Ali təhsildə mövcud reallıqlar, dövlət dəstəyi və strateji hədəflər
Başa vurulan 2021/2022-ci tədris ilinin payız semestri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və yenilməz Azərbaycan Silahlı Qüvvələrinin rəşadəti sayəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin birinci ildönümü ilə əlaqədar olaraq bir çox əlamətdar hadisələrlə yadda qalmışdır.
Bununla yanaşı, dünyada pandemiyanın davam etdiyi bir şəraitdə Azərbaycanda COVID-19 infeksiyasına qarşı həyata keçirilən effektiv mübarizə tədbirləri və uğurlu vaksinasiya siyasəti sayəsində uzunmüddətli fasilədən sonra cari tədris ilindən etibarən respublikamızın ali təhsil müəssisələrində, o cümlədən Mingəçevir Dövlət Universitetində (MDU) ənənəvi tədrisin müəyyən məhdudiyyətlərlə bərpasına başlanılmış, bütün istiqamətlərdə fəaliyyətlərin mövcud çağırışlara və reallıqlara uyğun qurulmasına çalışılmışdır.
Ölkə başçısının ali təhsil sahəsində qarşıya qoyduğu vəzifələrdən irəli gələrək hökumət tərəfindən qəbul edilmiş yeni qaydalar və təlimatlar, Təhsil Nazirliyinin birbaşa dəstəyi ilə ali təhsil müəssisələri tərəfindən həyata keçirilən tədbirlər, eləcə də universitetlərdə əldə edilən təcrübələr və yaradılan yeni imkanlar ali təhsildə davamlılığın, əlçatanlığın təmin olunmasına və cari tədris ilinin payız semestrinin uğurla başa çatdırılmasına səbəb olmuşdur.
Yeni dövrün universitetinə çevrilmək, paytaxtın qabaqcıl universitetləri səviyyəsində ali təhsil xidmətləri göstərmək, ölkəmizin, o cümlədən regionun hərtərəfli inkişafına davamlı töhfə vermək kimi strateji hədəflərə doğru mühüm addımlar atan MDU-da bütün fəaliyyətlər milli və beynəlxalq ali təhsil məkanında müşahidə olunan inkişaf trendləri, meydana çıxan yeni çağırışlar və reallıqlar, eləcə də mövcud potensial nəzərə alınaraq həyata keçirilmişdir.
Potensialın inkişafı və modernləşmə
Dövlətin ali təhsilə yüksək diqqət və qayğısı, tələbə və əməkdaşların həmrəyliyi və əzmkarlığı, mövcud vəziyyətə realistik yanaşma və çevik adaptasiya, idarəetmənin səmərəliliyinin artırılması nəticəsində hesabat dövründə universitetin potensialının inkişafı və modernləşməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.
İlk növbədə, cari payız semestri ərzində tədrisin əyani və məsafədən olmaqla hibrid formatda uğurlu təşkilini, elmi fəaliyyətin genişlənməsi və məzmununda keyfiyyət dəyişikliklərinin baş verməsini, sosial fəaliyyətlərin artan dinamika ilə inkişaf etməsini, müasir dövrün tələblərinə uyğun olaraq idarəetmənin təkmilləşdirilməsi və rəqəmsallaşdırılmasını, beynəlxalq əməkdaşlığın və sənaye ilə işbirliyinin gücləndirilməsini xüsusi qeyd etmək olar.
Son dövrdə yeni məzmunda inkişaf yoluna qədəm qoyan MDU-da təhsilalanların və təhsilverənlərin hərtərəfli inkişafına şərait yaradan əlverişli təhsil mühitinin təmin edilməsi diqqət mərkəzində saxlanılır. Tələbə gənclərin müasir bilik və bacarıqlar əldə etməsi ilə yanaşı, onların milli-mənəvi dəyərlər əsasında və vətənpərvərlik ruhunda tərbiyə olunmasına, tədqiqat, yaradıcılıq və digər qabiliyyətlərinin inkişafına, startap fəaliyyətlərinin təşviqinə və universitet idarəçiliyinə cəlb olunmasına mühüm önəm verilir. Eləcə də, akademik, inzibati və texniki heyət üzvlərinin bilik və bacarıqlarının artırılması, onların karyera inkişafı, sosial rifahı və əmək şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir.
Perspektivdə milli ali təhsil məkanında mövqeyini daha da gücləndirməyi və regional ekosistemin drayverinə çevrilməyi hədəfləyən MDU-da müasir əmək bazarının tələblərinə uyğun olaraq kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, tədqiqat və innovasiya potensialının gücləndirilməsi, mövcud infrastrukturun və maddi-texniki bazanın genişləndirilməsi və yenilənməsi, yerli və xarici universitetlərlə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi, özəl və dövlət qurumları ilə işbirliyinin səmərəliliyinin artırılması prioritet fəaliyyət istiqamətləri kimi müəyyən edilmişdir.
Hazırda universitetdə iqtisadiyyat, mühəndislik və pedaqoji profilləri əhatə edən 24 ixtisas (bakalavriat) və 14 ixtisaslaşma (magistratura) üzrə kadr hazırlığı həyata keçirilir. Üç fakültənin və on kafedranın mövcud olduğu universitetdə 2021/2022-ci tədris ilinin payız semestrində ümumilikdə 3000-ə yaxın tələbə və magistrant təhsil alıb. Bütövlükdə 300-dən çox əməkdaşı olan MDU-da 195 professor-müəllim heyəti üzvü çalışır ki, onlardan 5 nəfərin elmlər doktoru, 57 nəfərin isə fəlsəfə doktoru elmi dərəcəsi, 3 nəfərin professor və 43 nəfərin isə dosent elmi adı vardır. Bundan əlavə, cari tədris ilindən etibarən, MDU-da Türkiyənin Qazi Universitetindən 2 professor fəaliyyət göstərir.
2021/2022-ci tədris ili üçün MDU-da bakalavriat və magistratura səviyyələri üzrə tələbə qəbulu planının əvvəlki dövrlərlə müqayisədə daha çox yerinə yetirilməsini, eyni zamanda universitetə yüksək balla qəbul olan tələbələrin sayında artımın müşahidə edilməsini son dövrdə MDU-nun imicinin yüksəldilməsi istiqamətində görülən işlərin ilkin nəticəsi kimi qiymətləndirmək olar.
Eyni zamanda, hesabat dövründə dövlətin hərtərəfli dəstəyi ilə universitetin müasir tələblərə cavab verən yeni kampusunun yaradılması istiqamətində müvafiq işlərin davam etdirilməsi mövcud potensialın yaxın gələcəkdə əhəmiyyətli dərəcədə artacağına zəmin yaradır.
Ənənəvi tədrisə qayıdış və tələbə məmnunluğu
Cari tədris ilindən etibarən ali təhsil müəssisələrində, o cümlədən MDU-da ənənəvi tədrisə qayıdış Nazirlər Kabinetinin müvafiq Qərarlarına, Təhsil Nazirliyinin müvafiq əmrləri və təlimatlarına əsasən həyata keçirilmişdir.
Bununla əlaqədar olaraq, xüsusi karantin rejiminin mövcud tələbləri, qanunvericiliyə edilmiş müvafiq dəyişikliklər, mövcud infrastruktur imkanlar, təhsilalanların və akademik heyətin COVID-19 infeksiyasından maksimum qorunması amilləri nəzərə alınmaqla universitetin Elmi Şurası tərəfindən “2021/2022-ci tədris ilinin payız semestrində MDU-da tədrisin və təlim-tərbiyə prosesinin təşkilinə dair Qaydalar” qəbul edilmişdir. Qaydalara əsasən MDU-da mühazirə dərsləri məsafədən, məşğələ və laboratoriya dərsləri əyani olmaqla tədris prosesi hibrid formatda təşkil edilmişdir.
Yeni şəraitdə tədrisin keyfiyyətli şəkildə davamlılığının təmin edilməsi, hibrid təhsil prosesində tələbələrin yüksək davamiyyətinə, fəallığına və mənimsəmə səviyyəsinə, biliyin qiymətləndirilməsi üzrə optimal mexanizmin tətbiqinə nail olunması qarşıya qoyulan əsas vəzifələrdən olmuşdur.
Təhsil Nazirliyinin müvafiq dəstəyi, onlayn kommunikasiya alətlərinin geniş tətbiqi, infrastruktur imkanların və kadr potensialının səfərbər olunması, ötən dövr ərzində əldə edilmiş müsbət təcrübə və yeni tədris ilinə hazırlıqla bağlı görülmüş çevik tədbirlər sayəsində MDU hesabat dövründə bu vəzifələrin öhdəsindən uğurla gələ bilmiş, hibrid formatda təşkil olunan tədris prosesinin davamlılığını və əlçatanlığını təmin etmiş, yüksək tələbə məmnunluğuna nail olmuşdur.
Eyni zamanda, MDU-da professor-müəllim və inzibati heyəti üzvləri, tələbə və magistrantlar ilə ənənəvi olaraq silsilə görüşlərin keçirilməsi payız semestrinə və imtahan sessiyasına hazırlıq səviyyəsinin yüksəldilməsində, tədrisin səmərəli təşkili və çevik idarə olunmasında əhəmiyyətli rol oynamışdır.
Cari payız semestrində universitetdə tədrisin hibrid formatda təşkili ilə bağlı atılan məqsədyönlü, ardıcıl və çevik addımların sayəsində təhsilverənlərin və təhsilalanların həm əyani, həm də onlayn dərslərdə yüksək iştirakçılıq səviyyəsi müşahidə edilmişdir.
Cari semestrdə MDU-da imtahan sessiyası Azərbaycan Respublikasının təhsil nazirinin “2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə” 10 dekabr 2021-ci il tarixli müvafiq əmrinin tələbləri və buna uyğun olaraq universitet rektorunun müvafiq əmri ilə təsdiq edilmiş qaydalar əsasında əyani formada təşkil edilib. 2022-ci ilin yanvarın 5-dən fevralın 2-dək davam edəcək cari imtahan sessiyasında 3000-dən çox tələbə və magistrantın 900-dən çox imtahanda iştirak etməsi gözlənilir. İmtahanlara hazırlıq məqsədilə MDU-da hər bir struktur bölməyə konkret tapşırıqlar verilib, dəqiq funksional iş bölgüsü aparılıb və imtahan sessiyasının mövcud qanunvericiliyin tələbləri çərçivəsində təşkili məqsədilə bütün zəruri addımlar atılıb.
Mühazirə mətnləri, təqdimatlar, dərslik və dərs vəsaitləri, imtahan sualları və onların xülasə şəklində cavablarının elektron formatda tələbələrə çatdırılması tədris olunan fənlərin tələbələr tərəfindən mənimsənilmə səviyyəsinin yüksəlməsinə və onların akademik göstəricilərinin daha da yaxşılaşmasına xidmət etmişdir.
Aparılan sorğulara əsasən, 2021/2022-ci tədris ilinin payız imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları operativ surətdə aradan qaldırmaq məqsədilə həyata keçirilən sistemli və kompleks tədbirlər tələbə və müəllim kollektivi tərəfindən yüksək qiymətləndirilmişdir.
Təqdirəlayiq haldır ki, tələbə, magistrant, valideyn və ictimaiyyət nümayəndələrindən MDU-da payız semestrində tədrisin təşkilindən və imtahan sessiyasının gedişatından məmnunluq ifadə edilən çoxsaylı müraciətlər daxil olmuşdur.
Hesabat dövründə Elmi Şuranın müvafiq qərarına əsasən MDU-da tədrisin keyfiyyətinin yüksəldilməsi üzrə İşçi Qrupunun yaradılması universitetdə tədrisin qabaqcıl yerli və beynəlxalq təcrübə əsasında müasir tələbələrə uyğun təkmilləşdirilməsi və məzmununun yenilənməsi ilə bağlı təkliflərin hazırlanması və reallaşdırılması məqsədi daşıyır.
Elmi fəaliyyətdə müsbət trendlər və yeniliklər
Ölkənin və regionun inkişafına töhfə verən, səmərəli və nəticəyönümlü elmi fəaliyyətin həyata keçirilməsini diqqət mərkəzində saxlayan MDU-da son dövrdə elmi potensialın inkişaf etdirilməsi sahəsində meydana çıxan müsbət trendlər 2021/2022-ci tədris ilinin payız semestri ərzində daha da gücləndirilmiş və bu istiqamətdə yeni keyfiyyət dəyişiklikləri baş vermişdir.
Hesabat dövründə universitetdə beşillik elmi-tədqiqat işlərinin təsdiq edilmiş planı çərçivəsində dörd elm sahəsi üzrə (təbiət elmləri, texniki elmlər, ictimai elmlər, humanitar elmlər) ümumilikdə 16 problemi və 43 mövzunu əhatə edən müvafiq tədqiqatların aparılması davam etdirilmişdir.
Bununla yanaşı, MDU-da akademik heyət üzvlərinin tədqiqat qabiliyyəti və bacarıqlarının artırılmasına, səmərəli elmi tədqiqat işlərinin yerinə yetirilməsinə və elmi fəaliyyətlərinin təşviq edilməsinə xüsusi diqqətin göstərilməsi, elmi nəşrlərdə dərc edilən əsərlərə görə əməkdaşların mükafatlandırılması universitetdə elmi fəaliyyətin genişlənməsinə və nüfuzlu beynəlxalq elmi jurnallarda dərc edilən məqalələrin sayının artmasına səbəb olmuşdur.
Belə ki, 2019-2021-ci illər ərzində MDU əməkdaşlarının “Web of Science” bazasında indekslənən elmi nəşrlərdə dərc olunan məqalələrinin sayı (15 ədəd) 1991-2018-ci illər üzrə müvafiq göstəricidən (7 ədəd) 2 dəfədən çox olmuşdur. Yalnız 2021-ci ildə belə məqalələrin sayı 6-ya çatıb. Ümumilikdə, bu günə qədər sözügedən bazaya daxil olan jurnallarda universitetin akademik heyət üzvlərinin 22 məqaləsi dərc olunub.
Ötən tədris ilində Elmi Şuranın müvafiq qərarı ilə təsis və MDU tarixində ilk elmi jurnal hesab edilən “Dayanıqlı inkişaf” multidissiplinar elmi jurnalının birinci və ikinci buraxılışları çap olunmuş və elektron variantda universitetin rəsmi saytında yerləşdirilmişdir. Jurnal Beynəlxalq Standart Seriya Nömrəsi (ISSN) və E-ISSN kodu almış, “Academic Resource Index ResearchBib” beynəlxalq xülasələndirmə və indeksləşdirmə bazasına daxil edilmişdir.“İctimai elmlər”, “Təbiət və texnika elmləri” və “Humanitar elmlər” bölmələrindən ibarət olan jurnalın redaksiya heyətində Azərbaycan, Türkiyə, İtaliya, Almaniya, Ukrayna, Çin, Qırğız Respublikası və Litvanın tanınmış alimlərinin yer alması və məqalələrin Azərbaycan, türk, ingilis və rus dillərində dərc edilməsi yaxın gələcəkdə sözügedən elmi nəşrin beynəlxalq status qazanmasına şərait yaradacaqdır. Qeyd etmək lazımdır ki, hər təqvim ilində dörd dəfə nəşr edilməsi nəzərdə tutulan jurnalın başlıca missiyası dayanıqlı inkişafın müxtəlif aspektlərini əhatə edən elmi-nəzəri və tətbiqi tədqiqatların səmərəli nəticələrini dərc etmək, müasir nəzəri yanaşmaları, yenilikləri və müsbət təcrübələri yaymaq, yerli və xarici ölkələrin tədqiqatçıları arasında elmi kommunikasiyanı inkişaf etdirməkdir.
Eyni zamanda, MDU-da yerli və xarici tərəfdaş ali təhsil müəssisələrinin doktoranturasında universitetin gənc əməkdaşları və məzunlarının təhsil almasına xüsusi diqqət yetirilir. Hazırda universitetin 33 əməkdaşı fəlsəfə doktoru proqramı, 6 əməkdaşı isə elmlər doktoru proqramı üzrə ölkəmizin müxtəlif ali təhsil müəssisələrində və AMEA-nın sahə institutlarında dissertant və doktorantdırlar. 2021-ci ilin may-iyun aylarında müxtəlif elm sahələri üzrə universitetin bir əməkdaşı elmlər doktoru, üç əməkdaşı fəlsəfə doktoru, dekabr ayında isə iki əməkdaşı fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün dissertasiya işlərini uğurla müdafiə etmişlər. Hazırda 11 nəfər doktorant və dissertant dissertasiya işlərini başa vurmuş və müdafiə ərəfəsindədir.
Bundan əlavə, MDU-nun bir əməkdaşı və bir məzunu Türkiyənin Qazi Universitetində müvafiq olaraq “Təhsilin idarə edilməsi” və “Kompüter elmləri” ixtisasları üzrə doktorantura təhsili alırlar.Universitetin bir əməkdaşı isə Erasmus+ proqramı çərçivəsində Sloveniya Respublikasının Nova Gorica Universitetində doktorantura təhsilini davam etdirir.
Hesabat dövründə magistr hazırlığının və doktorantlarla işin təkmilləşdirilməsi, qısamüddətli perspektivdə mövcud tələblərə uyğun bazaya malik ixtisaslar üzrə doktorantura təhsilinin təşkili məqsədilə Elmi Şura tərəfindən Magistratura və Doktorantura Təhsil Mərkəzinin yaradılması barədə qərar qəbul edilmişdir.
Eyni zamanda, payız semestrində universitetdə onlayn və əyani formatda müxtəlif aktual mövzularda çoxsaylı elmi konfrans, nəzəri-praktiki seminar və “dəyirmi masa”lar təşkil edilmişdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin dövlətçilik irsinin araşdırılması və tələbə gənclərə ötürülməsinə prioritet əhəmiyyət verən MDU-da hesabat dövründə Ulu Öndərin anım gününə həsr olunan elmi tədbirlər keçirilmişdir. Universitetin tələbə, magistrant və akademik heyət üzvlərinin iştirakı ilə 2021-ci ilin dekabrın 8-də “Heydər Əliyev dühası və müstəqil Azərbaycan dövləti” mövzusunda “dəyirmi masa”, dekabrın 11-də isə “Tarixi reallıqlara çevrilmiş Heydər Əliyev ideyaları” mövzusunda elmi konfrans təşkil edilmişdir.
Hesabat dövründə Qarabağ Zəfərinin birinci ildönümü münasibətilə MDU-da silsilə konfranslar keçirilmişdir. 2021-ci ilin 5 və 6 noyabr tarixlərində Türkiyənin Qazi Universiteti, Ankara Hacı Bayram Veli Universiteti və KTO Karatay Universiteti ilə birlikdə tarixi Zəfərə həsr olunan 3 elmi konfrans, noyabrın 4-də Qarabağ və Şərqi Zəngəzur rayonlarını təmsil edən deputatların iştirakı ilə “Vətən müharibəsi: qalibiyyətin təntənəsi və doğma Qarabağın dirçəlişi” mövzusunda konfrans, noyabrın 6-da “Zəfər Günü: işğaldan azad olunmuş ərazilərin sosial-iqtisadi inkişaf tarixinin yeni başlanğıcı” mövzusunda tələbə elmi konfransı, dekabrın 24-də “Taleyimizə nur saçan Müzəffər Lider” mövzusunda elmi konfrans böyük maraqla qarşılanmışdır.
Bununla yanaşı, Qazi Universiteti, Azərbaycan Texniki Universiteti və MDU arasında üçtərəfli işbirliyi çərçivəsində 2021-ci ilin 29 noyabr – 1 dekabr tarixlərində Beynəlxalq informasiya təhlükəsizliyi gününə həsr olunan “İnformasiya təhlükəsizliyi: təhlükələr və müdafiə mexanizmləri” mövzusunda keçirilən elmi seminarı xüsusi qeyd etmək lazımdır.
2021-ci ilin 10-11 dekabr tarixlərində Azərbaycan Respublikasının Təhsil və İqtisadiyyat nazirliklərinin, Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə MDU tarixində ilk dəfə olaraq “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir.
Bundan əlavə, cəmiyyətin aktual problemlərinə və əlamətdar tarixi günlərə həsr edilən, eləcə də dövlət müstəqilliyinin bərpasının 30 illiyi, “Dünya Elm Günü”, “Energetiklər Günü”və xalq yazıçısı Əzizə Cəfərzadənin 100 illiyi münasibətilə elmi tədbirlərin, o cümlədən tərəfdaş universitetlər və sənaye qurumları ilə birgə konfransların, nəzəri-praktiki seminarların və “dəyirmi masa”ların keçirilməsinə xüsusi önəm verilmişdir.
Hesabat dövründə MDU-da elmi fəaliyyətin səmərəliliyinin artırılması üzrə İşçi Qrupu yaradılmış və fəaliyyətə başlamışdır. Habelə, Elmi Şura tərəfindən MDU-da “Dayanıqlı İnkişaf və Regional İnnovasiyalar Tədqiqat Mərkəzi”nin yaradılması barədə qərar qəbul edilməsi dayanıqlı inkişaf mövzusunun universitetin elmi fəaliyyətinin prioritetlərindən olduğunu bir daha təsbit etmişdir.
Şahin BAYRAMOV,
Mingəçevir Dövlət Universitetinin rektoru
“Azərbaycan müəllimi”, 14 yanvar 2022-ci il
www.yenicag.az