!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Mandat lazım olanda mandata, vəzifə lazım olanda vəzifəyə satılırıq”

!Reklam – Yazi

“Dialoq kürsüsü”ndə Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğludur.

Mirmahmud Mirəlioğlu ilə müsahibənin dəqiq vaxtını təyin etmədik. Razılaşdığımız kimi günün ikinci yarısında qərargahda olduq. Bəyi iş başında yaxaladıq.

– Söhbətə ənənəvi sualımla başlamaq istəyirəm: bu gün müəyyən bir siyasi kursu olan Mirmahmud Mirəlioğlu dayandığı yerdən dünyaya hansı “pəncərədən” baxır və oradan nə görür?

– Əslində bu “pəncərədən” hər gün baxmaq lazımdır. Baxmaqla iş bitmir, həm də görmək lazımdır və görmək də hər kəsə müyəssər olmur. Hamı baxır, hamı görə bilmir. Bu, bir az böyük səslənir. Görünən odur ki, dünyada bir qarışıqlıq var və bütün bunların hamısı da Azərbaycanın vəziyyətinə təsir edir. Məncə bu həftənin baş tezisləri təkcə sadaladıqlarımız deyil. Fevralın sonunda həftənin əsas tezisi Xocalı soyqırımının ildönümü ilə bağlı oldu. Belə hadisələr hər ayımızda var: 20 yanvar, daha sonra 31 Mart qırğınları. Biz bu gün “Zabul seygahı”nın müşaiyəti ilə “qan yaddaşı” deməklə mübarizə əhval-ruhiyyəsi yarada bilmərik. Bunlardan dərs çıxartmaq lazımdır. Narahatçılıqlarımız çoxdur. Ona görə də bu məsələlərin üzərinə mövsümi deyil, ardıcıl gedilməlidir. Bizim dostlarımz, düşmənlərimiz qarşısında borclarımız var: dostlarımıza sədaqət və etibarlılıq, millətimizə xidmət, düşmənlərimizdən isə qisas almaq borcumuz… Bu, nə xalq diplomatiyası, nə də başqa ictimai vasitələrlə mümkün deyil. Bu qisası ancaq əsgər və onun silahı ala bilər. Təəssüf ki, bu, hələlik arzu və istəkdən, bəyanatdan o tərəfə keçmir.

Son dövrlərdə Azərbaycanda qəribə şeylər baş verir. Diplomatiyamız musiqi müşaiyətilə gedir. Məsələn, tutaq ki, Polad Bülbüloğlu bütün dönəmlərdə, bütün hakimiyyətlərdə öz kürsüsündə qalmağı bacarır və bunu diplomatiya sayır. Yəni o, Vəzirov, Mütəllibov, Elçibəy, Heydər Əliyev və İlham Əliyev zamanında da qala bilir və hətta Azərbaycan mediasına da hücum edir.

– Polad Bülbüloğlunun adını çəkməklə nəyə işarə elədiniz?

– Bütün diplomatiyamız bu gündədir. Həsən Həsənov olanda da belə idi, Vilayət Quliyev, Tofiq Zülfüqarov olanda da belə idi və bu gün də belədir. Yaxud “Qaçqınkom”un sədri gözəl bəyanatlar, ultimatumlar verir, sanki kiməsə mesajlar ötürür. Amma qaçqınların problemi həll olunmur. Yəni heç kəs öz işi ilə məşğul deyil. Demək olar ki, Azərbaycanda bir hərəkətsizlik var. Bu da çox xoşagəlməzdir və bütün bunların hamısı Azərbaycan insanını düşündürməlidir. Təkcə deməklə, yazmaqla bitmir. Həqiqətən iş görmək lazımdır. İndi də multikulturalizm ortaya atılıb. Bu, Azərbaycana qətiyyən lazım deyil. Multikulturalizm şərəfsizliklə bərabər aparılan bir məsələdir.

– Bizim üçün multikulturalizmin təhlükəsi nədir?

– 1000 illərdir Azərbaycanda multikulturalizm olmadan da insanlarımız dinc və yanaşı yaşayırlar. Azərbaycanda multikulturalizm ilinin elan olunması, komitə yaradılması bizə düşmən olanları bizə unutdurmaqdan ötrüdür. Məsələn, heç kəsin ata-anasının kim olmasına görə məsuliyyəti yoxdur. Amma bizim özümüz düşmənimizi tanımağa həm məsuluq, həm də düşməni tanıyıb nəticə çıxara bilmiriksə, bunun da günahı bizdədir.

– Dünən tanınanlar və bu gün də üzdə olan ictimai-siyasi şəxslərin adı müəyyən dərəcədə ittihamların hədəfindədir. İndi bir neçəsinin adını çəkib, onların musiqiyə bənzətdiyiniz “diplomatiyası”ndan danışdız. Sanki gündəm “bir-birini günahlandırmaq üzrə yarış”la diqqət çəkir.

– Bu da doğrudur. Mən bunu niyə dedim: Azərbaycana düşmən mövqeyində birinci “atəş açan” Rusiyanın xarici işlər naziri Lavrov – Kələntəryan (Sergey)olub. Onun oğlanlıq familiyası budur və onun atası erməni, anası rusdur. Atasının erməni olması da onun günahı deyil. Bu bir bəyanat verir və sonra da jurnalistin ona verdiyi suala görə Polad Bülbüloğlunun təklifi ilə jurnalist işdən qovulur. Jurnalist sual verirsə, mənim ona düzgün cavab verməyə qabiliyyətim çatmalıdır. Onun ardınca da Milli Məclisdə Nuri Paşanı söyürlər, sonra mətbuat konfransına öz iti ilə gələn Putin Jirinovski kimi iti Moskvadan Qafqaza qarşı “hürdürür”. Azərbaycanda isə onu təmtəraqla qarşılayıb, cibinə də pul qoyub yola salırlar. Sonra nə baş verir: məşhur alimlər, Milli Məclis üzvləri müsahibə verirlər ki, “adam qeyri-ciddidir, ona fikir vermək lazım deyil. Burdan da belə çıxır ki, deməli, Azərbaycan rəhbərliyində qeyri-ciddi adama ciddi münasibət göstərilib. Yaxud, qanı qarışıq birisi parlamentdə ironiya ilə deyir ki, Nuri Paşanı təhqir edənləri arxivə göndərmək lazımdır, getsinlər tarix oxusunlar… Ona deyən lazım, danışırsan danış, danışmırsan abrına, günahına qısıl sus… Bir-birinin ardınca Azərbaycanın tarixinə, bu gününə müxtəlif formalarda dil uzadılır. Azərbaycanın öz içində də bir təbəddülat baş verir, aləm qarışır, erməniləri qarşılama baş verir və siyasət bölünür bir neçə yerə və deyirlər ki, siyasi partiyalar bu işlə məşğul olmalı deyillər, əks halda dünya, beynəlxalq aləm bizə nə deyər; ictimai təşkilatar var, bu işlə onlar məşğul olmalıdır. Adamdan soruşarlar ki, onu biz deməyək, bunu deməyək, bəs nə deyək, bəs kim desin?!

Bütün qarışıqlıqlar tariximizə dil uzatmaq, diqqəti əsas məsələlərdən yayındırmaq üçündür. Mənim kiminsə adını hallandırmağım isə diqqəti əsas məsələyə çəkmək məqsədi daşıyır. Onu da deyim ki, adını çəkdiyim səlahiyyətli nümayəndələr müəyyən hədələrlə bura gəlirlər. Mən də heç beynəlxalq nümayəndələrə vermədiyim vizit kartımı onlara verirəm ki, lazım olsam asanlıqla tapsınlar…

“Mandat lazım olanda mandata, vəzifə lazım olanda vəzifəyə satılırıq”

– Sizi hədələyirlər?

– Arada olur.

– Bu kimi təsiredici vasitələrlə nəhayət nəyə nail olmağa çalışırlar?

– Bizi çıxılmaz vəziyyətə salmaq istəyirlər. Bu gün biz normal danışa, bir-birimizi dinləyə bilmirik. Bayaq dedik baxırıq, amma hamımız görə bilmirik. Bunun qarşılığında da hamı bir-birini günahlandırır. Biz özümüzə “milli qüvvə” deyirdik, indi bizə “antimilli qüvvə” deyirlər, “1 il hakimiyyətdə oldunuz nə etdiniz?” və sair bu kimi ittihamlar var. Bu da ona görədir ki, bizi çıxılmaza salıb istədiklərini etsinlər. Biz də hesab edirik ki, hər kəs öz işi ilə məşğul olmalıdır. İndi elə sahələr var ki, ondan danışmaq olmaz, amma danışmasan da olmaz axı. Azərbaycanın Milli Müdafiə Sənayesi Nazirliyi var, onun hesabatlarına qulaq asanda adamın əti ürpənir. Bəli, bizim güclü ordumuz var və onun haqqında zərrə qədər də şübhə yaradılmamalıdır. Güclü ordunun aprel döyüşlərində əldə etdiklərini danışıq masasında uduzdurmaq olmaz, uduzdururuq. “Uduzdururuq”- deyəndə, özümü də o sıraya qoşuram. Yanlış siyasətlər bizim faciələrimizi gətirir. Bu faciələrin hər ay birini qeyd edirik. Bu cür hərə bir söz, bir ultimatum verir. Amma diplomatiya sifarişlə aparılmır. Kim nə desə onunla hərəkət etmək olmaz. Əgər torpaqlar işğal altındadırsa, bizim diplomatiyamız süngü ilə olmalıdır.

– Cəmiyyətin düşüncəsində nə var?

– Cəmiyyət “qul bazarları” ilə kef edir. Mandat lazım olanda mandata, vəzifə lazım olanda vəzifəyə satılırıq. Bizdə davamlılıq yoxdur. “Mənim mandatım olanda hər şey gözəldir, yoxdursa Azərbaycan pis durumdadır” prinsipi…

– Bunu kimə şamil elədiniz?

– Dünən, bu gün və sabah Azərbaycanda olan bütün mandat sahiblərinə. Bilirsiz, bəzi mandat sahiblərimiz var ki, onlar köşə yazarlarıdır və yaxud siyasi təhlilçilərdir. Yaxud, təhlilçi olubar, qələmini götürüb yazır ki, İrəvanda vəziyyət həddən artıq gərgindir və ermənilər panikadadırlar. Ay bədbəxt, bu yalanı kimə deyirsən? Uzaqbaşı özünə nifrət edənin birini də artırırsan. Bu cür siyasət yanlışdır. Yəni sən yaxşı, ağıllı təklif verənləri ağılsız sayırsan. Amma heç olmasa ondan yararlanmalısan axı. Niyə bu gündəyik, çünki hər şeyi rusbaşlılar idarə edirlər. Sonra da məlum olur ki, sən demə, Azərbaycanda təhlükəsizlik sistemi bərbad vəziyyətdə imiş. İndi simsiz telefonlar var. Onu Azərbaycana gətirən İran vətəndaşıdır, 5-6 il sonra olub Kanada vətəndaşı. Deməli, birinci növbədə bu araşdırılmalıdır. Yaxud dövlətin ən birinci şəxsi təhdid olunursa, İŞİD-ə qarşı, vəhabiliyə, məshəb davası salanlara qarşı mübarizə aparanlar varsa və bunu bilirlərsə, deməli, bir işlər görülməlidir.

– Kifayət qədər problemlərimiz var və düşündükcə daha da dərinə düşürük və sanki çıxış yollarını da tapmaqda çətinlik çəkirik.

– Çıxış yolları var. Birinci növbədə biz güclü ordumuza güvənməliyik. Xalq diplomatiyası ilə heç nə həll olunmayacaq. Bu yaxınlarda Xocalı faciəsinin növbəti ildönümü oldu. 25 il az vaxt deyil. Bəli, əlimizdə imkan olanda düşməndən qisas almadığımıza görə ONLARIN qanı bizi tutacaq. Yaxud torpağı danışıqlar yolu ilə almaq istədiyimizə, 20 yanvarı unutdurduğumuza görə, şəhidlərin qanı bizi tutub. Amma hələ də hamı nəsə gözləyir. Hüquq müdafiə orqanları gözləyir ki, bu il Xocalı faciəsinin 25 illiyində nəsə ola bilər və Xanlar Vəliyev əlini qulağının dalına qoyub, gözləyir ki, görüm kim nə tapşırıq verəcək. Bizdə qəribə ittihamlar var: “ermənipərəst”, “ruspərəst”, “qərbpərəst”. Nə olar ki, bir dəfə də “azərbaycanpərəst” desinlər. Bu gün Azərbaycan naminə deyilən hər söz daha təkmil olmalı və irəli getməlidir. Artıq Azərbaycan onun-bunun sözlərini müzakirə etmədən, öz sözünü konkret şəkildə deməlidir.

– Türkiyədə baş verənlərin Azərbaycana nə təsirləri olacaq?

– Dünya çapında müsəlman olan dünyəvi bir ölkə var ki, bu da Türkiyədir. Bu inkişafı, dəyərləri ondan almaq istəyirlər. Türkiyə İslam dünyasında yeganə dövlətdir ki, cümhuriyyətçiliyi saxlayıb. Bütün mahiyyəti – ordusu, dini, milliyyəti, bayrağı ilə birlikdə… Bu gün ilahi ədalət həm də türkün hakimiyyətilə mümkündür deyə, bütün dünya türkə qarşıdır. Məsələn, ötən həftələrdə Elçibəyə qarşı xüsusi məsələlər söyləndi, bu onun şəxsinə qarşı deyildi. Bu, bizim milli hökumətə, türkçülüyə, tariximizə qarşı olan münasibət, türkçülüyə olan münasibətdir. Hətta vaxtında bəyənmədiyimiz sovet dövründə hakimiyyətdə olan Mircəfər Bağırovun belə kimliyində “türk” yazılmışdı. Bizdə isə “azərbaycanlı” yazılır.Yəhudi Yevda Abramov da azərbaycanlıdır, Mixail Zabelin də, siz, mən də azərbaycanlıyıq. Amma o, özünə “erməni” deyə bilir, bu özünə “ləzgi” deyə bilir, biz isə özümüzə “türk” deyə bilmirik?

– Amma Azərbaycan türkü ifadəsi də var.

– Bu da normaldır, amma deyən azdır. Götürəndə elə biz türkük də. Tutaq ki, sıralayaq – Özbəkistan türkü, Qazaxıstan türkü, Türkmənistan türkü, Krım türkü və sair. Biz tayfaya bölürük: afşarsan, qacarsan, nəsən…

– Bunun adı nədir?

– Bu, başqa bir xəstəlikdir.1926-cı ildə türkoloq alimlərin biri özü boyda bir səhvə yol verərək, bizə “azərilər” deyib və o vaxtdan belə qalıb.

– Etiraz səsinizi necə çatdırırsınız?

– Azərbaycan mediası və başqa tədbirlər vasitəsilə…

– Eşidilirmi?

– Azərbaycandakı durumun çıxılmazlığının əsl səbəbi deyilənlərə qulaq asmamaqdan çox, onu heçə saymaqdır. Deyirlər, sən kimsən ki, sənin sözünə qulaq asım, ağıllı olsaydın vəzifən olardı, nazir olardın, korrupsioner olardın və sair.

– İctimaiyyətlə əlaqələr ponaramasında cəmiyyətlə bir dialoq mühitinin olduğunu söyləyə bilərikmi?

– Bəzən hə, bəzən də yox. Sanki bu da əhval-ruhiyyəyə bağlı olan bir məsələdir. Azərbaycanda korrupsiya ilə bağlı fikirlər deyilir, bunun kökü kəsilib, yox. Əksinə, hələ çiçəklənir. Bizə qapalıdırlarsa, bizim dediklərimizi necə eşidəcəklər? Qəlblərini də bağlayıblar, qulaqlarını da. Heç bizim səsimiz də onlara lazım deyil. Nə seçkidə bizim səsimiz ona lazım deyil, nə də başqa yerdə. Bu da sadəcə, bizi məhvə aparır. Azərbaycanda cəmiyyət özü də dövlətçilik psixologiyasından məhrumdur. Bir dəfə Naxçıvanın təhsil naziri çıxış edib dedi ki, Azərbaycanda Eldəgizlər, Atəbəylər, indi də Vasif Talıbovlar dövləti qurulub. Bizdə dövlətçiliyə baxış bu cürdür. Ona görə də bizim cəmiyyətdə “filankəsin dövründə belə idi” deyilir. Bizdə hökumətləri dövlət bilirlər. Bunu da bilərəkdən edirlər.

– Bizdə sosial modelləşmə necədir və “Sosial lift” necə işləyir?

– Bu “lift” bizdə hibritdir. Hibrit haqqında danışmaq isə çətindir. Ona görə də dünya standartlarını, tabuları, şablonları Azərbaycanda tətbiq edə bilmirik. İndi biz Moskva ilə Tehran arasında qalmışıq. Buna da “balanslaşdırılmış” deyirik. Adamımız da belədir. Məsələn, dünyada sosial media qədər xeyir gətirən şey yoxdur, amma bu, Azərbaycanda ən pis təsirə malikdir. Bizdə söyüşdür, təhqirdir, qandır-qadadır. Ona görə də Azərbaycanda hibritlərlə bağlı söz demək çətindir.

– Azərbaycan insanının psixologiyasını bu hala salan nədir?

– Ən mühümü budur ki, idarə olunur. Məsələn, bu gün ən möhkəm danışanlara, xalq arasında “bərkgedən” deyirlər, onların da gəzmədikləri qapı yoxdur. Yəni, sosial demokratda da olub, YAP-da da olub, həbsdə də olub, indi də gəlib bizə dərs deyir. Yaxud din xadimlərimiz var ki, sürücü olub, narkoman olub, həbsdə yatıb, indi də gəlib olub molla.

– Dəyişkənlik tələbi ilə xalqı, insanları müəyyən yerə çatdıracaqlarına söz verən müxalifət liderləri də “çox qapılar” gəzdilər. Ad dəyişdi, mahiyyət yox. İndi hardadırlar?

– 118 partiyanın rəsmi olaraq 55-i qeydiyyatdan keçib. Bu məsələyə hakimiyyət özü son verəcək. Amma hələlik, kimlərəsə sərf edir deyə, bunun üzərində dayanmırlar. Partiyaların çoxluğu siyasi qüvəlləri parçaladı.

– Milli-mənəvi dəyərlər və onun təbliği necədir?

– Azərbaycanda gedən hüquqi, siyasi mənəvi böhran cəmiyyətə də siyarət edib. Bu gün yüksək milli- mənəvi dəyərlərdən çətinliklə danışırıq. Milli-mənəvi dəyərləri heçə sayanlar var. Torpaqlarımız işğaldan azad olunacaq, amma milli-mənəvi dəyərlərə dəyən ziyan gec bərpa olunacaq. Əsgərimiz döyüş yox, barış uğrunda təbliğ olunursa, bu, düzgün deyil. Torpağımız işğal olunub və biz millət olaraq əsgər olmalıyıq. Hər hansı məsələni də milli mənəvi dəyərə yamaq edirik. Kimsə vəzifədə olduğuna görə, ona yaltaqlıq edirik. Bütövlükdə cəmiyyətik, inteqrasiya, sivilizasiya, qloballaşma olmalıdır, amma sifətimizi saxlamalıyıq.

– İtirməkdən çox danışırıq, heç qazancımız olmadımı?

– Biz acı təcrübə qazandıq. Qazancımız da oldu: bizim GÜCLÜ ordumuz var. Amma bu ordunu qələbə əldə etməyə qoymurlar. Məsələn, Azərbaycanda məshəb, təriqət davasını salmaq mümkün deyil. Bizdə bu sahə üzrə təməli möhkəm olan tarix var, adət-ənənələrimizi saxlayırıq. Amma artıq bir az zədələnir. Zədələnən budur ki, milli mentalitetimizə qloballaşma, multikulturalizmlə cəmiyyətə dəyən ziyanlar var. Bu, ancaq fərdlərə, nəsillərə, soyadlara dəyir. Milli-mənəvi dəyərlərimizə dəyən ən böyük zərbə işğaldır. Bu məsələdə hamı bir nöqtəyə vurmalıdır və hamı birmənalı olaraq bir fikirdədir. Sadəcə olaraq, yanlışlıqlar var, aparılan siyasət və kəkələyən, əsgərin uğurunu uduzduran diplomatiya var. Yaxud, bu gün sosial şəbəkədə status yazdığına görə həbs olunan varsa, mülkiyyəti əlindən alınan, hüquqları tapdanan varsa, hansı qazandıqlarımızdan danışa bilərik? Ancaq itirdiklərimiz var. Bunun da səbəbi iqtidardır. Təbii ki, mən hakimiyyətdə olsaydım bu, mənim üçün də deyilərdi. Çünki bu sadaladıqlarımın hüquqlarının qorunmasının qarantı hakimiyyətdir.

– Mirmahmud bəy, müxalifətin bugünkü durumunda partiyaların hər hansı birliyindən necə, danışmaq olarmı?

– İki il öncə, QHT-lərə, ictimai təşkilatlara hakimiyyətin hücumu başladı. O zaman müxalifət partiyaları bir araya gəldi və Əməkdaşlıq Mərkəzi yaratdıq. 2015-ci il seçkilərinə qədər fəaliyyət göstərdik. Sonra 9 partiyadan ibarət “Azadlıq” bloku yarandı. Müəyyən tədbirlərdə bir araya gəlirik. Sıramızda olmayan partiyalara gəlincə, onlar da işlərini öz istədikləri kimi qurur, yəqin istəyirlər ki, partiyalar məhz onların ətrafında toplaşsınlar. Bəzi partiyalar isə sonuncu seçkilərdən sonra daha bir arada olmaq istəmədiklərini deyirlər. Bu da Azərbaycan cəmiyyətinin reallığıdır. Bizdə siyasi cəsarət çatışmır.

 

Tahirə QAFARLI

Yeniçağ.az

www.yenicag.az

916
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv