İkinci Dünya Müharibəsində Hitler “Varşava tamamilə məhv edilsin” əmri vermişdi. Əslində bu, təəccüblü deyildi, çünki müharibə illərində ağır zərbə almış Varşava almanların son həmləsindən sonra yerlə-yeksan olmuş, şəhər xarabalığa çevrilmişdi. Xüsusilə də şəhərin Old Town deyilən qədim hissəsi tamamilə dağıdılmışdı. Məhz buna görə indi də polyaklarda almanlara qarşı soyuqluq, ruslara qarşı isə nifrət var. Tarixi qaranlıq ekskursiyalarla zəngin olan Polşa, xüsusilə də paytaxt Varşava bütün butun bunlara rəğmən, qədimliyini qoruya bilib, turistik məkan kimi Avropanın “ən yeni” paytaxtlarından birinə çevrilib.
Baş çəkilməsi vacib olan 10 məkandan biri
Polşanın tarixini araşdırarkən ortadan keçən bir “qırmızı xətt” var. Bunu polyak xalqının psixoloji halına da aid etmək olar. Polyaklar üçün toxunulmaz xətt onların tarixi və dinidir. Bütövlükdə götürsək, polyaklar çox dindardır. Tarixlərindən danışdıqda isə hər zaman tarixi ədalətsizliyə məruz qaldıqlarını bildirirlər. Polyak ziyalıları İkinci Dünya müharibəsindən danışarkən vətənlərinin ədalətsizliklə dağıdıldığını qabardırlar. Amma öyünmə səbəbləri də var – tarixi məkanları, qədim abidələri, muzeyləri. Paytaxt Varşavaya gedərkən baş çəkilməsi vacib olan 10 yer var ki, onlardan biri Varşava Milli Muzeyidir (Muzeum Narodowe – National Museum).
Muzeyə getmək imkanı olmayanları bura ilə qiyabi tanış edəcəyik.
Bir milyona yaxın eksponat
Varşava Milli Muzeyi Polşa ən qədim muzeylərindən biridir. Bu İncəsənət Muzeyi kimi 1862-ci ildə açılıb. 1918-ci ildə Polşa müstəqillik əldə etdikdən sonra muzey milli mədəniyyətin qorunması və inkişafında böyük rol oynayıb. 1938-ci ildə muzeyin modern üslubda yeni binasının tikintisi başa çatdırılıb. Hazırda muzeydə Polşa və xarici rəssamların ümumilikdə 830 mindən çox eksponat – heykəllər, rəsm əsərləri, fotoşəkillər, pul və müxtəlif dövrlərin dekorativ sənət nümunələri saxlanılır.
Sərgi bir neçə qalereyalara bölünür: orta əsr sənətinin zalı, köhnə Avropa ustalarının əsərlərinə həsr olunan Polşa və Avropa portret qalereya zalı, XIX əsrin sənət qalereyası, XX və XXI əsrin sənət qalereyası.
Muzeyin “Faras Gallery” zalında erkən xristian dövrünün Nubian mədəniyyət və incəsənət abidələrinin Avropa kolleksiyası yer alıb. “Art Gallery”də heykəllər, rəsm əsərləri, orta əsrlərdə Polşanın digər bölgələrində hazırlanmış zərgərlik məmulatları saxlanılır. Bundan başqa, muzeydə İkinci Dünya müharibəsi zamanı nasistlər tərəfindən oğurlanmış rəsm əsəri də var ki, həmin əsər post-müharibə illərdə Polşa xalqına qaytarılıb.
Tarixi məkanda kommunizm qalıqları
Muzeyi seyr edərkən polyakların dinə münasibəti də məlum olur. Muzeyin ilk mərtəbəsi sırf katolik inancına həsr olunub. İslam dini dünyagörüşündən fərqli olaraq xristian inancında rəsm və heykəllər azad olduğu üçün burada xeyli abidələrə rast gəlmək olur. Xaç suyuna salınma qabı, İsanın müxtəlif heykəlləri və sair.
Muzey rəsm əsərlərinin zənginliyi ilə diqqət çəkir. Sürreal, modern, posmoder rəsm əsərləri göz oxşayır.
Tarixi məkanın bir hissəsi kommunizm cəbhəsinə həsr olunub. Polyaklar tarixlərinin bu dövrü haqqında çox qəzəblidirlər. Muzeydə həmin dövrə aid şəkillər var. Şəkildə göstərilən hadisədə general Wojciech Jaruzelski televiziyada çıxış edir və fövqəladə vəziyyət elan edir. Hansı ki, həmin hadisələrdə Polşanın müstəqillik tərəfdarları ilə SSRİ-yə yaxın hərbi dairələr arasında toqquşma baş vermişdi.
Muzeyin bir hissəsi XV-XVIII əsrlərə aid yemək, bəzək və geyimlərdən ibarət nümunələrindən ibarətdir. Şəkillərdə holland və alman modasının izləri var.
Diqqətçəkən eksponatlardan biri də üzərində kralın şəkilləri təsvir olunmuş xalçalardır.
Kral III Avqust Wettynin taxt-tacı və taclandırma mərasimində istifadə olunmuş ləvazimatlar muzeyin maraqlı eksponatı kimi qorunur.
Burada həmçinin Sudan və Polşa arxeoloqlarıının araşdırmaları nəticəsində VII və VIII əsrlərə aid kilsə qalıqları, Fransanın dövlət xadimi və ilk dəfə olaraq “boz kardinal” ayaması ilə adlandırılan Rişelyönün portreti var muzey zyarətçilərinin maraqla görmək istədikləri eksponatlar sayılır.
Ola bilər ki, Polşanın bir parçası olan Milli Muzeylə bağlı yazını oxuyarkən, bu ölkənin Azərbaycanla münasibəti barədə də düşünənlər olub. Bunu nəzərə alaraq məlumat üçün deyək ki, Polşa Azərbaycanın ən çətin dövrlərində ölkəmizin yanında olan,1996 -cı ildə ATƏT-in Lissabon zirvə görüşündə Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunması naminə Azərbaycanı dəstəkləyən və çıxarılan bəyanata səs verən 53 ölkədən biridir.
Rüstəm Babayev
Bakı-Polşa-Varşava
www.yenicag.az