İcra hakimiyyəti 4 nəfəri həcc ziyarətinə göndərib
Səbail rayonunda 2014-cü ilin 9 ayının yekunları müzakirə olunub.
İclası giriş sözü ilə açan Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verib: “Doqquz ay ərzində ölkəmiz dinamik inkişaf edib, ümumi daxili məhsul 2,5 % artıb, qeyri-neft sektorunda inkişaf 6,0 %, inflyasiya cəmi 1,5% səviyyəsində olub, əhalinin pul gəlirləri 5,4% artıb. İlin əvvəlindən ölkəmizin maliyyə resursları 3 milyard 600 milyon dollar artaraq 53 milyard dollara çatıb.
Hesabat dövründə Səbail rayonu üzrə iri sənaye müəssisələri tərəfindən 16 milyard 931,4 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,3 % çox sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib.
Nəqliyyat müəssisələri tərəfindən 350,5 milyon manatlıq nəqliyyat xidmətləri göstərilib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 1,4 % çoxdur. Rabitə müəssisələri tərəfindən 156,1 milyon manatlıq və ya keçən ilin müvaifq dövrü ilə müqayisədə 1,1 % çoxdur.
Bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 2 milyard 939,7 milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 100% təşkil edir. Tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 1 milyard 627,0 milyon manat olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tikinti quraşdırma işləri 55,3 % çoxdur.
9 ay ərzində Səbail rayonu ərazisində 1383 yeni iş yeri açılıb. Bunlardan hamısı daimi iş yerləridir.
Avqust ayında 250 nəfər yeniyetmənin Quba rayonunda «Şahinlər» və 100 nəfər yeniyetmənin Qusar rayonunda «Gənc Heydərçilər» yay istirahət düşərgələrində pulsuz istirahəti təşkil olunub, RİH-nin dəstəyi ilə 4 nəfərin həcc ziyarətinə göndərilib”.
Tədbirdə Dövlət Qulluqçularının peşə bayramı ilə əlaqədar təltif olunmuş Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Eldar Ağayevə «Dövlət qulluğunda fərqlənməyə görə» medalı, dövlət başçısının sərəncamı ilə «Əməkdar müəllim» fəxri adı alan və «Tərəqqi» medalı ilə təltif olunan rayon pedaqoji işçilərinə RİH-nin qiymətli hədiyyələri təqdim olunub.
İclasda RİH-nin şöbə müdiri Qabil Vahidov, Gənclər və İdman İdarəsinin rəisi Vüqar Mürsəlov, rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Sara Həsənova və başqaları çıxış ediblər.