Beynəlxalq Cüdo Federasiyası (IJF) Bakıda keçiriləcək dünya çempionatı ilə bağlı təqdimat xarakterli reportaj hazırlayıb.
Yenicag.az xəbər verir ki, çəkilişlər Azərbaycanın müxtəlif bölgələrində aparılıb.
Reportajda Yay Olimpiya Oyunlarının qalibləri – Nazim Hüseynovla Elnur Məmmədlinin, ikiqat paralimpiya çempionu İlham Zəkiyevin və yeniyetmələr arasında Avropa çempionu Şahanə Hacıyevanın fikirlərinə yer verilib.
Diqqət çəkən məqam isə “Qəbələ”nin idmançısı, 2015-ci ildə Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmələr arasında Avropa çempionatının qalibi olan Ş.Hacıyeva ilə bağlıdır.
Cəbrayıl rayonunun 25 avqust 1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal edilməsindən sonra Sumqayıt şəhərində məskunlaşan məcburi köçkün ailəsinin üzvü idmana valideynlərinin istəyi ilə gəldiyini deyib:
“Valideynlərimin idmana böyük həvəsi vardı və məni də idmana qoymaq istəyirdilər. Bir-iki növü məsləhət gördülər. Mən isə cüdonu seçdim. Ailəm Cəbrayıldan məcburi köçkün düşüb. Cəbrayıl 1993-cü ildə işğal olunduğu üçün məcburi köçkün kimi Sumqayıtda məskunlaşmışıq. Qaçqın olmaq, kasıbçılıq şəraiti sadəcə, bir bəhanədir. İnsanın qarşısında məqsədi, özünə inamı varsa, hər bir şeyə nail ola bilər. Dünya çempionatına çox güclü hazırlaşırıq və inanırıq ki, çempion olub, olimpiadaya lisenziyanı təmin edəcəyik”.
Qeyd edək ki, cüdo üzrə dünya çempionatı 20-27 sentyabrda Milli Gimnastika Arenasında təşkil olunacaq.
www.yenicag.az