İngiltərədə yeni dinozavr növü kəşf edildi
İngiltərənin Vayt adasında aparılan araşdırmalar nəticəsində “Istiorachis macarthurae” adlı yeni dinozavr növü müəyyənləşdirilib. Alimlər hesab edir ki, bu növün kürəyindən quyruğuna qədər uzanan yelkənəbənzər quruluş cinsi seçmə nəticəsində formalaşıb.
Yenicag.az xəbər verir ki, Portsmouz Universitetində araşdırma aparan tədqiqatçı Ceremi Lokvud fosillərin digər “iguanodontia” qrupuna aid növlərdən fərqləndiyini aşkar edib.
Onun sözlərinə görə, dinozavrın belindəki uzun sinir çıxıntıları sayəsində “yelkən” quruluşu formalaşıb.
Alimlər bu xüsusiyyətin, əsasən, potensial partnyoru cəlb etmək və ya rəqibləri qorxutmaq məqsədi daşıdığını ehtimal edirlər.
Lokvud yeni növə 2005-ci ildə dünya ətrafında ən sürətli fasiləsiz yelkənli səyahət rekordunu qıran Ellen MakArturun şərəfinə “Istiorachis macarthurae” adını verib.
Mütəxəssislər hesab edirlər ki, bu kəşf muzey kolleksiyalarının elm üçün nə qədər vacib olduğunu bir daha göstərir.