“İşğaldan azad edilmiş bölgələrdə istiqrarın təmin ediləcəyinə şübhəmiz yoxdur”.
Yenicag.az xəbər verir ki, bu fikirləri Dünya Axısxa Türkləri Birliyinin (DATÜB) sədri Ziyaatdin Kasanov Türkiyənin ölkəmizdəki Sabiq səfiri Hulusi Kılıçla birgə keçirilən mətbuat konfransında səsləndirib.
Ziyaatdin Kasanov artıq türk dövlətlərinin gücünü birləşdirməli olduğunu qeyd edib:
“İşğaldan azad edilmiş bölgələrdə istiqrarın təmin ediləcəyinə şübhəmiz yoxdur. Qardaş dövlət Türkiyənin bu barədə ciddi investisiyaları da olacaq. Biz bu gün dövlətlərimizi birləşdirdik. Biz millət kimi, işimizi, gücümüzü birləşdirməliyik. İndi önümüzdə inanılmaz fürsətlər var. Türk Keneşinin gördüyü işlərin nəticəsini yaxın zamanda görəcəyik. Türk dünyasının öndəri Nursultan Nazarbayev, Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev türk dünyasının birləşməsində böyük rol oynadı. Həm azərbaycanlı iş adamları Qazaxıstanda, qazax iş adamları da Azərbaycanda fəaliyyət göstərə bilərlər. Bunun üçün geniş imkanlar var. Bu məsələni Qazaxıstan və Türkiyədə qaldıracam. İnşallah, türk dünyası arasında münasibətləri daha da inkişaf etdirəcəyik”.
Kasanov bu gün Azərbaycanda ordu quruculuğunun yüksək səviyyədə olduğunu bildirib:
“Bu gün köhnə SSRİ ölkələri Azərbaycandakı kimi ordu qurmaq üçün çalışırlar. Biz də savaş başlayanda sevindik ki, bizə də ehtiyac olacaq. Axısxa türkləri də sürgün həyatı yaşayıb və bunu, öz vətənindən didərgin düşməyin nə olduğunu bilirik. Biz savaş başlayanda müharibəyə qatılmağa hazır olduğumuzu söylədik. Allaha şükür, çox qısa zamanda savaş zəfərlə bitdi. İndi isə niyyətimiz zəfər üçün canlarını verənlərə maddi-mənəvi yardım etməkdir. Son 5 gündür şəhid ailələrini ziyarət edirik. Mesajımız çox dəqiqdir: Bu zəfər türk dünyasının zəfəridir. Ona görə də şəhidlər də bizim şəhidlərimizdir. Biz ömürboyu onların yanındayıq. Lazım olduğu zaman bir yumruq olacağıq”.
www.yenicag.az