İşğaldan azad olunan ərazilərin bərpasına 25,5 milyard manat xərclənib
Azərbaycanda işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və infrastrukturun bərpası üçün dövlət büdcəsindən ayrılan vəsaitin həcmi 25,5 milyard manata çatıb.
Yenicag.az xəbər verir ki, bu barədə məlumat Baş nazir Əli Əsədovun Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2025-ci il üzrə fəaliyyəti haqqında hesabatı zamanı açıqlanıb.
Hesabata əsasən, 2020-2025-ci illərdə azad edilmiş bölgələrin bərpasına dövlət büdcəsindən 22 milyard manat vəsait xərclənib. 2026-cı il üçün nəzərdə tutulan 3,5 milyard manatla birlikdə bu rəqəm 25,5 milyard manat təşkil edir. Həyata keçirilən tədbirlər nəticəsində bölgədə məskunlaşan, işləyən və təhsil alan əhalinin sayı artıq 75 min nəfərə çatıb.
Bərpa prosesinin ən mühüm mərhələlərindən biri olan minatəmizləmə işləri də uğurla davam etdirilir.
2020-ci ildən bu günədək 249 min hektara yaxın ərazi mina və partlamamış sursatlardan təmizlənib, ümumilikdə 237 min ədəd partlayıcı qurğu aşkarlanaraq zərərsizləşdirilib. Yalnız 2025-ci ildə 69,2 min hektar ərazi təmizlənib.
Hökumətin planına əsasən, 2026-cı ildə daha 65 min hektardan artıq ərazinin minalardan təmizlənməsi hədəflənib ki, bu da “Böyük Qayıdış”ın daha genişmiqyaslı mərhələsinə keçidi təmin edəcək.
Yenicag.az













