İsmayıllıda yerləşən “Green House” istirahət mərkəzində faciə baş verib.
Yenicag.az xəbər verir ki, sözügedən məkanın hovuzunda 4 nəfəri elektrik cərəyanı vurub.
Nəticədə Bakı şəhər Binəqədi rayon sakini, 1984-cü il təvəllüdlü Emin Zakir oğlu Adıgözəlov , Abşeron rayonu Xırdalan qəsəbə sakini, 1979-cu il təvəllüdlü Gülhüseyn Xaliqverdi oğlu Quliyev dünyasını dəyişib. Zaqatala rayon sakini 1981-ci il təvəllüdlü Eltəkin Məhəddin oğlu Ömərov və Bakı şəhəri Nizami rayon sakini, 1986-cı il təvəllüdlü Zakir Mahir oğlu Əliyev isə xəstəxanaya çatdırılıb.
Xəstəxanada müalicə olunan şəxslərin vəziyyəti yaxşıdır. Bunu saytımıza açıqlamasında İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Süleymanov deyib. Qurum rəsmisinin sözlərinə görə, xəsarət alan şəxslər digər iki nəfəri xilas etmək üçün hovuza tullanıb:
“Hələ ki, istintaq davam edir. Yalnız ondan sonra hadisənin hansı səbəbdən baş verdiyi aydınlaşacaq. İki nəfər hovuzda çimirmiş, digər iki şəxs də onları xilas etmək istəyərkən zərər çəkib. “Green House” 15 ilə yaxındır ki, fəaliyyət göstərir. İstirahət mərkəzinin rəhbərliyi haqqında isə məlumatım yoxdur”.
Yenicag.az-ın əldə etdiyi məlumata görə, sözügedən istirahət mərkəzinin sahibi iş adamı İman Quliyevdir. El arasında “Qozbel İman” kimi tanınan biznesmen, eyni zamanda “Xalqlar Dostluğu” yarmarkasının sahibidir.
EMİN SƏFƏROV
Yenicag.az
www.yenicag.az