“Mehmanxana sahibəsi”nin NÖKƏRİ: Məşhur aktyorun DOĞUM GÜNÜDÜR

media-hightechnic-468x90

Bir çox film və tamaşalarında bir-birindən maraqlı obrazlar yaradıb. Amma nədənsə yaddaşımda ən çox iki obrazı ilə qalıb: 1978-ci ildə çəkilən “Mehmanxana sahibəsi” televiziya tamaşasında nökər, bir də “Bəyin oğurlanması” filmində pirotexnik Ələsgər…

Filmdə ən məşhur fraza olan “Ə, nə var ee, Ələsgər, Ələsgər” deyərək yerə yıxılmasını xatırlayanda istər-istəməz çöhrəmizə təbəssüm qonur.

Kinomanlar yaxşı xatırladı, söhbət mərhum aktyor, Əməkdar artist Ələsgər Məmmədoğludan gedir. Bu gün onun doğum günüdür.

Ələsgər Məmmədoğlunu tamaşaçıya sevdirən onun səmimiyyəti və təbii oyun manerası idi. O, həyatda necə idisə, səhnədə və çəkiliş meydançasında da elə idi. Yəni oynamırdı, obrazlarını yaşayırdı.

Koloritli aktyor idi. İstər görünüşü, istər danışığı, istərsə də oyun tərzi ilə tamaşaçını özünə cəlb etməyi, özünü sevdirməyi bacarırdı.

İstedadına rəğmən abırlı, utancaq insan idi ağız açmağı, özünü gözə soxmağı bacarmırdı. Elə ona görə də aktyor potensialından yetərincə istifadə olunmayıb. Çox filmlərə çəkilmək, tamaşalarda oynamaq arzusunda idi, amma oynamaq istədiyi obrazlar elə arzu olaraq da qalırdı. Bəlkə də bu xiffət, bu nisgil idi ki, aktyoru zaman-zaman içindən yeyib bitirirdi. Aktyor isə bunu hiss etmirdi.

Bir gün tamaşada halı pisləşir və ailəsi onu xəstəxanaya aparanda dəhşətli xəbərlə sarsılırlar. Aktyorun qaraciyərində şiş aşkarlanır. Artıq çox gec idi. Onun sağalması ehtimalı yox idi. Amma ailəsi onu amansız xəstəliyin caynağından xilas etmək ümidi ilə İrana müalicəyə aparır. Yenə də ümidsizliklə qarşılaşırlar. Cəmi 40 gün çəkir və xəstəlik aktyorun həyatına son qoyur.

Amma sona qədər ondan ağır xəstəliklə mübarizə apardığını gizlədirlər.

Bu gün onun yaradıcılıq ömrü yaratdığı obrazları ilə davam edir. Nə qədər ki o filmlər, tamaşalar yaşayır, Ələsgər Məmmədoğlu da obrazları ilə sevənlərini salamlayacaq.

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05