Rusiya, Ukrayna və Qazaxıstan tələbatdan az buğda istehsal etsə, Azərbaycan kimi ölkələr ac qalar.
Bütün cəhdlərə baxmayaraq, Azərbaycanda hələ də yüksək keyfiyyətli buğda istehsalı demək olar ki, sıfır səviyyəsindədir. Ona görə də, Azərbaycan hər il xaricdən taxıl idxal etmək məcburiyyətində qalır.
Görəsən, ölkə daxilində yüksək keyfiyyətli taxıl istehsal edilməsinə hansı amillər mane olur? Niyə bu günə qədər həmin istiqamətdə edilən bütün cəhdlər ciddi səmərə verməyib?
Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bildirdi ki, torpağın öz münbitliyini itirməsi, aqrotexniki qaydalara əməl edilməməsi, idxal mafiyasının daxildə yüksək keyfiyyətli buğda istehsalında maraqlı olmaması hələ də bu sahədə irəliləyişin əldə olunmasına mane olan əsas amillərdir:
“Keyfiyyətli buğda istehsalına nail olmaq üçün ilk növbədə torpağın keyfiyyətinin yaxşılaşdırılması məsələsi həll edilməlidir. Torpaq münbit hala gətirilməli, lazımlı elementlərlə təmin olunmalıdır. Eyni zamanda taxıl istehsalı ilə məşğul olan sahibkarlar aqrotexniki qaydalara mütləq əməl etməlidirlər. Burada ən vacib şərtlərdən biri də keyfiyyətli toxum istehsalı ilə bağlıdır. Məhsulun suya olan tələbatı da vaxtlı-vaxtında ödənilməli, zərərvericilərə qarşı mübarizə aparılmalıdır. Ümumiyyətlə, keyfiyyətli buğda istehsalına nail olmaq üçün bu istiqamət üzrə elm inkişaf etdirilməlidir. Elmi institutlar da bu sahə ilə əlaqəli işləməlidir. Fermerlərin bilik və bacarığı artırılmalıdır, həmçinin onlara yeni texnologiyanın mənimsənilməsində yardımçı olmaq lazımdır.
Bu şərtlərə kompleks şəkildə əməl edilməsə real nəticə də əldə olunmayacaq. Ukrayna, Kazaxıstan və Rusiya geniş əraziyə malik olduqlarından tələbatdan artıq taxıl istehsal edə bilirlər. Bir anlığa təsəvvür etsək ki, onlar tələbatdan az məhsul istehsal ediblər, onda Azərbaycan kimi ölkələr ac qalacaq. Bu da keyfiyyətli məhsul istehsal edə bilməməyimizdən qaynaqlanır. Hətta ölkəyə gətirilən buğda 4-cü, 5-ci növ buğdaya aiddir, yəni ərzaq buğdası deyil. Bu istiqamətdə əsaslı dönüşə nail olmaq üçün taxıl idxalı üzərindəki inhisarçılıq da aradan götürülməlidir. İdxalda maraqlı olan qüvvələr daxildə yüksək keyfiyyətli taxıl istehsalının əldə olunmasını istəmirlər.
Bütün bu şərtlərin hamısına əməl olunduğu təqdirdə, ölkəmizdə də lazımı qədər keyfiyyətli taxıl məhsulu əldə etmək mümkün olacaq. Əks halda, vəziyyət dəyişməz olaraq qalacaq”.
ELÇİN
www.yenicag.az