“Günəşli” yatağında baş verən hadisə zamanı itkin düşən neftçilərin axtarışları davam etdirilir. Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) 3, Fövqəladə Hallar Nazirliyinin isə 1 gəmisi axtarışlara başlayıb.
Bu barədə “Azneft” İstehsalat Birliyindən (İB) məlumat verilib.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Sahil Mühafizə xidmətinin canlı qüvvəsi sahilboyu axtarışları davam etdirir.
Qeyd olunub ki, hazırda “Günəşli” yatağında yanğın davam edir və yanğının söndürülməsi ilə 2 gəmi məşğuldur və 1 gəmi ehtiyatda gözləyir. ABŞ-dan gələn mütəxəssislərin xüsusi qurğuları quraşdırılıb və həmin ərazidə iş aparılır.
Qarşıdakı günlərdə hava şəraitinin dəyişməsinin axtarış işlərinə necə təsir edəcəyinə gəlincə, bildirilib ki, hava şəraiti imkan verdiyi qədər axtarışlar davam etdiriləcək.
Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağında faciə baş verib. Hadisə zamanı 33 nəfər xilas edilib, 7 nəfər həlak olub.
Hazırda 23 nəfərin axtarışı davam etdirilir.(Azvision)
www.yenicag.az