!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İqtisad Universitetində müəmmalı “İSLAHAT”: Kafedralar ləğv edilir, professorlar “ofsayd”a salınır - İDDİA

!Reklam – Yazi

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) nəzərdə tutulan struktur islahatları professor-müəllim heyətini qeyri-müəyyənliyə salıb.

Yenicag.az-a daxil olan məlumata əsasən, UNEC Elmi Şurası İqtisadiyyat fakültəsinin nəzdində fəaliyyət göstərən 7 kafedranın ləğv edilərək onların bazasında 2 – İqtisadiyyat və İctimai idarəetmə və sosial innovasiyalar kafedralarının yaradılması haqqında qərar qəbul edib.

Məlumata görə, bu dəyişikliklər uzun müddətdir həmin kafedralarda fəaliyyət göstərən, ölkənin iqtisadi fikrində böyük nüfuza malik çox sayda alimin qeyri-müəyyən vəziyyətə salınaraq onlardan dərs saatlarının alınması, işlərini itirmələri, yaxşı halda universitetdə məsləhətçi qismində saxlanmaları ilə nəticələnəcək.

Qeyd olunur ki, əslində, bəhs olunan dəyişikliklərin əsas məqsədi UNEC rəhbərliyinin həmin nüfuzlu alimlərdən xilas olmaq, onların yerinə isə öz mövqeyi olmayan, istənilən göstərişi müzakirəsiz icra etməyə hazır olan kadrların yerləşdirilməsidir.

İddiaya əsasən, nəzərdə tutulan alimlərə qarşı istifadə olunan əsas “arqument”lərdən biri onların iqtisadiyyat üzrə xarici elmi jurnallarda məqalələrlə çıxış etməmələridir. Lakin işlərini itirmək təhlükəsi ilə üzləşən alimlərin əksəriyyəti elmi müdafiələrini postsovet məkanının müxtəlif universitetlərində gerçəkləşdirərək bu sahədə yetkin mütəxəssis kimi özlərini təsdiqləyiblər.

Haqqında danışılan iddialara münasibət bildirən UNEC İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova Yenicag.az-a açıqlamasında bildirib ki, universitetdə nəzərdə tutulan dəyişikliklərin bu formada təqdim olunması həqiqəti əks etdirmir:

“Bizim Elmi Şuranın iclasında qəbul edilən qərarlardan biri də bəzi kafedraların ləğvi və onların bazasında yeni kafedraların yaradılması ilə bağlı oldu. Bu barədə məlumat paylaşmışıq. Amma müəllimlərin ixtisara düşməsi ilə əlaqədar məlumat həqiqəti əks etdirmir.

Sadəcə eyni profilli olduğu üçün həmin kafedraların bazasında yeni kafedra yaradılır. Lakin müəllimlərin ixtisara düşməsinə dair məlumat doğru deyil. Bizim universitetdə məsləhətçi vəzifəsində yalnız professorlar ola bilər. Məsələn, yaşı 70-dən yuxarı olan bəzi professorlar işə gəlib-gedə bilmirlər.

Amma professordurlar, bilikləri çoxdur, burada bizimlə təcrübələrini bölüşə bilər deyə onlar könüllü şəkildə ərizə ilə müraciət edərlərsə, məsləhətçi-professor ştatına keçə bilərlər. Yəni müəllimlər əvvəlki qaydada işləyəcəklər. Bilirsiniz, sadəcə yaşı 70-dən yuxarı, iş qabiliyyəti müəyyən qədər məhdud olan, dərs demək potensialı zəif olan müəllimlərlə danışılacaq, onlardan kim istəsə, öz ərizəsi ilə işdən xaric ola biləcək. Burada kimisə məcburən işdən çıxarmaq mövzusu yoxdur.

Onu da qeyd etməliyəm ki, Elmi Şura bu barədə qərar qəbul etsə də, məsələ hələ əmrləşdirilmədiyi üçün o kafedraların fəaliyyətinə xitam verilməyib və yeniləri yaradılmayıb. Amma bu proses gedir və Elmi Şuranın qərarı yaxın vaxtlarda əmrləşəcək”.

A.Zeynalov

COP29

www.yenicag.az

1487
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv