“Hətta elə ixtisas var ki, orada keçid balı 20-yə yaxın aşağı düşdü. Bu, çox mənfi haldır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında magistratura təhsil səviyyəsində keçid ballarının kəskin düşməsi və ikinci turda bakalavrların diqqət etməsi lazım olan məqamlardan danışan təhsil məsələləri üzrə ekspert Rizvan Fikrətoğlu deyib.
Onun sözlərinə görə, əvvəldən də magistraturada keçid ballarının kəskin düşəcəyi ilə bağlı proqnoz verilmişdi:
“Bu il ballar çox kəskin şəkildə aşağı düşdü. Əsas səbəbi isə birinci turda bakalavrlar elə də yaxşı nəticə göstərə bilməmişdilər və ikinci turda daha yaxşı bal toplayacaqlarınə zənn edirdilər. Lakin DİM ikinci cəhd imtahanını daha çətin keçirdi. Bu da bakalavrların nəticələrinin aşağı olmasına gətirib çıxardı. Bunun mənfi cəhətləri olacaq. Sualları çətin salmaqla balları aşağı salmağın heç bir mənası yoxdur. Hətta elə ixtisas var ki, orada keçid balı 20-yə yaxın aşağı düşdü. Bu, çox mənfi haldır. Düşünürəm ki, gələn il suallar asan salınacaq və bu da balların qalxmasına şərait yaradacaq. Bu da müəyyən mənada bakalavrları çaşdıra bilər”.
Ekspert qeyd edib ki, son illərdə magistratura təhsil səviyyəsində zəif nəticələr özünü göstərməyə başlayıb.
“Çünki magistraturaya sənəd verənlərin çoxu son kurs olduğu üçün magistraturaya çox da vaxt ayıra bilmirlər. Düşünürəm ki, DİM burada müəyyən qədər yumşaqlıq göstərməlidir. Bu qədər qəliz və rəhmsiz mövqe göstərmək düzgün deyil”, – deyı o əlavə edib.
Ekspert boş qalan plan yerlərinə qəbul üçün keçiriləcək ikinci turdan da danışıb:
“Boş qalan yerlərə də ikinci tur olacaq. Boş qalan yerlərdən əlavə qəbul olub, imtina edəcək şəxslərin də yerləri müsabiqəyə çıxarılacaq. İkinci tur qaçınılmazdır.
Yeri gəlmişkən, qəbul olunan bakalavrların nəzərinə çatdırmaq istəyirəm ki, 8-18 iyul arası portal.edu.az saytından müvafiq sənədləri yükləməklə qeydiyyatdan keçməlidirlər. Əgər bu müddət ərzində qeydiyyatdan keçməsələr, magistr təhsilindən imtina etmiş sayılırlar.
Digər bir məsələ isə ikinci turda diqqət olunması lazım olan məqamlar odur ki, bakalavrlar keçid balına uyğun seçimi kənara qoymalıdırlar. Ümumi statistikanı, plan yerlərini, ehtimalları nəzərə almalıdırlar.
Magistraturaya qəbulun balı, ümumiyyətlə, aldadıcıdır. Sadəcə, burada nə qədər insanın müsabiqəyə buraxıldığını, nə qədər nəticə göstərmiş bakalavrın olduğunu nəzərə almaq lazımdır. Bəzən magistraturada aşağı balla yüksək yerlərə qəbul olmaq olur. Diqqətli seçim edilməlidir”.
İsmayıl Bakuvi
www.yenicag.az