“İranın qarşısında iki yol var…” - DAK koordinatorundan rəsmi Tehrana təkliflər
Regionda gərginliyin artdığı, İran ətrafında hərbi ssenarilərin açıq şəkildə müzakirə olunduğu bir dövrdə müharibədən yayınma yolları yenidən gündəmə gəlib.
Bu kontekstdə DAK-ın Avropa ölkələri üzrə koordinatoru Əli Hacının mövqeyi diqqət çəkir. Onun yanaşması klassik diplomatik bəyanatlardan fərqli olaraq problemin kökünü İranın daxili siyasi və idarəetmə modelində görür.
Əli Hacı Yenicag.az-a açıqlamasında bildirib ki, İranın müharibədən qaçması üçün, ilk növbədə, mövcud dini idarəçilik sisteminə son qoyulmalıdır.
Onun fikrincə, İran İslam Respublikası modeli ölkəni ideoloji qarşıdurmaların mərkəzinə çevirib və bu da davamlı olaraq xarici təzyiqləri artırır. Dövlətin “İran Respublikası” formatına keçidi gərginliyin azalması üçün əsas şərt kimi dəyərləndirilir.
O vurğulayıb ki, dini rəhbərliyə tabe olan silahlı strukturlar, xüsusilə SEPAH kimi güc mərkəzləri ləğv edilmədən real dəyişiklik mümkün deyil. Bu qurumlar dövlət daxilində paralel hakimiyyət yaradaraq həm daxili sabitliyi pozur, həm də İranı regionda təhlükə mənbəyi kimi göstərir.
Əli Hacının açıqlamasında mülki hakimiyyətin gücləndirilməsi xüsusi yer tutur. Onun fikrincə, bütün icra və siyasi səlahiyyətlər hazırkı prezidentin əlində cəmləşməli, ölkə faktiki olaraq seçilmiş mülki rəhbərlik tərəfindən idarə olunmalıdır. Bu addım İranı beynəlxalq aləmdə daha etibarlı tərəfdaş kimi təqdim edə bilər.
DAK koordinatoru, eyni zamanda, siyasi məhbusların və etirazlar zamanı saxlanılan şəxslərin azad edilməsini vacib sayır. O qeyd edir ki, xalqla barışmayan bir hakimiyyətin dünya ilə sülh içində yaşaması mümkün deyil. Daxili gərginlik aradan qalxmadan xarici təhlükə də aradan qalxmayacaq.
Əli Hacı hesab edir ki, bu islahatlar həyata keçirildiyi təqdirdə, İrana qarşı tətbiq olunan embarqoların ləğvi üçün real əsas yaranacaq. O, keçmiş dini idarəçilik rəhbərlərinə və onlara tabe olmuş güc strukturlarına amnistiya verilməsini isə keçid dövrünün qaçılmaz elementi kimi qiymətləndirir və bunun yeni qarşıdurmaların qarşısını ala biləcəyini bildirir.
Onun sözlərinə görə, İranın qarşısında iki yol var: ya sistemi dəyişərək müharibə riskini minimuma endirmək, ya da mövcud kursu davam etdirib daha ağır qarşıdurmalarla üzləşmək.
Camal Cavanşir












