Bir neçə gün öncə paytaxtdakı gecə klublarının birində baş verən partlayış müəyyən problemləri, o cümlədən təhlükəsizliklə bağlı məsələni yenidən aktuallaşdırıb. Məlumdur ki, ictimai iaşə müəssisələrində qaz təchizatı ilə bağlı qaz balonlarından istifadə olunması qadağandır. Lakin son hadisə göstərir ki, bu qadağaya əməl etməyənlər də var.
Mövzu ilə bağlı təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Yenicag.az-a açıqlamasında bildirib ki, təhlükəsizliyin təminatı obyekt sahibləri ilə yanaşı, vətəndaşların da üzərinə düşür:
“İnsanların sıx şəkildə toplaşdığı məkanlarda qaz təchizatından istifadəyə qadağa qoyulması vətəndaşların sağlamlığının təhlükə altında qoymamaqdan irəli gəlir. Əslində, ictimai iaşə müəssisələri elə ərazilərdə seçilməlidir ki, hansısa bədbəxt hadisə zamanı daha çox insan xəsarət almasın. Ona görə də təhlükəsizlik qaydalarına riayət etməklə yanaşı, nəzarət mexanizmi də tətbiq olunmalıdır. Ümumiyyətlə, obyektlərdə propan qaz balonlarının istifadəsi olduqca təhlükəlidir. Bu qaz balonlarının partlaması çox böyük və dağıdıcı gücə malikdir. Çünki 1 kvadrat metrlik otaqda qaz balonundan sızmanın 2-3 faiz olması güclü partlayışın baş verməsi üçün yetərlidir. 10-15 kvadratmetrlik otaq üçün isə yüz minlərlə ton zərbə qüvvəsi deməkdir. Maye qazlarda bu göstərici 4-5 faizi əhatə edir.
Bu gün Bakıda yerləşən istər yeni, istərsə də köhnə tikililərin əksəriyyətinin zirzəmisində kafe, bar və çay evləri fəaliyyət göstərir. Bu ictimai iaşə obyektlərinin çoxunda propan qaz balonlarından istifadə olunur. Sözügedən qaz balonlarından geniş istifadə təhlükə riskini daha da artırır. Ona görə də bu məsələ ilə bağlı geniş konsepsiyanın hazırlanması vacibdir. Konsepsiya çərçivəsində bütün obyektlərin təhlükə riskləri qeydə alınmalı və önləyici tədbirlər planı tətbiq olunmalıdır. Nəticədə bədbəxt hadisə baş verərsə, daha az zərərlə qurtulmaq mümkün ola bilər”.
Gülşən Şərif
www.yenicag.az