!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Masazırın icra nümayəndəsini kim qoruyur? - Şahlar Əsgərov qəsəbədəki icazəsiz tikililərə göz yumur

!Reklam – Yazi

Abşeron rayonunun Masazır qəsəbəsində icazəsiz tikililər və kənd təsərrüfatı təyinatlı torpaqların qanunsuz olaraq satılması ilə bağlı ötən yazımızda oxuculara məlumat vermişdik.

Həmin materialda qeyd edilmişdi ki, Masazırda qanunsuz tikililərə “icazə”nin verilməsini və bu işlərə nəzarəti qəsəbənin icra nümayəndəsi Şahlar Əsgərov həyata keçirir. Adı uzun müddətdir torpaq alqı-satqısında hallanan Şahlar Əsgərovun Abşeron rayonunun sabiq icra başçısı, hazırda Sumqayıt şəhər icra hakimiyyətinin başçısı olan Zakir Fərəcovun kadrı olduğunu bilməyən yoxdur.

Sözügedən qəsəbənin müxtəlif ərazilərində sənədi olmayan yüzlərlə evin “gizli” tikintisinin davam etdirilməsinə baxmayaraq, aidiyyəti qurumların bu qanunsuz əməllərə hələ də göz yumması haqlı suallar doğurur. Buradan belə nəticəyə gəlmək olar ki, qəsəbədəki qanunsuz işlərə yüksək vəzifəli şəxslər himayədarlıq etdikləri üçün aidiyyəti qurumlar Masazırdakı icazəsiz tikililərə müdaxilə edə bilmir.

Eyni zamanda, Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin ölkənin müxtəlif rayon və qəsəbələrində qanunsuz tikintilərin qarşısını almasına baxmayaraq, Masazır qəsəbəsində vəziyyətin tamam fərqli olduğu da diqqətə çatdırılmışdı.

Masazırda yaşayan və tikinti ilə məşğul olan şəxslər yaxşı bilirlər ki, Abşeron Rayon İcra Hakimiyyətinin “icazə”si olmadan qəsəbədə daşı-daş üstünə qoymaq mümkün deyil. Rayon İcra Hakimiyyətindən tikinti üçün “icazə” almaq məsələsində isə vasitəçiliyi qəsəbənin icra nümayədəsi Şahlar Əsgərovun öz “inhisar”ında saxladığı bildirilir. İddialara əsasən, Masazırda fərdi yaşayış sahəsinin inşasına “icazə”nin məbləği birmərtəbəli ev üçün 3 min, ikimərtəbəli ev üçün isə 5 min manat təşkil edir.

Xatırladaq ki, son illər Masazırda sənədsiz tikinti işləri ən çox qəsəbədəki kənd təsərrüfatı təyinatlı ərazilərdə həyata keçirilir. Nə qədər təəccüblü olsa da, Şahlar Əsgərov qəsəbənin icra nümayəndəsi postuna gətirildikdən sonra Abşeron rayonuna təyin edilən artıq üçüncü icra başçısı olan Abdin Fərzəliyevin dövründə də rahatlıqla vəzifəsinin başındadır.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, Şahlar Əsgərov Masazır qəsəbə icra nümayəndəsi vəzifəsinə təyinat aldıqdan sonra inanılmaz dərəcədə sürətlə varlanmağa başlayıb. Belə ki, hazırda onun qəsəbənin müxtəlif yerlərində çox sayda obyektlərinin olduğu deyilir. Aylıq əməkhaqqısı 800 – 1000 manat olan qəsəbə icra nümayəndəsinin bu qədər əmlaka hansı yolla sahib olması isə aydın deyil.

Adı torpaq alverində və müxtəlif qanunsuz tikintilərə göz yummaqda hallanan Masazır qəsəbəsi üzrə icra nümayəndəsini yüksək vəzifə sahiblərindən birinin himayə etdiyi bildirilir. Görünür, himayədarına arxalanan Şahlar Əsgərov Masazırda icazsiz tikililərə nəinki rahatlıqla göz yumur, hətta bu işləri davamlı şəkildə “stimullaşdırır”.

Mövzu ilə bağlı araşdırmalarımız davam edəcək.

www.yenicag.az

732
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv