Medianın İnkişafı Agentliyi, “Birgə və Sağlam” İctimai Birliyi və DOST Agentliyinin “Könüllü DOST” proqramının birgə təşkilatçılığı ilə Birliyin nəzdindəki Autizm Mərkəzində seminar və mediatur təşkil edilib.
Yenicag.az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd media nümayəndələrini autizm haqqında məlumatlandırmaq və mərkəzdə autizmli şəxslərə verilən xüsusi təhsil xidməti ilə tanış etmək olub. Maarifləndirmə seminarında çıxış edən Autizm Mərkəzinin mütəxəssisi xəstəliyin əlamətləri, həmin şəxslərin təhsili və cəmiyyətə inteqrasiyasının əhəmiyyəti barədə məlumat verib, iştirakçıların suallarını cavablandırıb.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və media nümayəndələri Autizm Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub. “Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova bildirib ki, 10 ildir fəaliyyət göstərən Mərkəzin yeni binasının açılışı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə baş tutub, hazırda mərkəzlərdə Princeton Uşaq İnkişaf İnstitutunun təlim modeli – ABA Terapiya (Tətbiqi Davranış Analizi) əsasında 100-ə yaxın autizmli uşaq və gəncə 50-dən çox mütəxəssis tərəfindən xüsusi təhsil verilir.
DOST Agentliyinin “Könüllü DOST” proqramının həyata keçirdiyi “İnklüzivlik ayı” layihəsi çərçivəsində autizmli uşaq və gənclərin, həmçinin DOST və Media könüllülərinin iştirakı ilə təkrar emal master-klasında hazırlanmış işlər nümayiş etdirilib. Sonra onlar media nümayəndələri ilə birgə rəmzi ağacı rəngləyib.
Sonda, mərkəzin nəzdində fəaliyyət göstərən Kaşalata Kafedə Birliyin autizmli gənclərdən ibarət “Mavi Ürəklər” xor və ritm qrupunun konsert proqramı təqdim edilib və xatirə fotoları çəkilib.
İsmayıl Bakuvi
www.yenicag.az