İlham Əliyevə təbrik məktubları ünvanlandı
BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell Azərbaycan prezidenti İlham Əliyev doğum günü münasibəti ilə təbrik edib.
Q. Birrellin məktubunda deyilir:
“Hörmətli cənab Prezident, Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə və ailənizə möhkəm cansağlığı, firavanlıq diləyirəm. Fürsətdən istifadə edərək, Sizi və Azərbaycan xalqını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik etmək istəyirəm. Sizə və Azərbaycan xalqına müvəffəqiyyət, rifah arzu edirəm.
Bizim işimizi və səylərimizi yüksək qiymətləndirdiyinizə görə Sizə çox minnətdaram. Bu yaxınlarda məni ali dövlət ordeni ilə təltif etdiyiniz üçün təşəkkürümü bildirmək istəyirəm.
BP şirkəti olaraq, biz Azərbaycana böyük önəm veririk və buradakı fəaliyyətimizlə çox qürur duyuruq. Bu illər ərzində biz regionda əhəmiyyətli layihələr həyata keçirmişik. Layihələrimizə və əməliyyatlarımıza verdiyiniz əvəzsiz dəstəyə görə Sizə şəxsən təşəkkür etmək istəyirəm. Biz Azərbaycan hökuməti ilə əməkdaşlığı yüksək qiymətləndirir, bu məhsuldar və etibarlı əməkdaşlığın gələcəkdə də davam edəcəyinə ümidvarıq. Bir daha vurğulamaq istəyirik ki, BP şirkəti Azərbaycan hökuməti qarşısında götürdüyü öhdəliklərə sadiqdir və həmin öhdəlikləri yerinə yetirmək üçün səylərini əsirgəməyəcək”.
Çin Xalq Respublikasının sədri Si Tszinpin Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.
S. Tszinpinin məktubunda deyilir:
“Hörmətli cənab Prezident, doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı bildirmək istərdim. Azərbaycan qədim İpək Yolu üzərində yerləşən mühüm ölkədir. Tarix boyu ölkələrimiz arasında dostluq münasibətləri mövcud olub. Dövlətlərimiz arasında diplomatik münasibətlər yaradılmasından keçən 22 il ərzində ölkələrimizin dostluq münasibətlərində qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı fayda prinsiplərinə əsaslanan sürətli tərəqqi əldə edilib. Bu hədəfə nail olmaq işinə şəxsən Sizin mühüm töhfənizi yüksək qiymətləndirirəm.
Bu ilin mayında Siz Çin Xalq Respublikasında səfərdə olarkən, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Zirvə Toplantısında ikitərəfli münasibətlərin dərinləşməsinə dair fikir mübadiləsi apardıq, səmimi və praqmatik söhbətimiz oldu. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm, ölkələrimizin xalqlarının mənafeyi naminə bu əlaqələrin daha yüksək səviyyəyə çatdırılması üçün Sizinlə birlikdə işləməyə hazırıq. Sizə möhkəm cansağlığı, bütün işlərinizdə uğurlar diləyirəm. Ölkənizə firavanlıq, xalqınıza xoşbəxtlik arzu edirəm”.
Qırğızıstan prezidenti Almazbek Atambayev də Azərbaycan prezidentini doğum günü münasibəti ilə təbrik edib. A. Atambayevin məktubunda deyilir:
“Hörmətli İlham Heydər oğlu, doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Qırğızıstanda Sizi Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında dostluğun və qarşılıqlı faydalı əməkdaşlığın inkişafının ardıcıl tərəfdarı kimi tanıyırlar. Əminəm ki, bizim birgə səylərimiz sayəsində Qırğızıstan-Azərbaycan qardaşlıq münasibətləri ölkələrimizin və xalqlarımızın rifahı naminə daha da möhkəmlənəcək. Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”.
Azərbaycan prezidentini doğum günü münasibəti ilə həmçinin Özbəkistan prezidenti İslam Kərimov təbrik edib. İ. Kərimovun təbrik məktubunda deyilir:
“Hörmətli İlham Heydər oğlu, doğum gününüz münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin. Bu gün biz Sizin rəhbərliyinizlə Azərbaycanda dövlət quruculuğu və ictimai quruculuq, iqtisadiyyat və sosial inkişaf sahələrində genişmiqyaslı dəyişikliklərin və əsaslı islahatların həyata keçirilməsinin, ölkənizin beynəlxalq arenada nüfuzunun möhkəmlənməsini təmin edən ardıcıl və prinsipial xarici siyasət kursunun şahidiyik.
Əminəm ki, ənənəvi dostluq, qarşılıqlı etimad və bir-birinin maraqlarına hörmət prinsipləri üzərində qurulan Özbəkistan-Azərbaycan strateji tərəfdaşlığı bundan sonra da ölkələrimizin və xalqlarımızın mənafeyi naminə çoxplanlı və qarşılıqlı faydalı əməkdaşlığımızın sarsılmaz əsası olaraq qalacaq. Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, ailə səadəti və firavanlıq, qardaş Azərbaycan xalqına sülh və tərəqqi arzularımı bildirmək istəyirəm”.