Jurnalistlər üçün infotur təşkil edildi
Ötən həftəsonu “Veysəloğlu” MMC Azərbaycanda fəaliyyət göstərən KİV nümayəndələrinin bir qrupunu Qəbələyə iki günlük səfərə apardı.
“Veysəloğlu”nun təşkil etdiyi info turun məqsədi jurnalistlərə istirahət bəxş etmək olub.
Səfərin təşkilatçısı, MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədov təmsil etdiyi müəssisənin fəaliyyəti ilə bağlı təqdimat edərkən bildirdi ki, Veysəloğlu Satış və Distribütor şirkəti 1994-cü ildə yaradılıb. “Veysəloğlu” MMC sırf Azərbaycan şirkətidir. İlk zamanlar topdan satış mərkəzi kimi işə başlayan şirkət inkişaf edərək, hazırda yüksək səviyyəli xidməti ilə seçilən müasir ticarət holdinqinə çevrilib: “Yalnız Türkiyə Respublikasından qida məhsulları idxalı ilə fəaliyyətə başlayan şirkət, hazırda siyahısına Rusiya, Ukrayna, Belorus, Latviya, Almaniya, Polşa, Macarıstan, Danimarka, İtaliya, Koreya və s. kimi ölkələrlə əməkdaşlıq edir. Məqsəd Azərbaycan bazarında mövcud olan bütün satış nöqtələrinə yüksək keyfiyyətli satış xidməti göstərməkdir”.
İ. Məmmədov qeyd etdi ki, şirkət Bakı şəhərində yerləşən Mərkəzi anbarı, Cənub bölgəsini əhatə edən Salyan şəhərində yerləşən filialı, Qərb bölgəsini əhatə edən Mingəçevir şəhərində yerləşən filialı var: “Şirkətin müasir anbar infrastrukturuna malik olması və dünyanın 100-dən çox aparıcı istehsalçılarının (Türkiyə, Rusiya, Ukrayna, Belorusiya, Almaniya, Fransa, Macarıstan, Polşa və s. kimi ölkələrin) distribütorluğunu həyata keçirməsi inkişafa daima təkan veir. “Veysəloğlu” MMC-nin məhsulları ən müasir texnologiyalarla istehsal edilir. Şirkət müştərilərinə keyfiyyətli satış, xidmət göstərmək üçün müasir texnologiyaların uğurlarından da bacarıqla istifadə edir. Belə ki, sahədə olan əməkdaşlarımızın müştərilərə yüksək səviyyədə işini təşkil etmək üçün əl terminalları vasitəsi ilə online olaraq məlumatlar mübadiləsi aparılır. Alınan sifarişlər tez bir zamanda müştərilərimizə çatdırılır”.
Qeyd edək ki, şöbə müdirinin qısa, amma dolğun məlumatından sonra “Veysəloğlu” MMC-nin 20 illik yubileyi ilə əlaqədar hazırlanmış flashmob təqdim olundu və KİV nümayəndələrinin həyəcanına, eyni zamanda gur alqışlarına səbəb oldu.
Xatırladaq ki, 12 dəqiqəlik rəsmi çıxışdan sonra təşkilatçı “biz artıq tam sərbəstik və bizi qarşıda görməli yerlər, əylənə biləcəyiniz məkanlar gözləyir”, deyib səfərin əsas məqsədini açıqladı. Jurnalistləri isə qarşıda həqiqətən də bol istirahət və yaddaşlardan silinməyəcək anlar gözləyirmiş. Səfərin təfərrüatları və təəssüratları yaxın vaxtlarda təqdim olunacaq.