Filippində zibil poliqonunda FACİƏ: Ölənlərin sayı 11-ə çatdı, 20 nəfər itkindir
Filippinin Sebu şəhərində yerləşən “Binaliw” poliqonunda genişmiqyaslı sürüşmə baş verib.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 11 nəfərə yüksəlib.
Məlumata görə, hadisə baş verən an ərazidə 100-dən çox işçi olub. Hazırda 20-dən çox insanın dağıntılar altında qaldığı və itkin sayıldığı bildirilir. Xilasedicilər müəyyən nöqtələrdə həyat əlamətləri aşkarladıqlarını qeyd edərək, axtarış-xilasetmə işlərini sürətləndiriblər.
Faciəyə səbəb kimi son günlər bölgədə hökm sürən güclü yağışlar göstərilir. Yağıntı nəticəsində ağırlaşan kütlə uçaraq saniyələr içində geniş ərazini ağuşuna alıb. Yerli sakinlər hadisə anını “qəfil partlayış” kimi xarakterizə ediblər.
Artıq poliqonun operatoru olan şirkətin fəaliyyəti dayandırılıb və faktla bağlı rəsmi istintaq başladılıb. Filippin parlamenti isə təhlükəsizlik qaydalarının pozulması ilə bağlı təcili islahatlara start verilməsini tələb edir.
Qeyd edək ki, baş verən hadisə ölkədə xüsusi təyinatlı poliqonların idarə olunmasındakı ciddi səhlənkarlıqları yenidən gündəmə gətirib.
Sona Əliyeva












