!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kəndir... yetim qalan uşaqlar… - Bədbəxtliyi gəlirindən artıq olan "Topaz" burulğanı

!Reklam – Yazi

Azərbaycanlıları intihara sürükləyən səbəblər arasında mütləq şəkildə ödənməmiş borc problemi var. Bu səbəbdən intihar edən insanlar ya özlərindən sonra məktub qoyur, ya da borc barəsində yalnız mərhumun yaxınları bilir. “Topaz” ofislərinin önündə toplaşanlara nəzər salın: burada 18 yaşdan kiçik şəxslərə mərc oyunlarında iştirak etmək qadağası da asanlıqla pozulur. Kəndir, yetim qalan uşaqlar və övladının vaxtsız ölümüylə qəhərə boğulan valideynlər – qumar oyunlarının mütləq sonu məhz belədir.

“Azerinteltek” şirkətinin saytında yer alan məlumata əsasən, Azərbaycanda hazırda “Topaz”ın 500 məntəqəsi var. Bu QSC “Azərbaycan” otelində ilk Azərbaycan qumarxanasının təsis edilməsindən 9 il sonra, 2010-cu il yanvarın 19-da yaradılıb. Mərhum prezident Heydər Əliyev 1998-ci ildə istənilən növ qumar oyununu qadağan edib. Əlbəttə ki, oyun həvəskarları zirzəmilərə yığıldılar və ya pullarını Gürcüstana keçirtməyə çalışdılar. Bu isə hökuməti narahat etməyə başladı. 2010-cu ildə Azərbaycanda qumar oyunlarına qoyulan qadağa ləğv edilmədən “Azerinteltek” meydana gəldi. İlkin olaraq, QSC məsum tapşırıqla – Azərbaycanda qumar oyunları potensialını öyrənmək üçün yaranmışdı. Sanki bu potensial o qədər bilinmirdi ki, xüsusi bir qurum yaratmağa da ehtiyac vardı. 1 il sonra isə “Azerinteltek”in ticarət markası qismində “Topaz”ın yaradıldığı elan olundu. 2013-cü ildə bu şirkət tazı yarışı keçirtməyə və “Azerlotereya” şirkətinin biletlərini satmağa başladı.

Beləliklə, Azərbaycanda – Qafqazın qumar oyunlarına dövlət qadağası qüvvədə olan yeganə ölkəsində 500 leqal mərc məntəqəsi açıq şəkildə fəaliyyət göstərməyə başladı.

“Topaz”dan əldə olunan vəsaitlə Gənclər və İdman Nazirliyinin, Futbol Federasiyasının, Azərbaycan futbol üzrə Premyer Liqasının (2012-ci ildən) xərclərinin bir qismi ödənilir. Bunun qarşılığında isə dövlət “Topaz”ı çoxsaylı yerli və xarici, xüsusilə virtual oyun şirkətlərinin güclü rəqabətindən qorumağı öz üzərinə götürüb. 2009-cu il avqustun 27-də qəbul olunan qanuna əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə Azərbaycanda idman üzrə qumar oyunlarının operatoru ilə müqavilə bağlamadan istənilən yerli və xarici virtual qumar oyunları təşkilatçılarının fəaliyyətinin qarşısını almaq tapşırılıb. Yəni rəqiblər yalnız “Topaz”ın tərəfdaşları ola və ya Azərbaycan bazarından imtina edə bilərlər.

“Topaz” tərəfdarları deyirlər ki, insanların qumar oyunlarına meyli daima mövcud olduğuna görə bundan dövlət büdcəsinə qazanc gətirmək və sosial itkiləri minimallaşdırmaq üçün bu biznesi dövlət nəzarətinə keçirtmək daha yaxşıdır. Bəs o zaman nə üçün dövlət eyni məntiqlə fahişəliyi leqallaşdırmır? Məgər QİÇS və intim yolla keçən digər xəstəliklər təhlükəli deyil? Hökumət millətin sağlamlığına görə məsuliyyəti boynundan atıb?

Ehtimal edək ki, hökumət bu qaçılmaz bəla ilə – qumar oyunlarıyla barışıb və azərbaycanlıların oyun həvəsini məhdud qanun çərçivəsinə salıb. Yenidən sual formalaşır: neft hasilatı aşağı düşdükdə Azərbaycan bu monopoliya şirkətinin artan gəlirlərinə ümid etməlidir? Oyunçuların intiharına isə əl yelləmək olar?

Cavab yoxdur. Belə ki, “Topaz” öz gəlirləri barədə məlumat vermir. Şirkətin rəsmi saytında bütün oyunçuların mütləq qələbə qazanacağı barədə gözəl sözlər ( sanki, bu mümkündür…), “Topaz” rəhbərlərinin adları (baş menecer Eren Eygi, Baş menecer müavini, maliyyə üzrə menecer İrfan Ünver) və mərc oyunları haqda çoxsaylı cəlbedici təkliflər yer alır.

Jurnalist Hafiz Babalını ən çox təəccübləndirən isə o olub ki, maliyyə hesabatlarını və vergi ödənişlərini yaymamaq hüququ “Azerinteltek” QSC-nin hökumət tərəfindən təsdiq olunan nizamnaməsində yer alır. Bu şirkət “Hafka” ləqəbli biznesmen Hafiz Məmmədov tərəfindən yaradılıb. Onun müflis olmuş “Bank of Azerbaijan”, “Baku Taxi”, “Transgeyt” və digər məşhur şirkətləri olub. İndi “Topaz”a rəhbərlik etmək haqqının onda olub-olmaması məlum deyil. Azərbaycan qanunvericiliyi kommersiya şirkətlərində pay sahibləri və mülkiyyətçilərinin adlarını məxfi saxlamağa icazə verir. H. Babalı insanların qumar oyunlarına meylini nəzərə alaraq, Azərbaycanda bu tip mərc oyunlarının keçirilməsinə qarşı deyil. Lakin o, istənilən biznes iştirakçısının maliyyə hesabatlarının yayılmasını tələb edir.

İqtisadçı Natiq Cəfərli də bu fikirdədir. Onun sözlərinə görə,

“Topaz”ı total dövlət himasindən çıxartmaq lazımdır: “Azərbaycanda antimonopoliya qanunvericiliyi fəaliyyət göstərir. Amma nə üçünsə bu qanunvericilik qumar oyunlarını əhatə etmir. “Azerinteltek” QSC-nin meydana gəlməsiylə mərhum prezident Heydər Əliyevin qumar oyunlarına qadağası “havadan asılı qaldı”. Bu qadağaya nə üçün riayət olunmur? Və ya nə üçün qadağa özü ləğv olunmur? ” Azerinteltek” QSC-nin gücü o qədər böyükdür ki, hətta şeyxülislam Paşazadə belə İslamın qumar oyunlarına münasibətini yaxşı bilə-bilə “Topaz”ın bağlanılmasını tələb etmir.

www.yenicag.az

2831
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv