Dünyanı heyran qoyan “super şimpanze” öldü: Rəqəmləri tanıyır, rəsm çəkirdi…

media-hightechnic-468x90

Yaponiyada yaşayan və intellektual qabiliyyətləri ilə elm dünyasını lərzəyə gətirən məşhur dişi şimpanze Ai 49 yaşında vəfat edib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Ai rəqəmləri tanıması, rəngləri bir-birindən ayırması və bənzərsiz yaddaşı ilə “super şimpanze” ləqəbini qazanmışdı.

1977-ci ildə Qərbi Afrikadan Yaponiyaya gətirilən Ai, Kioto Universitetində icra olunan və öz adını daşıyan “Ai Layihəsi”nin simasına çevrilmişdi. Cəmi 18 aylıq olarkən kompüter klaviaturası ilə işləməyi öyrənən bu nadir primat, 5 yaşında artıq 1-dən 6-ya qədər saymağı bacarır, 300-dən çox obyektin rəngini və formasını sərbəst şəkildə ayırd edirdi.

Ai-ni digər hemcinslərindən fərqləndirən əsas xüsusiyyətlərdən biri də onun rəsmə olan marağı idi. O, heç bir yemək mükafatı gözləmədən, daxili instinktləri ilə markerlərdən istifadə edərək kağız üzərində sərbəst rəsmlər yaradırdı. Maraqlıdır ki, 2017-ci ildə onun çəkdiyi rəsmlərin motivləri əsasında hazırlanan xüsusi şərf məşhur primatoloq Ceyn Qudolla hədiyyə edilmişdi.

Ai-nin intellektual irsi onun 2000-ci ildə dünyaya gələn oğlu Ayumuda da davam edib. Ayumu hazırda anasından miras qalan möhtəşəm vizual yaddaşı ilə tanınır.

Ai-nin ölümü primatologiya elmi üçün böyük itki hesab olunsa da, onun rəqəmlər və rənglərlə açdığı yeni səhifə tədqiqatlar tarixində əbədi qalacaq.

Sona Əliyeva

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa