Hüseyn Böyükfırat: “Azərbaycanın gələcəyini çox parlaq görürəm”
“Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi” (TÜİB) qlobal iqtisadi əlaqələrin yenidən tənzimləndiyi bir mühitdə, çox önəmli bir missiyanı öz üzərinə götürüb. “Millətimiz və dövlətlərimiz varsa, biz də varıq!” şüarı ilə fəaliyyət göstərən iş adamları öz sahələrində əldə etdikləri uğurlarla yanaşı, xalqımızın rifah halının yaxşılaşdırılması üçün öz üzərilərinə düşən vəzifələri də layiqincə yerinə yetirirlər. Müsahibimiz TÜİB İdarə Heyətinin sədri, iş adamı Hüseyn Böyükfıratdır.
– Hüseyn bəy, nə vaxtdan Azərbaycanda yaşayırsınız və buraya gəlişinizin ilkin səbəbi nə olub?
– Azərbaycana ilk dəfə 1992-ci ildə ali təhsil almaq üçün gəldim. O zaman Nəriman Nərimanovun adını daşıyan indiki Azərbaycan Dövlət Tibb Universitetinə daxil oldum. Əczaçılıq ixtisası üzrə təhsil almağa başladım. Azərbaycanın müstəqilliyinin ilk illərinə, mənim isə tələbəlik dövrümə təsadüf edən həmin dövr çox çətin idi. Bütün çətinliklərə, çatışmazlıqlara rəğmən, ali təhsilimi başa vurdum. Hələ tələbə olarkən əhatəmdəki bəzi tanışlarla iş ortaqlığım var idi. Əczaçılıq ixtisası üzrə təhsil aldığım üçün bizim burada bir sağlıq mərkəzimiz oldu. O sağlıq mərkəzi indi də var. Plastik qapı-pəncərə istehsalı üzrə Almaniyanın məşhur şirkətinin Azərbaycanda təmsilçisi olmaq hüququnu əldə edə bildik. Burada eynən həmin keyfiyyətdə istehsal qurduq. Ən nəhayət, bir tələbənin qürbətdə tez-tez üzləşdiyi qidalanma problemini də Urfa-Anadolu mətbəxinin kiçik bir nümunəsini müştərilərə təklif edə bilən restoran açdıq. Beləliklə də, 1992-ci ildən 2000-ci ilə qədər Bakıda yaşayaraq həm ali təhsil aldım, həm də iş qurub çalışmağa, ictimai-sosial-ticari sferada aktivlik nümayiş etdirməyə başladım.
– Nə üçün ali təhsil almaq üçün məhz Azərbaycanı seçdiniz?
– O dövrlərdə Türkiyə televiziyası, türk mediası Bosniya və Herseqovina, Azərbaycan barədə sürəkli xəbərlər, süjetlər verir, buradakı müstəqillik mücadiləsindən reportajlar yayırdılar. Xüsusən də Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan ərazilərinə Ermənistanın təcavüzü, mitinqlər və sair kimi məsələlər gündəmdə saxlanılırdı. İnsanlarımız buna təpki verir, duyğulanır, hətta ağlayır, Azərbaycan insanının dərdinə mənən şərik çıxırdılar. O zamanlar türk insanı əlindən nə gəlirdisə, onu edirdi. Kimisi duası, kimisi əməli ilə öz münasibətini büruzə verirdi. Təbii olaraq, bizlər də bu duyğularla yaşayırdıq. Ona görə də, Azərbaycanda ali təhsil almaq seçimində bu duyğular mühüm rol oynadı. Bu duyğuların təsiri ilə də Azərbaycana, paytaxt Bakıya gəldim. İndi o illərə çevrilib baxanda öz-özümə deyirəm: yaxşı ki, belə seçim etdim, yaxşı ki, belə oldu. Yəni, seçimimdən peşman deyiləm.
– O zaman valideynləriniz buna necə reaksiya verdilər?
– Əlbəttə ki, xarici ölkəyə getmək istəyən bir gəncə onun valideyninin verəcəyi ilk reaksiya – haraya, kimin yanına, nə üçün gedirsən kimi suallar olur. Lakin burası da var ki, Azərbaycana mən tək gəlmədim. 20-30 nəfər dost-tanış, qohum bərabər şəkildə Bakıya gəldik. Hamımız bir-birimizə əmanət edilmişdik.
– Qeyd etdiniz ki, əczaçılıq ixtisası üzrə tibb təhsili alıbsınız. Nə üçün tibb sahəsinə deyil, sahibkarlığa, iş adamı olmağa maraq göstərdiniz?
– Tələbə olmazdan öncə də ticari əlaqələrin içində olan bir şəxs idim. Türkiyədə yaşadığım qəsəbədə babamın, atamın böyük təsərrüfatı, əkin sahələri var idi. Uşaq vaxtlardan bu çalışqanlığı görmüşəm. Hələ orta məktəbdə oxuyarkən tarlalarda çalışan işçilərimizin hesab-kitabını aparırdım. Misal üçün, pambıqçılar hər axşam yığdıqları pambığı gətirib təhvil verirdilər, mən də onları qeydə alırdım. Bütün bunlar təhsillə yanaşı, ticarətin içində böyüməyimə səbəb olurdu.
– Hazırda Azərbaycanda fəaliyyətiniz, həyata keçirdiyiniz layihələr nədən ibarətdir?
– Şəxs olaraq tək özümün deyil, bizim Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) Bakıda bir çox layihələri var. Bu məqamda xüsusilə vurğulamaq istərdim ki, müsəlman Şərqində ilk Demokratik Cümhuriyyətin 100 illiyini qeyd edən Azərbaycan və bir neçə il sonra müstəqilliyinin 100 illiyini qeyd edəcək Türkiyə arasında çox sıx əlaqələr var. Çanaqqala savaşında azərbaycanlılar türk qardaşlarına yardım etmiş, düşmənə qarşı savaşmışlar. 1918-ci ildə Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu Azərbaycanın yardımına gəlib. 1920-ci ildə Azərbaycana Nəriman Nərimanovun rəhbərlik etməsindən sonra da Türkiyə ilə münasibətlər qırılmayıb. 1921-ci ildə Türkiyənin apardığı milli mücadilənin ən qızğın günlərində Mustafa Kamal Paşa Nəriman Nərimanova məktub yollayaraq ondan maddi kömək – borc pul istəyib. “Paşam, qardaş qardaşa borc verməz, əl tutar” deyən Nərimanov, dərhal yardım əlini uzadıb. Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir” və Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fikirləri isə iki ölkə arasındakı münasibətlərin tarixini, bu gününü və perspektivlərini özündə dəqiq ifadə edən ən mükəmməl formul kimi qəbul edilir. Bir sözlə, Azərbaycan və Türkiyəni bir-biri ilə bağlayan dəyərlər, ortaq tarix var. Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi olaraq Azərbaycanda həyata keçirdiyimiz layihələr də bu cür maddi-mənəvi dəyərlərə, ortaq tarixə söykənir. Türkiyəli iş adamı Azərbaycana gələrkən sadəcə, iş qurmaq, pul qazanmaq barədə düşünmür. Misal üçün deyə bilərəm ki, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralın da iştirakı ilə ötən il TÜİB Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində olub. Əvvəlcə qeyd edim ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilən Cocuq Mərcanlı kəndi Prezident İlham Əliyevin diqqət və qayğısı ilə tamamilə yenidən qurulub, bütün dünyaya nümayiş olunub. Bu siyasətə dəstək olaraq, TÜİB də Cocuq Mərcanlıda yaşayan insanlara dəstək olmağa çalışıb. Cocuq Mərcanlı kənd orta məktəbinin kitabxanasına TÜİB üzvləri tərəfindən min ədəd kitab hədiyyə olunub. Türkiyənin dünya şöhrətli “DünyaGöz” xəstəxanasının Bakıdakı nümayəndəliyi tərəfindən yerli sakinlər üçün pulsuz göz müayinəsi, “Türk-Amerikan Medikal Center” tərəfindən “Sağlamlıq müayinəsi” təşkil edilib. Bundan başqa, Türkiyənin iş adamları uzun illərdən bəri istifadəsiz qalmış əkinə yararlı torpaqların yenidən əkin dövriyyəsinə qatılmasına və kənd təsərrüfatının önəmli sahələrindən biri olan heyvandarlığın inkişaf etdirilməsinə, sakinlərin iş vərdişlərinin və yaşayış imkanlarının bərpasına dəstək veriblər. Beləliklə də insanların sosial ehtiyaclarının təmin edilməsi üçün Cocuq Mərcanlının inkişafı layihəsi həyata keçirilib. TÜİB bu layihədə maddiyyatdan daha çox, mənəviyyatı düşünüb. Çünki, Türkiyə varsa, Azərbaycan varsa bizlər də varıq, iş adamları da vardır. İnsan malından, canından daha çox dövlətini sevməli, qorumalı, onun inkişafına dəstək verməlidir.
– Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində hansı işləri görürsünüz?
– Azərbaycandan kənarda, o cümlədən Türkiyədə Dağlıq Qarabağ münaqişəsi, 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi, hüquqlarının pozulması, Xocalı soyqırımı barədə tədbirlər təşkil edir, görüşlər keçiririk. Xocalı soyqırımının 25 illiyində Türkiyədə, Azərbaycandan gələn heyətin prezident Rəcəb Tayyib Ərdoğanla görüşü oldu. Türkiyə Böyük Millət Məclisində ilk dəfə Azərbaycan bayrağı açıldı. Hansı ki, qanunlara görə, Türkiyə bayrağından başqa heç bir bayraq o Məclisdə açılmır. Azərbaycandan olan millət vəkili Elman Məmmədov da bizim nümayəndə heyətinin tərkibində bütün tədbirlərdə iştirak etdi, Xocalı Soyqırımının canlı şahidi kimi fikirlərini geniş ictimaiyyətə çatdırdı. Beləliklə də, bir daha nümayiş olundu ki, Azərbaycanın dərdini öz dərdimiz hesab edirik. Bundan başqa, ticari sərgilərdə Azərbaycanın tanıdılması üçün həyata keçirilən layihələrimiz də var. Görülən işlərə əlavə olaraq, Türkiyədən Azərbaycana mədəniyyət turlarının təşkili məsələsini də diqqətə çatdırmaq istərdim. Türkiyənin tanınmış şəxsləri bu turlar çərçivəsində Azərbaycana gələcək, onların, paytaxt Bakı və digər bölgələrlə tanışlığına şərait yaradılacaq. Bu istiqamətdə çalışmalarımız davam edir. Türkiyə televiziyalarında yayımlanan teleseriallarda Azərbaycan haqqında maraqlı məlumatların verilməsini təmin edirik. Bu da Türkiyə vətəndaşında Azərbaycan haqqında təsəvvür yaradır. Eyni zamanda, Türkiyənin məşhur aktyorlarının Bakıya səfərləri təşkil olunub. Bu kimi çalışmalar davamlıdır. Ümumiyyətlə, Azərbaycan və Türkiyə arasında əlaqələr, hər iki ölkə başçısının yüksək səviyyəli qarşılıqlı münasibətləri bütün dünyanı qısqandıracaq durumdadır. Biz də istəyirik ki, öz fəaliyyətimizlə bu münasibətlərə, əlaqələrə töhfə verə bilək.
– TÜİB olaraq Azərbaycanda sahibkarlara – iş adamlarına yaradılan şəraiti necə dəyərləndirirsiniz?
– Azərbaycanda qeyri-neft sektorunun, sahibkarlığın inkişafı son illər daha da sürətlənib. Xüsusən də kənd təsərrüfatı sahəsinin tərəqqisi üçün geniş imkanlar açılıb. Biz də TÜİB olaraq öz təcrübəmizdən çıxış edərək, bu inkişafa qatqımızı vermək istəyirik. İndiyə qədər reallaşdırılan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP kimi layihələri və hazırda qeyri-neft sektorunun inkişafı üçün atılan addımları nəzərə alanda, Azərbaycanın gələcəyini çox parlaq görürəm.
– Gələcəklə bağlı planlarınız nədən ibarətdir?
– Bu suala tək bir cümlə ilə cavab verə bilərəm: Bir qədər əvvəl qeyd etdiyim sosialyönlü layihələr bundan sonra da davam etdiriləcək.
www.yenicag.az