Gündəlik metrodan istifadə edən sərnişinlər yəqin ki, “Koroğlu” stansiyasında Milli Gimnastika Arenasının istiqamətini göstərən lövhədəki səhvi mütəmadi görürlər.
Yenicag.az xəbər verir ki, burada “National Gymnastics Arena” yazılmaq əvəzinə, “Milli Gymnastics Arena” sözləri həkk olunub.
“Milli” sözünü ingiliscəyə tərcümə etdirməyənlərə isə nümunə olaraq Dənizkənarı Milli Parkın istiqamətini göstərən əcnəbi dildə yazılmış lövhənin fotosunu təqdim edə bilərik. Və yaxud da eyni stansiyadakı başqa bir lövhəni də… Sonra deməsinlər ki, bu adlar tərcümə olunmur…
Məsələ burasındadır ki, sözügedən lövhələr Bakı-2015 – Avropa Oyunlarının Təşkilat Komitəsi tərəfindən hazırlanıb və metro stansiyalarında asılıb. Sözügedən komitənin bərbad fəaliyyəti o dövrdə olduğu kimi, üstündən xeyli müddət keçməsinə baxmayaraq, indi də “göz qamaşdırır”.
Həmin vaxt gənclər və idman naziri Azad Rəhimov, onun müavini İntiqam Babayev yüksək maaşlarla “ingilis dilini bilən mütəxəssisləri” işə cəlb etmişdilər. Həmin mütəxəssislərin də əksəri İntiqam Babayevin yaxın dostu Elnur Astanovun kadrları idi. Onlara normal dövlət məmurunun aldığı maaşdan 10-15 dəfə artıq pul ödənildiyi halda, bildikləri ingiliscə özünü bu kimi lövhələrdə göstərməkdədir.
Həmin dövrdən artıq iki il vaxt keçib. Görəsən, həmin “mütəxəssislər” öz ingilis dili biliklərini zənginləşdiriblərmi? Ən vacibi buraxdıqları bu cür səhvlər sonralar öz qarşılarına çıxanda vicdanları sızlayırmı?.. İnanmaq çətindir, abiləri İntiqam Babayev olduqdan sonra…
www.yenicag.az