ABŞ-də yenidən şatdaun gözlənilir: Qanun layihəsi rədd edildi
ABŞ Konqresinin yuxarı palatası prosedur səsverməsi zamanı bir sıra dövlət qurumlarının maliyyələşdirilməsini nəzərdə tutan qanun layihələrini rədd edib.
Yenicag.az xəbər verir ki, onlar təsdiqlənmədiyi halda, yanvarın 31-nə keçən gecə gecə yarısında ABŞ-də federal hökumət qurumlarının fəaliyyətinin qismən dayandırılması (şatdaun) baş verəcək.
Qanun layihələrinin lehinə 45 senator səs verib, 55 senator isə əleyhinə çıxıb. Müxalif Demokratik Partiyanın bütün nümayəndələri ilə yanaşı, səkkiz respublikaçı da layihələrin rədd edilməsini dəstəkləyib.
Qanunvericilik aktları, o cümlədən Daxili Təhlükəsizlik Nazirliyinin (DTN), hərbi, maliyyə və nəqliyyat qurumlarının maliyyələşdirilməsini nəzərdə tuturdu. Bu qərar ABŞ Prezidenti Donald Tramp administrasiyasının qanunsuz miqrantlarla mübarizə kampaniyası ətrafında yaranan fikir ayrılıqları, eləcə də Minnesota ştatında baş verən hadisələr və sərhəd xidməti əməkdaşının şəhərdə bir kişini güllələməsindən sonra ştatın paytaxtı Mineapolisdə başlayan etiraz aksiyaları fonunda qəbul edilib.
Demokratik Partiya Daxili Təhlükəsizlik Nazirliyinin maliyyələşdirilməsinin ayrıca qanun layihəsi ilə təqdim edilməsini tələb edir. Çünki demokratlar bu sənədə qurumun fəaliyyətinin məhdudlaşdırılmasını nəzərdə tutan bir sıra yeni düzəlişlər əlavə etməyi planlaşdırırlar.












