirik ki, hər il nə qədər qətllər törədilir. Ölkəmiz heç zaman insan haqlarının qorunmasına qarşı çıxmır. Şura olaraq bu istiqamətdə onlar, yüzlərlə layihəyə dəstək vermişik.  Amma bilirik ki, bu cür kampaniyanın məqsədi insan haqları deyil. Ona görə bu məsələlərə konkret münasibət bildirilməlidir.

404163_203455116452687_1603645027_n (1) “Dövlət QHT sektorunu dəstəkləyir, ona maliyyə ayırır,

öz tərəfdaşı kimi görmək istəyir”

 – Belə bir söz var, Marksı ən yaxşı Lenin anladı, amma o da səhv başa düşdü. Azərbaycanda QHT sektoru daha çox Açıq Cəmiyyət İnstitutu, Soros Fondu və Avrasiya Fondunun dəstəyi ilə yarandı. Bu gün aktivistlərin əksəriyyəti də QHT sektorunda olan insanlardır. QHT sektorunda olmaq Azərbaycanın əleyhinə olmaqdırmı?

– Tamamilə belə deyil. Yanlış yanaşma var. QHT sektoru təkcə onlardan ibarət deyil.  Dediyim adamlar QHT sektorunda 10 nəfər olar-olmaz. Burada vətənini sevən minlərlə insan çalışır, böyük ziyalı potensialı var. Ölkəmiz əleyhinə olan QHT nümayəndələri isə bütün sektorun heç yüzdə bir faizini təşkil etmir. QHT sektoru bu gün Azərbaycanın inkişafı, milli maraqları üçün böyük işlər görür. Dövlət QHT sektorunu dəstəkləyir, ona maliyyə ayırır, öz tərəfdaşı kimi görmək istəyir. Bəli, dediyimiz bəzi qurumlar vasitəsi ilə vaxtilə QHT sektoruna sızdırılan, Azərbaycanın milli maraqlarını tapdalayan şəxslərdə var. Ancaq onların müstəqil dövlətçiliyini sevən QHT sektorumuza heç bir aidiyyatı yoxdur. Leyla Yunus iddia edirdi ki, xalq diplomatiyası ilə məşğuldur və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ konfliktinin həllinə töhvə vermək istəyir. Amma o bu günə qədər bir dəfə də olsun heç bir yerdə Azərbaycanın milli maraqlarını qorumayıb, Ermənistanın işğalçı olduğunu bəyan etməyib. Xalq diplomatiyası heç də Leyla Yunusun dediyi kimi deyil. Xalq diplomatiyası Ermənistanın işğalçı nəticələrinin aradan qaldırılması, beynəlxalq müstəvidə  BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrası istiqamətində fəaliyyət göstərməkdən ibarətdir. Onların xalq diplomatiyası anlayışı Qarabağın işğalını unutdurmaq, ermənilərlə birgə oturub, yeyib-içib, şənlənmək anlayışından ibarətdir. İkinci məqamda isə işğal faktını legitimləşdirməkdən ibarətdir. Ona görə də bu adamlar QHT adı altında Azərbaycanın milli maraqlarını təhdid edən insanlardır. İctimaiyyət bilsin ki, QHT deyəndə Azərbaycana qarşı olan bu iki-üç nəfər nəzərdə tutulmur. QHT ciddi misiyası olan, yaşadığı dövlətin və insanların maraqlarını qoruyan, bu istiqamətdə töhvə verən qurumlardır. QHT sektorunu heç bir halda ləkələmək olmaz. Onu bir neçə nəfərə görə ümumiləşdirərək, pisləmək olmaz.

 “Bir çox QHT-də ümumiyyətlə ideya qıtlığı hökm sürür”

 – Bu gün QHT-rin bir qismi sırf dövlətimiz əleyhinə fəaliyyət göstərir. Amma bununla belə, daim yuxarıdan əmr gözləyərək verilən bəyanatları nöqtə-vergülünə dəymədən mətbuata göndərən, ümumiyyətlə fəaliyyətsiz QHT-lər də var…

– Təəssüf ki, bu da bir həqiqətdir və dəfələrlə tənqid etdiyimiz haldır.  Bəzi QHT-lərə qrant verməyəndə olmazın yalan-böhtan atırlar. Bir çox QHT-də ümumiyyətlə ideya qıtlığı hökm sürür. Təşəbbüsçülük azdır. Elə QHT-lər var ki, ya kimdənsə tapşırıq gözləyir, ya da şablon şəklində layihələr təqdim edirlər. Bir çox QHT-nin də sanki əsas məqsədi ancaq  qrant almaqdır. Onlar bilməlidirlər ki, qrant almaq QHT-nin əsas məqsədi deyil. Qrant təşəbbüslərin həyata keçirilməsi üçün bir vasitədir. Həqiqətən də QHT-lərdə müəyən qədər ətalət hökm sürür, təşəbbüs aşağı səviyyədədir. Milli məsələlərlə bağlı çoxsaylı hadisələr baş verir, amma bəzən görürsən ki,  QHT-lər buna münasibət bildirməkdə laqeydlik nümayiş etdirirlər. Milli məsələlərlə bağlı QHT-lərin daha çox fəallıq nümayiş etdirmələri lazımdır. Hardakı obyektiv, xoş niyyətli tənqid var, hökumət ona müsbət yanaşır. Heç bir hökumət QHT-in özünə qarşı çıxmasını istəməz. Ağıllı hökumətlər QHT-lə dost olur. Çünki onlar hökumətin görə bilmədiyi problemləri aşkara çıxararaq cəmiyyətə təqdim edirlər, həlli yollarını arayırlar. Azərbaycan Prezidenti yanında fəaliyyət göstərən QHT-lərə Dəstək Şurası da məhz ona görə yaradıldı ki, QHT-lə hökumət arasında etibarlı körpü olsun. Ancaq əlbətdəki, Azərbaycanın milli maraqları cəmiyyətin bütün təbəqələri, o cümlədən də vətəndaş cəmiyyəti inistitutları tərəfindən hər zaman uca tutulmalıdır.

Söhbətləşdi: Aqil ƏLƏSGƏR

Qələmə aldı: Sevər ŞAKİRQIZI

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600