Mehriban Əliyeva tanınmış caz ifaçısının konsertində olub
Fevralın 12-də məşhur caz ifaçısı, üç qat “Qremmi” və “Toni” mükafatları laureatı Di Di Bricuoter Bakıda, Heydər Əliyev Mərkəzində solo konsert verib. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva konsertdə olub.
Səhnəyə çıxan məşhur caz ifaçısı Di Di Bricuoter Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanı salamlayıb.
Məşhur caz ifaçısı Azərbaycanda ilk dəfə olduğunu, paytaxt Bakının gözəlliyinə heyran qaldığını bildirib. O, Heydər Əliyev Mərkəzinin nadir arxitektura nümunəsi olduğunu qeyd etmiş və belə bir gözəl məkanda konsert verməyin onun üçün böyük şərəf olduğunu vurğulayıb.
Müasir caz vokal sənətinin ulduzlarından olan Di Di Bricuoter konsertdə onu milyonların sevimlisinə çevirən məşhur kompozisiyalarını ifa edib.
Əsl adı Dennis Qarret olan müğənni-aktrisa 1950-ci ildə ABŞ-da doğulmuşdur. Karyerasına vətənində başlasa da, onun istedadı Fransada kəşf olunyub.
Di Di Bricuoter ilk peşəkar addımlarını əfsanəvi Ted Cons/Mel Levis Caz Orkestrində atmış və ötən əsrin 70-ci illərində məşhur caz ifaçıları Maks Rouç, Sonni Rollinz, Dekster Qordon, Dizzi Gillepsi ilə birgə çıxış edib.
1980-ci ildə Fransaya köçən müğənni bir neçə il ərzində Avropanın bütün caz festivallarında iştirak etmiş, özünün orkestrini yaradıb.
1998-ci ildə kumiri Ella Fitsceraldın xatirəsinə həsr etdiyi “Əziz Ella” albomu iki “Qremmi” mükafatına layiq görülüb. Onun tanınmış caz ifaçısı Billi Holideyə ithaf etdiyi “Eleonora Faqan (1915-1959): Di Didən Billiyə sevgi ilə” adlı albomu da “Qremmi” alıb.
Di Di Bricuoter musiqili teatrda da fəaliyyət göstərib. O, 1975-ci ildə “Viz” musiqili tamaşasında oynadığı Qlinda roluna görə “Toni” mükafatına layiq görülüb.
Məşhur caz ifaçısının Heydər Əliyev Mərkəzində çıxışı böyük alqışlarla qarşılanıb.
Konsertdən sonra Di Di Bricuoter Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə görüşüb.