“ABŞ-ın OPEK-ə müraciətinə qurum müsbət cavab verəcək ki, bu da öz növbəsində neftin qiymətinə təsir edəcək. İndiki 75 dollarlıq qiymət kifayət qədər yüksəkdir. Ona görə də müraciətə müsbət cavab verilməsi fonunda neftin qiymətinin bir göz qırpımında 70 dollara enməsi mümkündür. Hətta 60-65 dollar olması belə tamamilə normaldır. Bu isə o demək olmayacaq ki, bazarda hansısa bir kritik hadisə baş verəcək”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Vaşinqtonun gündəlik neft hasilatını 1 milyon barrelə qədər artırmaqla bağlı OPEK-ə ünvanladığı müraciətinin qiymətə nə kimi təsirinin ola biləcəyilə bağlı məsələyə münasibət bildirərkən neft-qaz üzrə mütəxəssis İlham Şaban deyib.
İ. Şaban düşünür ki, ABŞ-ın OPEK-ə yönəlik həmin müraciəti İranla bağlıdır:
“Fikir vermisinizsə, OPEK-in neftin qiymətinin yumşaldılması istiqamətində bir müddət əvvəl səsləndirdiyi fikirlər bazara öz təsirini göstərib. Artıq neftin qiyməti 75 dollara düşüb. İndi neftin qiyməti bir dəhlizdən digər dəhlizə keçid edir. Bu da bazar üçün mühüm bir haldır. Belə bir fonda ABŞ OPEK-ə hasilatı gündəlik bir milyon artırmaqla bağlı müraciət edib. ABŞ-ın bu istəyi onun İrana qarşı tətbiq etdiyi sanksiyalarla bağlıdır. May ayında Vaşinqton İrana sanksiya tətbiq edəcəyini artıq konkretləşdirib. Həmin sanksiya da ilin ikinci yarısından başlayaraq faktiki olaraq tətbiq olunacaq. Ancaq dünya bazarı buna hazırlıqlı olub. Hətta bu fonda İranın kvotasının bölünməsilə bağlı OPEK ölkələri qeyri-rəsmi savaşa çıxıb. Səudiyyə Ərəbistanı bəyan etdi ki, İranın kvotasını yüz faiz qarşılamağa qadirdir. Ancaq Anqola və digər OPEK ölkələri Əl-Riyadın bu istəyinə qarşı çıxdı. Yəni OPEK-də yekdil fikir yoxdur. Təbii ki, kim hasilatda daha çox pay əldə edəcəksə, həmin ölkə də prosesdən daha çox qazancla çıxacaq”.
Həmsöhbətimiz bu qənaətdədir ki, yaranmış vəziyyətdə İran neft qaçaqmalçılığı yoluna qədəm qoyacaq:
“İran isə əvvəlki sanksiyalar dövründə neftin qiyməti 100 dollar həndəvərində olanda kifayət qədər kapital itirdi. Bu mənada Tehran əvvəlki zamanı göz altına alaraq qeyd edir ki, qoyulan sanksiyaya məhəl qoymadan neft ixracını davam etdirəcək. Ancaq məsələ heç də İranın bu istiqamətdə hansı fikir səsləndirməsində deyil. Məsələ ondadır ki, yeni sanksiyalar fonunda İranın satacağı neftin müştərisi olmalıdır. Müştəri olmadan nefti bazarda realizə edə bilməzlər. Ancaq o da var ki, İran neftinə müştəri olmadığı halda, Tehran onu satmaqda israrlı olacaqsa, deməli yaranmış vəziyyət neft qaçaqmalçılığına gətirib çıxaracaq. Bu isə o deməkdir ki, bazarda neftin qiyməti hətta 100 dollar olsa da belə, İran 20-30 dollardan yuxarı qiymətə sata bilməyəcək. Məsələnin kökü budur. Ona görə də qarşıdakı iki il çox mürəkkəb və dumanlı görünür. Yaranmış vəziyyət regionda növbəti iqtisadi-siyasi qarşıdurmalara da yol aça bilər.
Ekspert düşünür ki, OPEK ABŞ-ın müraciətinə ümumən müsbət yanaşacaq: “Qurum növbəti konfransında güman ki, neftin hasilat həcminin əvvəlki iki konfransda olduğu kimi buxovlanması deyil, onun yumşaldılması istiqamətində addım atacaq. Çünki bazarda qiymətlər onların özlərinin də qeyd etdiyi kimi kifayət qədər ədalətli həddə gəlib çatıb. Bundan sonra həmin ədalətli qiymətlər çərçivəsində hər ölkə hasilatı öz marağına uyğun artıra bilər”.
Qeyd edək ki, ABŞ OPEK-dən gündəlik neft hasilatının bir milyon barrel artırılmasını istəyib. Bu fonda iki həftdən sonra OPEK-in növbəti iclasında bu məsələyə baxılacağı gözlənilir.
ELÇİN
www.yenicag.az