!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İcra başçısı iş adamına necə uduzdu?

!Reklam – Yazi

i69Bir neçə gün əvvəl mətbuatda Gədəbəy rayon icra başçısının sahibkara uduzması ilə bağlı xəbərlər dərc olunmuşdu.

Bildirilirdi ki, iş adamı Oqtay Əliyevə məxsus turizm obyekti Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz olaraq sökülüb. Sahibkar 170 min manata başa gələn həmin obyektin uçurulması ilə bağlı Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Məhkəmə işi araşdırıb və xüsusi ekspertizanın rəyini nəzərə alaraq təsdiq edib ki, Əliyev Oqtay İbrahim oğluna məxsus həmin turizm obyekti həqiqətən də Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən əsassız olaraq sökülüb. Nəticədə, məhkəmə Gədəbəy Rayon İcra Hakimiyyətindən 66 626 manatın tutulub iddiaçı Əliyev Oqtay İbrahim oğlunun xeyrinə ödənilməsi ilə bağlı qərar çıxarıb.

Gədəbəy Rayon İcra Hakimiyyəti sözügedən məsələyə münasibət bildirib. İcra hakimiyyətindən AzNews.az-a daxil olan məlumata görə, mətbuatda gedən yazılar həqiqətə uyğun deyil və böhtan xarakteri daşıyır. Gədəbəy rayonu İcra hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Rüstəm Nağıyevin redaksiyamıza göndərdiyi təkzib məktubunun mətnini olduğu kimi təqdim edirik:

“Son vaxtlar bəzi mətbuat orqanlarında, onların internet saytlarında Gədəbəy rayonu İcra hakimiyyətinin başçısı və yaxud ayrı-ayrı Dövlət qulluqçuları haqqında həqiqətə uyğun olmayan, böhtan xarakterli yazılar dərc olunur. Həmin yazılardan biri də özünü iş adamı kimi qələmə verən Gədəbəy rayonunun Plankənd kəndində anadan olub, hazırda Bakı şəhərində yaşayan Əliyev Oktay İbrahim oğluna məxsus turizm obyektinin Rayon İcra hakimiyyəti başçısı tərəfindən sökülməsi ilə bağlıdır.

Belə ki, həmin yazıların birində sahibkar Oktay Əliyevin Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət etməsi və qarşı tərəfin, yəni Rayon İcra hakimiyyəti başçısının uduzması göstərilib.

Həqiqət isə belədir. 20 iyun 2013-cü il tarixdə Oktay Əliyev Gədəbəy Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin rəhbərliyi ilə “Meşə fondu sahələrindən elmi tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi barədə” müqavilə imzalayıblar. Həmin müqavilə 26 iyun 2013-cü il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin rəhbərliyi tərəfindən təsdiq olunub.

Bu müqavilənin birinci yarımbəndində qeyd olunub ki, “İstifadə üçün müəyyən olunmuş sahədə və onun əhatəsində heç bir əsaslı tikinti aparmadan meşə fondu torpaqlarının vəziyyətinin pisləşdirmədən, ətraf mühitə zərər vurmadan, özbaşına qırıntıya yol vermədən, meşədə yanğına qarşı təhlükəsizlik, sanitariya-gigiyena qaydalarına əməl etməklə, ərazidə müvafiq olaraq çadır tipli və sökülüb-yığılan yüngül konstruksiyalı qurğulardan istifadə etmək”.

Lakin Oktay Əliyev tərəfindən bu müqavilənin şərtləri kobud şəkildə pozulub. Belə ki, meşə fondu torpağında aparılan həmin tikinti işləri heç bir layihəyə əsaslanmayıb, Rayon İcra hakimiyyəti ilə razılaşdırılmayıb (hətta layihə olsa belə torpağın təyinata uyğun olmaması səbəbindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 10.2, 11.3.4 maddələrinə əsasən razılaşdırıla bilməz). Tərəflər arasında mövcud olan müqaviləyə əsasən istifadəçiyə, götürülmüş 0,20 ha meşə fondu torpağında heç bir əsaslı tikinti aparmadan, ətraf mühitə zərər vurmadan ancaq çadır tipli və sökülüb yığılan yüngül konstruksiyalı qurğulardan istifadəyə icazə verilib, lakin müqavilə şərtləri pozularaq ərazidə əsaslı tikinti işləri aparılıb.

Ona görə də Gədəbəy Meşə Mühafizəsi və Bərpası Müəssisəsi və Gədəbəy rayonu İcra hakimiyyəti, cavabdeh Əliyev Oktay İbrahim oğluna qarşı “Qanunsuz tikintinin öz hesabına sökülməsi” tələbinə dair iddiasına Gədəbəy Rayon Məhkəməsində baxılaraq, məhkəmənin 02 mart 2015-ci il tarixli 2(041)-129/2015-ci il nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Əliyev Oktay İbrahim oğlu tərəfindən meşə fondu sahəsi hesab edilən Gədəbəy rayonunun Qalakənd kəndi ərazisində, Gədəbəy Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Qalakənd meşəbəyliyinin 21-22-ci kvartalının 13.1-6 bölməsində qanunsuz olaraq divarları mişar daşından, bünövrəsi betondan tikilmiş olan əsaslı tikintilər cavabdehin öz hesabına sökülməsi barədə qətnamə çıxarılıb.

Əliyev Oktay İbrahim oğlu bu qətnamədən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verib, Gəncə Apellyasiya Məhkəməsində onun özünün iştirakı ilə 07 may 2015-ci il tarixdə məsələyə baxılıb Oktay Əliyevin Apellyasiya şikayəti təmin edilməyib.

O ki, qaldı Ali Məhkəmənin İnzibati-iqtisadi Kollegiyasının 18 iyun 2015-ci il tarixli qərarına. Həmin qərarla Gəncə Apelliyasi Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 14 aprel 2015-ci il tarixli, 2-1(104)-108/2015-ci saylı qərardadı ilə işə mahiyyəti üzrə baxılması üçün Gəncə Apelliyasi Məhkəməsinə göndərilib. Bu isə Oktay Əliyevin məhkəmə prosesini udması demək deyil. Hələ məhkəmə prosesi davam edir.

Yeri gəlmişkən onu da qeyd edim ki, Oktay Əliyevin qardaşı Surxay Əliyev “Bizim dövr” qəzetinin baş redaktorudur. “Bizim dövr” qəzeti o, qəzetdir ki, böhtan və qərəzli yazılarına görə adı Azərbaycan Mətbuat Şurasının qara siyahısına düşüb, rekert qəzeti kimi tanınır. İyun 2014-cü il tarixdən bu günədək həmin qəzetdə Gədəbəy rayonunun vəzifəli şəxsləri, Dövlət qulluqçuları barədə şərəf və ləyaqəti alçaldan, böhtan, hətta belə söyünc və təhqirlər yazmaqdan çəkinmirlər. Həmin qərəzli yazılara da səbəb məhz Oktay Əliyevin qanunsuz tikdirmək istədiyi həmin turizm obyektinin qarşısının alınması ilə bağlıdır.

Yəqin ki, rayon rəhbərliyinə qara yaxmağa, görülən işlərə kölgə salmağa çalışan Oktay Əliyev kimi bəzi insanlar gec-tez öz səhvlərini başa düşəcək və həmin insanlardan üzr istəyəcəklər”(aznews).

www.yenicag.az

539
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv