Ərəb dünyasında XX əsri tamamilə yaddaşlardan siləcək, ərəblərin indiyə qədər irəli sürdüyü bütün tezisləri heçə sayan, qəribə və bir o qədər də təhlükəli proseslər baş verir. Yaxın gələcəkdə coğrafiyamızda güc balansını pozacaq, müsəlman dünyasını çətinliyə düçar edəcək hadisələr yaşana bilər.
ABŞ-İngiltərə-İsrail blokunun hazırladığı, BƏƏ və Səudiyyə Ərəbistanı tərəfindən həyata keçirilən, gənc ərəb idarəçilər vasitəsilə reallaşdırılan, şiə-sünni ayrıseçkiliyini bir kənara itələyərək ərəb millətçiliyini bayraq edən və tamamilə ərəb-İsrail dostluğuna xidmət edən bir mərhələ başlayıb.
Ərəb dünyasını zərərsizləşdirəcəklər
Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın radikal iqtidar islahatları, şahzadələr və iş adamlarının saxlanılması, onların yüz milyardlarla varidatlarının müsadirə olunması, hakimiyyət dəyişikliyinə etiraz edən din xadimlərinin terrorçu elan edilməsi və “Mülayim İslam” anlayışının önə çəkilməsi, İsrailə qarşı mübarizə aparmağın doğru olmadığına dair verilən fətvalar yeni vəziyyətin bu günə qədərki nəticələri idi.
Amma bundan sonra daha çox narahatlıq doğuran, ərəb dünyasını girov götürəcək güclü dalğaların şahidi olacağıq.
Layihənin bölgədəki lideri Məhəmməd bin Salman deyil, artıq İsrail kəşfiyyat orqanının bir üzvünə çevrilmiş BƏƏ vəliəhdi Məhəmməd bin Zaid əl Nahyandır. Qatı Türkiyə düşməni olan bu insanın rəhbərlik etdiyi layihə BƏƏ-Səudiyyə Ərəbistanı-Misir xəttində yeni güc bloku qurmağa istiqamətlənib. Bu isə tamamilə ABŞ-İsrail blokudur. Blokun İran təhdidindən qorunmaq üçün qurulduğu bildirilsə də, əslində bu layihə sünni ərəb dünyasını darmadağın edəcək, zərərsizləşdirəcək, ölkələri böləcək.
Artıq Qüdsü və Fələstini İsrailə satıblar…
İndidən bəzi yazar və şərhçilər İsraillə dostluq münasibətlərindən danışırlar. Üstəlik bu fikirlərini “Quran”dan çıxarışlarla əsaslandırmağa çalışırlar. Fələstinin əslində İsrail torpağı olduğunu, ərəblərlə İsrail arasında bir anlaşmazlığın olmadığını yazmağa başlayıblar. Səudiyyə-İsrail ittifaqının normal hal kimi qələmə verildiyi bu dövrdə yazar və şərhçilər işin psixoloji tərəfini öz üzərinə götürüb.
Bəs Qüds necə olacaq? Fələstin məsələsi necə olacaq? Fələstinlilər üçün bir ölkə-bir dövlət olmaq istəyi necə olacaq? Müsəlman dünyası indiyə qədər ərəb-İsrail toqquşmasına nəzərən mövqe seçmişdi, bəs indi bu ölkələrin xalqı düşüncəsini necə dəyişəcək? Əgər ərəblərlə İsrail dost-müttəfiqdirsə, Qüds artıq işğal altında deyilsə, ərəblərin İsrail qurulduqdan sonra İslam dininə əsaslanaraq ortaya atdıqları tezizlərin bir mənası qalmayıbsa, bir türkiyəli, indoneziyalı, afrikalı, pakistanlı bu vəziyyətə qarşı necə reaksiya verəcək? Ərəblərlə ərəb olmayan müsəlman dövlətləri arasındakı əlaqələr hansı səviyyədə olacaq?
Yeni geosiyasi blok: İsraillə ittifaq, farslarla müharibə
Açıqca deyək ki, bu fırtına davam edərsə, Türkiyədə belə bir çoxlarının siyasi platforması çökə, siyasi nəzəriyyələri heç ola bilər. Yəni sitüasiya ərəb milliyətçiliyini yüksəldərsə, regionda ona qarşı daha böyük bir dalğa meydana gələ bilər. Fırtına davam edərsə, Nahyan və Məhəmməd bin Salmanın təmsil etdiyi bu yeni qərb işğalı ərəb dünyasında böyük bir reaksiya ilə qarşılaşacaq. İki vəliəhd şahzadə ABŞ-İsrail layihəsinin aparıcı qüvvələri olduğu halda bir anda layihənin qurbanlarına çevrilə bilər.
Bu, siyasi, geopolitik bir tezisdir. Tamamilə təhlükəsizliyə zidd, coğrafiyanı bölmək məqsədi güdən bir nəzəriyyədir. Hər nə qədər ərəb dünyasının müasirləşdirildiyi, sekulyarlaşdırıldığı deyilsə də, bundan söhbət belə gedə bilməz. Layihənin ABŞ-lı və israilli liderləri onlara bunu diktə edir: “Siz israillilərlə əmi uşağısınız. Dalaşmağa ehtiyac yoxdur. Əksinə birlik olun, ittifaq qurun. Əsil düşməniniz iranlılarla- farslarla mübarizə aparın. Ərəb olmayan müsəlman dünyası daha böyük bir təhditdir. Onlara qarşı İsraillə eyni cəbhədə birləşin…”
Artıq şiə-sünni yoxdur, ərəb və ərəb olmayan müsəlman var
Ən böyük təhlükə elə budur. Şiə-sünni ayrıseçkiliyi ilə müsəlmanları iki böyük cəbhəyə bölüb onları regional müharibəyə düçar edə bilməyənlər indi də ərəb və ərəb olmayan tezisini ortaya atır. Bu yeni işğal planının nələrə səbəb olacağı barədə bir neçə qeyd:
1. Bu layihə Qüdsün işğalını qanuniləşdirəcək. Bu leqallaşdırma sözügedən ərəb rejimləri vasitəsilə həyata keçiriləcək.
2. “Ərəb-İsrail ittifaqı” Fələstin xalqının iddialarını boşa çıxaracaq. Qərbi Şeria və Qəzzadakı qalan torpaq hissələri də hansısa yolla İsrailin nəzarəti altına keçəcək, işğal olunmuş bölgələrdə İsrail qanunları hökm sürəcək. Yəqin ki, BƏƏ və Səudiyyə Ərəbistanının gənc liderləri bu iki maddəni qəbul edib.
3. Ərəb-İsrail bloku ABŞ və İsrailin regional maraqları çərçivəsində qurulub. İrana qarşı bir təsiri olmayacaq. Dolayısıyla prosesin nəticəsində Səudiyyə Ərəbistanı parçalanacaq. Bəsrə körfəzində ciddi toqquşma ocaqları yaranacaq.
Müharibəni İslamın ürəyinə daşımaq, Məkkə və Mədinənin statusu…
4. Yeni “siyasi fikir”, Məkkə və Mədinənin vəziyyətini mübahisəli hala gətirəcək. “Müharibəni İslamın ürəyinə yerləşdirmək” layihəsi böyük ehtimalla bu yeni ittifaq vasitəsilə həyata keçiriləcək. Proseslər belə davam edərsə, İslamın ürəyi olan bu iki mərkəz, girov götürülmüş şəhərlərə çevriləcək. Bu da müsəlman dünyasında böyük bir xaosa səbəb olacaq. Həmin vaxt Məkkə və Mədinənin statusuna dair müzakirələr daha da genişlənəcək.
5. Bir müddət sonra bütün olanlar ərəb dünyasında, meydanlarda nifrət nümayişinə səbəb olacaq. Çünki ərəb-İsrail ittifaqının “işğal layihəsi” artıq hamıya məlum olacaq. Bu nifrət ola bilsin ki, ərəb dünyasını da ayağa qaldıracaq. Ancaq belə bir nifrət toxumu yetişməzsə, ərəblər bir əsri tamamilə itirmə riski ilə qarşı-qarşıya qalacaq.
1991-ci ildən etibarən ərəblər məğlub olur, bütün müharibələr onların torpaqlarında baş verir…
6. Diqqət etsəniz görəcəksiniz ki, 1991-ci il Körfəz müharibəsindən sonra ərəb dünyası daim məğlub olur. İraqdan Liviyaya qədər müharibələr həmişə ərəb torpaqlarında baş verir. Ərəb olmayan müsəlman dünya qismən müharibələrin xaricində qalır və nisbətən yüksəlişə keçir. Yəni ərəblər mövqelərini itirirlər. İndi də onlara İran qorxusu təlqin edilir və yeni müharibələrin astanasına itələnirlər.
7. Ərəblər müsəlman dünyası ilə birgə güclüdür. Ancaq yeni blok ərəblərlə, ərəb olmayan müsəlmanları ayırmağı hədəfləyir. Bu, onlar üçün böyük bir çöküşə səbəb olacaq. İsraillə ittifaq qursalar, İrana qarşı bir qələbə çalmaları mümkünsüz görünür.
Bəzi qüvvələr ərəblərin 21-ci əsrini oğurlayır
8. Bunu yaddan çıxarmaq olmaz: ABŞ-İsrail-Ərəb ittifaqı Ərəb dünyasını qorumaq məqsədilə qurulmayıb. Türkiyədən İndoneziyaya uzanan qurşaq tamamilə ABŞ-ın təsir dairəsindən çıxır.
Türkiyəni terrorla vuran və beləliklə itirən Vaşinqton Suriya və İraqda da itirir. Buna görə də, cənubda və qərbdə yeni bir cəbhə xətti qurulur. BƏƏ-Səudiyyə-Misir xətti, ABŞ və İsrail üçün qurulan yeni müdafiə qalxanıdır. Bir neçə “dəli” ərəb lider böyük bir coğrafiyanı ABŞ və İsrail üçün cəbhəyə çevirir.
Amma dünya dəyişib, artıq cəbhə ölkələri də parçalanır. Bəzi qüvvələr ərəb dünyasının 21-ci əsrini oğurlayır. İslamın ərəbləşdirilməsi dünyanı ciddi şəkildə dəyişəcək…
Ümid edək ki, gec olmadan bir oyanış dalğası yüksələr. Yoxsa Bəsrə körfəzi və Qırmızı dəniz arasında böyük çöküşlərə şahid olacağıq…
İbrahim Karagül
www.yenicag.az