İyulun 6-da Kənd Təsərrüfatı Nazirliyi Şəki, Qax, Gəncəyə mediatur təşkil edib. 20-yə yaxın media nümayəndəsinin qatıldığı mediaturun əsas məqsədi qeyd edilən bölgələrdə görülən kənd təsərrüfatı işləri ilə ictimaiyyəti məlumatlandırmaq olub.
Yenicag.az-ın əməkdaşının da qatıldığı mediatur iyulun 7-də olmaqla, ümumilikdə iki günü əhatə edəcək.
İlk gün media nümayəndələri Oğuzun Kərimli kəndində tütün sahəsində olublar.
Oğuz Azərbaycanın tütünçülük mərkəzlərindən biri olub. Sovet dövründən sonra tütünçülük sıradan çıxsa da, son ildə rayon yenidən öz ampulasına qayıdıb. Oğuz rayonunda 250 hektar sahədə tütün əkilib. Rayonda əsasən iki sort – yerli İmunium, xarici Virciniya sortu yetişdirilir. Virciniya sortunun toxumunu Zaqatalada yerləşən “İntertabaq” şirkəti Azərbaycan gətirir və fermerlərə satır.
Jurnalistlər üçün mediatur keçirildi – Oğuz, Şəki, Qaxda kənd təsərrüfatıyla tanışlıq
Oğuz rayonunda tütünçülüklə bağlı rayonun kənd təsərrüfatı idarəsinin rəisi Azad Əliyev məlumat verib. Azad Əliyev bildirib ki, bir hektar tütünün gəliri, 30 hektar taxılın gəliri deməkdir:
“Vətəndaşlar yaş tütünü yığıb qəbul məntəqəsinə təhvil verir. Tütünün bir kiloqramının qiyməti 20 qəpikdir. Xarici sort tütünün qiyməti isə 22 qəpikdir. Fermer bir hektardan 7000-8000 manat qazanc əldə edə bilir. Taxıldan bu gələri almaq mümkün deyil. Tütünçülük həm də iş sahəsi deməkdir. Belə ki, rayonda gündəlik 250 nəfər bu sahə ilə məşğuldur. İstehsal etdiyimiz məhsul həm də ixraca gedir. Bizim əsas bazarımız Rusiya, Ukrayna, Belarusdur. Yığılan tütünün 20-30%-i daxili bazara, yerdə qalanı isə xaricə gedir”.
Tütünçülük sahəsində işləyən Ayşə Əzimova ilə söhbət zamanı bildirir ki, gündəlik qazancı 10-12 manat arası olur:
“Saat 7-də işə gəlirik, axşam saat 7-də də evə gedirik. İş saatı ilə bağlı maaşımızı verirlər. Ay ərzində 300 manatdan bir qədər çox pul alırıq. İşimiz ağır olsa da, çalışmağa dava edirik. Rayon yeri üçün pis pul almırıq”.
Oğuz rayonunun Kərimli kəndində tütün əkən Məhərrəmov Yengivar qeyd edib ki, havanın isti keçməsi məhsula ziyan verir:
“Bizim tarixən də iqtisadiyyatımız tütünçülük olub. Bu sahənin əziyyəti çoxdur, ancaq qazancı yaxşıdır. Düzdür, son zamanlar havaların dəhşətli isti keçməsi məhsula təsir edəcək. Rayonumuz dağlıqdır, şeh düşür, suvarma sistemimiz də yaxşıdır. Ancaq havaların isti keçməsi tütünə ziyan verir”.
Daha sonra jurnalistlər Şəki Dayaq Məntəqəsində olublar. Burada jurnalistlərə məlumat verən dayaq məntəqəsinin müdiri Məclum Şükürov bildirib ki, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Şəki Dayaq Məntəqəsinin fəaliyyətinin əsasını elmi-tədqiqat işləri təşkil edir:
“Bu işləri yerinə yetirməklə təsərrüfatın rentabelliyinin yüksəldilməsi məqsədilə institutun rayonlaşmış, aqro-bioloji xüsusiyyətləri və yüksək təsərrüfat göstəricilərilə fərqlənən yem, dənli bitki sortlarının ilkin toxumçuluğunun təşkilini və müxtəlif reproduksiyalı toxumlarının istehsalını həyata keçirir. Taxılçılıqda yüksək məhsulun əldə olunması üçün rayonlaşmış və perspektiv sortların sort aqrotexnikasını öyrənməklə respublikanın dəmyə bölgələri üçün tövsiyələr verir və institut tərəfindən verilmiş sifariş və digər elmi-tədqiqat
işlərini yerinə yetirir”.
Məntəqənin fəaliyyət istiqamətləri aşağıdakılardır:
-Birillik və çoxillik yem və institutun mandatına daxil olan kənd təsərrüfatı bitkilərinin seleksiyası, toxumçuluğun inkişaf etdirilməsi sahəsində elmi-tədqiqat işləri aparır və elmi müəssisələrin nəzəri elmi-tədqiqat işlərinin istehsalata tətbiq edilməsində fəal iştirak edir;
-Nümunəvi əkinçilik və torpaq becərmə sistemini tətbiq etməklə kənd təsərrüfatı məhsullarının istehsalını artırır, yeni və daha yüksək məhsuldarlığa malik, xəstəliyə və ziyanvericilərə davamlı yem, dənli, dənli-paxlalı bitki sortlarını yetişdirir;
-Əkinçilik sahəsində qabaqcıl elmi təcrübələri öyrənir, sınaqlarını təşkil edir və istehsalata tətbiqinin həyata keçirilməsində iştirak edir.
Məntəqə öz fəaliyyətində aşağıdakı vəzifələri daşıyır:
-Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən verilmiş sifariş əsasında elmi-tədqiqat işlərinin yerinə yetirilməsində bilavasitə iştirak etməklə, onların tərtib olunmuş metodika əsasında yerinə yetirilməsinə şərait yaradır;
-Yem, dənli, dənli-paxlalı bitkilərinin ilkin toxumçuluğunu təşkil edir;
-Yem, dənli, dənli-paxlalı bitkilərinin orijinal (super elit və elit) toxumları ilə təmin edir;
-Rayonlaşmış yem, dənli, dənli-paxlalı və digər bitkiləri sortlarından suvarma şəraitində sabit və yüksək məhsul alınmasını təmin edən mütərəqqi becərmə texnolgiyasını, növbəli əkin sistemini hazırlayır, təkmilləşdirir və tətbiq edir;
-Yerli şəraitə uyğun olan elmi-tədqiqat işlərinin nəticələrini və mövcud qabaqcıl texnologiyanı öyrənir və tətbiq edir.
Jurnalistlər müxtəlif taxıl sortlarının saxlanıldığı ərazi ilə də tanış olublar. Bildirilib ki, məntəqədə yeni qurğular quraşdırılır. Bu qurğular vasitəsilə həm də gələcəkdə ərazidə yanğın baş verərsə, bunun qarşısını da tez bir zamanda almaq mümkün olacaq.
Jurnalistlər Şəkidə həmçinin “Şəki-İpək” ASC-də məşhur Şəki kəlağayisinin istehsal prosesi ilə tanış olublar.
Jurnalistlərin növbəti səfəri Qax rayonuna olub.
Azərbaycan Arıçılar Asossiyasiyasının sədri, “Bal evi” arıçılıq müəssisəsinin sahibi Bədrəddin Həsrətov deyib ki, rəhbərlik etdiyi təsərrüfat bir neçə şöbədən ibarətdir:
“Bunlar bal, damazlıq, təsərrüfat, sexlər, arı südü, qədimi arıçılıq, bal verən bitkilərin araşdırılması və çoxaldılması şöbəsidir. Bizim təsərrüfat kompleksində ana arının seleksiyası prosesləri gedir. Ana arının bu cür dəqiqliklə yetişdirilməsi Azərbaycanda demək olar ki, çox az yerdədir. Biz bunun süni mayalanmasını da həyata keçiririk. Avqust ayında bal emal və qablaşdırılması sexi quraşdırılacaq. Artıq bununla bağlı lazımı işlər görülür. Yaxın vaxtlarda bizdə arışılıq turizmi ilə bağlı da işlərə başlanılacaq. Bal evimiz hələ tam gücü ilə işləmir. Turistləri qəbul edəndən sonra daha geniş fəaliyyət göstərəcəyik. Hazırda “Bal evi”nin 14 adda məhsulu var. Bunlardan 4-ü qablaşmayan, 10-u isə qablaşan məhsullardır. “Bal evi”nə gələn qonaqlara həmin 14 məhsul haqqında ətraflı məlumat veriləcək və məlumat kitabçaları paylanılacaq. Biz bunu yaxın vaxtlarda reallaşdıracağıq. Bizim böyük anbarımız var. Sifarişləri alan kimi hər bir müştəriyə mallar çatdırılır”.
Səxavət Məmməd
www.yenicag.az