Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 14.08.2024 tarixində yaydığı məlumatda genişzolaqlı internet xidmətləri bazarında Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlanıldığı qeyd olunub.
Yenicag.az xəbər verir ki, araşdırmaya səbəb bir çox internet provayderin abunəçilərə xəbərdarlıq etmədən tarif qiymətlərini yüksəltməsi olub.
Bəs keçən 5 ay ərzində aparılan araşdırma ilə bağlı hansısa nəticə əldə edilib?
Yenicag.az olaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə bu sualla sorğu ünvanladıq.
Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən genişzolaqlı internet xidmətləri bazarında uyğunlaşdırılmış hərəkətlərin, üfüqi və şaquli sazişlərin, kartel tipli bazar münasibətlərinin təsbit edilməsi, aşağı və yüksək inhisar qiymətlərinin tətbiqinin müəyyənləşdirilməsi və müştərilərin seçim imkanlarını məhdudlaşdırmaqla hökmran mövqe vəziyyətindən sui-istifadə hərəkətlərinin qarşısının alınması məqsədilə müvafiq bazarda Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlanılıb.
Dövlət Xidməti tərəfindən hazırda toplanmış sübut və dəlillərin araşdırılması və təhlili prosesinin davam etdirildiyi vurğulanıb:
“Araşdırma prosesi yekunlaşdırıldıqdan sonra nəticələr barədə ictimaiyyətə məlumat veriləcəkdir”.
Aqil Bəkir
www.yenicag.az