“Bəzi jurnalistlərimiz məsələnin mahiyyətindən xəbərləri olmadan Azərbaycan əleyhinə işlər görüblər, kimisə təbliğ ediblər, İran ideologiyasının təbliğatçısına çevriliblər”.
Bunu “SalamNews” informasiya agentliyi və “İnteraz”da əməliyyat keçirilməsi, İrana casusluq edən jurnalistlərin və mətbu orqanların ifşasını dəyərləndirən təhlükəsizlik məsələləri üzrə ekspert, keçmiş DTX zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıl Yenicag.az-a açıqlamasında səsləndirib.
İlham İsmayıl bildirib ki, bu cür əməliyyatlar vacibdir və davam etməlidir:
“Bu məsələlər vaxtilə nəzarətdə olanlardır. Sadəcə olaraq onların əməllərində cinayət tərkibinin olub-olmaması, hansısa çağırışlar edib-etməməsi, Azərbaycan maraqlarına uyğun gəlib-gəlməməsi araşdırılıb. Onların mahiyyətinin nədən ibarət olması bəllidir. Adi Qumda təhsil alıb gəlmiş şəxsin də məqsədinin nə olması məlumdur. Azərbaycan xüsusi xidmət orqanları bunu bilir.
İran özünün təbilğatı üçün pul xərcləməyi də bacarır. İran onsuzda Həmas, Hizbullah kimi terror təşkilatlarını maliyyələşdirirdi. Məsələlər təkcə güc yolu ilə deyil, təbliğat vasitəsi ilə də həyata keçirilirdi. Azərbaycanın müstəqilliyinin ilk illərində təbliğata xeyli vəsait ayırmışdılar. “İmdad” komitəsi vasitəsi ilə insanlara pul verilirdi. Sərhəd bölgəsində hər ay ailələrə ucuz ərzaq verilirdi. Bütün bunlar fars şovinizminə əsaslanan dini ideologiyanın yayılması üçün atılan addımlardır. İndi baş verənlər də o işin tərkib hissəsidir. Sadəcə olaraq bir az sivil formada gizlənə biliblər.
Təəssüf ki, tora düşən vətəndaşlarımızdır. O tip vətəndaşlarımız, jurnalistlərimizdir ki, bəzən məsələnin mahiyyətindən xəbərləri olmadan Azərbaycan əleyhinə işlər görüblər, kimisə təbliğ ediblər, İran ideologiyasının təbliğatçısına çevriliblər.
Baş verən əməliyyat çox yaxşı addımdır. Bunu dəstəkləyirik. Bununla bitmədiyini də deyirik. Çünki onlar çoxdular və təşkilatlanmış, təşkilatlanmamış formada fəaliyyət göstərirlər. Onların prinsiplərindən biri də “yatmış agent” prinsipidir. Hesab edirəm ki, indiki Azərbaycan-İran münasibətlərinin gərgin vaxtında İranın əsl simasının tam açıldığını görməyənlər var. Bunu görməyənlər Azərbaycanı görmək istəmirlər. O adamların beyinləri həmdə yuyulub. Hesab edirəm ki, bu iş təqdirlayiqdir və davamı gəlməlidir”.
Səxavət Məmməd
www.yenicag.az