“İrəvan – gizlədilmiş həqiqətlər” sənədli filmi İstanbulda nümayiş etdirilib – FOTOLAR

Azərbaycanın tarixi torpaqları üzrə həqiqətləri əks etdirən sənədli film Türkiyə auditoriyasına təqdim olunub.

Yenicag.az xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyi münasibətilə 10-11 dekabr 2018-ci il tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə İstanbul Universitetində, İstanbul Biruni Universitetində və İstanbul Türk Ocağında konfrans keçirilib.

Eyni zamanda, həmin universitetlərdə “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzinin istehsal etdiyi “İrəvan – gizlədilmiş həqiqətlər“ sənədli filminin türk dili versiyası nümayiş etdirilib.

Hər üç tədbir Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Təqdimat mərasimlərinə Azərbaycan Milli Məclisinin deputatı Şahin İsmayılov, “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzinin rəhbəri, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev, Azərbaycanın İstanbuldakı Baş konsulluğunun konsulu Ayaz Pirimov, Azərbaycanın İstanbuldakı vitse-konsulu Ramiz Hacızadə, sənədli filmin ssenari müəllifi, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, Jurnalist Araşdırmaları Mərkəzinin (JAM) sədri Seymur Verdizadə, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı və digərləri qatılıblar.

Çıxış edən natiqlər Türkiyə və Azərbaycanın qardaşlığının sarsılmaz olduğunu, 100 il öncə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) Azərbaycan xalqına bəxş etdiyi dəyərləri, Ermənistanın soyqırım iddialarına və Azərbaycana hərbi təcavüzünə qarşı Türkiyə və Azərbaycanın birgə fəaliyyətlərinin əhəmiyyətini diqqətə çatdırıblar.

Azərbaycan, ingilis, rus, türk dillərində istehsal olunan “İrəvan-gizlədilmiş həqiqətlər“ sənədli filminin ermənilərin uzun illər yaydıqları yalanları ifşa etdiyini, tarixi həqiqətlərin çatdırılmasında önəmli rol oynayacağını bildiriblər.

Qeyd olunub ki, İrəvanda bir məsciddən savayı, yaşı 200 ildən artıq olan tarixi-memarlıq abidəsi qalmayıb, Ermənistan rəhbərliyi tərəfindən yer üzündən silinib. İrəvandan Azərbaycan türklərinin köçürülməsi, ermənilərin işğalçılıq siyasəti haqqında izləyicilərə ətraflı məlumat verilib.

Sonra “İrəvan- gizlədilmiş həqiqətlər“ sənədli filmi türk dilində nümayiş olunub.

Sənədli film həm İstanbul Universitetinin, həm də İstanbul Biruni Universitetinin tələbələri, professor, müəllim heyəti və İstanbul Türk Ocağının üzvləri tərəfindən maraqla qarşılanıb. Filmdə İrəvan şəhərinin salınması, şəhərdə türk – müsəlman hakimiyyəti, İrəvan qalası, məscidləri, meydanları, karvansaraları, ticarət köşkləri, hamamları, bağları, İrəvanın Çar Rusiyası tərəfindən işğalı və demoqrafik vəziyyəti, İrəvanda Azərbaycan türklərinin mədəni irsinin məhv edilməsi, İrəvandan Azərbaycan türklərinin köçürülməsi, müasir İrəvanda Azərbaycan mədəni irsi haqqında tutarlı tarixi faktlar və təsvirlərlə bəhs edilir.

Filmin ərsəyə gəlməsində Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu ilə əməkdaşlıq olunub.

Filmin ideya müəllifi və layihənin rəhbəri Nurəddin Mehdiyev, baş məsləhətçi AMEA A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü Yaqub Mahmudov, ssenari müəllifi tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, quruluşçu rejissoru Teymur Nəcəfzadədir.

Xatırladırıq ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə icra olunan “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzi layihəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyul 2011–ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011–2015–ci illərdə” Dövlət Proqramının 6.2.2 yarımbəndinə uyğun olaraq yaradılmışdır. Mərkəz Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə bu günə qədər Qarabağa və tarixi torpaqlarımıza dair maraqlı məhsullarla çıxış etməkdədir.

COP29