“Məmurlar mənə “özünü Aparatın önündə yandır” deyirlər” -YENİLƏNİB
3 qız və bir oğul atası Feyzulla Yusifovun evini başına yıxmaq istəyən Qaçqınkom və Ümid Qəsəbəsi icra nümayəndəsindən təhrikedici cavab: “çıx körpüyə, Qənirə Paşayevanı köməyə çağır”
Azərbaycan Prezidenti dəfələrlə məmurları hədələsə də, görünən odur ki, onlar bu xəbərdarlıqdan nəticə çıxarmırlar. YENİCAG.AZ-a daxil olan şikayət məktubu bir daha bu acınacaqlı halı ortaya qoymaqdadır. Belə ki, dövlət məmurları vətəndaşın problemini həll etmək əvəzinə onu ələ salır, təhqir edirlər.
Əsli Azərbaycan Prezidentinin oğlu Heydər İlham oğlu Əliyevə, surəti isə KİV-ə ünvanlanan məktubda deyilir ki, “Mən Yusifov Feyzulla 15 ildir ki,dörd uşaqlı ailəmlə bərabər Ümid qəsəbəsi 106 saylı evdə yaşayıram. Evi məcburi köçkün İbrahimov Qənbər Rəşid oğlundan almışam.15 ildir həmin evdə yaşayıram və bütün komunal xərcləri ödəmişəm.
Bizim qəsəbədə yaşayan əhalini yeni tikilmiş beş mərtəbəli binalara köçürürlər və yaşadağımız köhnə evlər sökülür.15 il həmin qəsəbədə yaşadığıma görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin nümayəndəsi Əliyev Ceyhun mənim də evlə təmin ediləcəyimi bildirmişdi. Lakin indi evlər söküldüyü zaman verdiyi sözə əməl etməyərək, məni aldadır. Qaradağ rayon Ümid Qəsəbəsinin İcra Nümayəndəsi Babayev Hüseyin də bizim vəziyyətimizlə maraqlanmır. Dəfələrlə bu şəxslərlə görüşməyə cəhd etsəm də, məni eşitmək istəmirlər”.
Müraciətdə daha sonra bildirilir ki, “Hörmətli Heydər İlham oğlu! Mən dörd uşağımla harda yaşayım? 15 il yaşadığım evi başıma yıxıb, məni də küçəyə atırlar. Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin nümayəndəsi Ceyhun Əliyev “Cənab Prezidentin burada yaşayanlara ev verilməsi ilə bağlı tapşırığı var” desə də, İlham Əliyev cənablarının sözlərinə əməl etmirlər. Artıq dörd uşağımla bərabər intihar etmək həddinə çatmışıq. Axı mən bu evi dişim-dırnağımla qazandığım halal pulumla alıb, üç qız və bir oğlumu burada yaşadır, dövlətimizə, xalqımıza layiqli övlad olaraq Sizi və Ailənizi örnək alaraq böyüdürəm. Ancaq məmurlar bizi ölümə təhrik edirlər”.
Feyzulla Yusifov qeyd edib ki, dəfələrlə müraciət etdiyi Qaçqınkom və Qaradağ rayon İcra Hakimiyyətinin nümayəndəsi onu ələ salır, ona “get özünü Prezident Aparatının önündə yandır” və ya “çıx körpüyə, Qənirə Paşayevanı köməyə çağır” deyə, rişxənlə təkliflər verirlər. “Hara şikayət etsən də, faydası yoxdur” deyə, zorakılıqla 3 qız uşağı və bir oğlan uşağının yaşadığı evi başlarına uçurmaq istəyənlər onu təhqir və təhdid etməkdən də çəkinmirlər. Bu səbəbdən də bütün instansiyalara məktub yazmaqdan yorulan Feyzulla Yisifov son çarə olaraq, Ulu Öndərimizin adını daşıyan Heydər İlham oğlundan yardım istəyir.
Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi ilə əlaqə saxlasaq da, telefonda bizim suallarımızı dinləyən şəxs cavab verə bilməyəcəyini və bu sahə üzrə məsul şəxslərin istirahətdə olduğunu diqqətimizə çatdırdı.
Qeyd edək ki, özünü yandıraraq, vəfat edənlərin hamısına qarşı da eyni münasibət sərgilənmiş, məmurlar onlara rişxəndlə özlərini yandırmağı tövsiyyə etmişdilər və sonuc ortadadır.
***
Bu gün Feyzulla Yusifovun işi ilə maraqlandıqda heç bir dəyişikliyin olmadığını öyrəndik. O da vurğulanır ki, Yusifovlar kimi dörd uşaqlı ailəni küçəyə atan icra nümayəndəliyi saxta sənədlərlə evləri başqalarına satırlar. 15 il Rusiyada yaşamış şəxslərə belə saxta sənədlərlə ev verildiyi vurğulanır.
Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc edə bilərik.