Fransa tərəfinin Yeni Kaledoniya ilə bağlı Azərbaycanı təqsirkar elan etməsi Fransanın özünü gülüş obyektinə çevirməsindən başqa bir şey deyil.
Yenicag.az xəbər verir ki, bu barədə “Caucasian Live” “Telegram” kanalı məlumat yayıb.
Kanal yazır ki, Azərbaycan Qoşulmama Hərəkatının fəal üzvü və lideri olaraq bu təşkilatın özəyini təşkil edən “qlobal cənub” ölkələri arasında nüfuzunu artırmaq, habelə Fransanın Cənubi Qafqazda destruktiv addımlarına cavab vermək üçün Fransa koloniyalarına ritorik dəstək həyata keçirir:
“Azərbaycan Fransanın neoimperial və kolonial siyasətinə qarşı çıxır, Kaledoniya ilə müxtəlif anlaşmalar imzalayır, amma bunlara görə Kaledoniyada etirazların baş verməsini səbəb göstərmək gülüncdür.
Hər şeydən öncə, Azərbaycan kimi kiçik və orta ölçülü gücün Fransa kimi köklü və Avropa İttifaqının liderliyinə iddialı, qlobal ambisiyaları olan dövlətin daxili işlərinə bu qədər güclü müdaxilə imkanları o anlama gəlir ki, Fransa heç bir güc iddiasında ola bilməz”.
Bildirilib ki, bu hadisələrə ən çox dəstək ola biləcək iki güc varsa, bunlar Rusiya və Çindir:
“SSRİ dövründən kanaklara (Yeni Kaledoniyanın aborigen əhalisi – red.) əsas dəstəyi Rusiya verib. Hazırda separatçıların ən güclü olduğu Kaledoniya İttifaqı Partiyası Rusiya meylli hesab olunur və Ukraynaya qarşı mövqeyi ilə seçilir.
Çinə gəldikdə isə Çinin “Sinopec”, GRL, CH kimi şirkətləri hazırda adada mədən sənayesində əsas sərmayədardır. Bundan başqa, Çin ada hökumətinə ən çox subsidiyalar və dəstək ayırır”.
Qeyd olunub ki, bütün bunların fonunda Paris administrasiyası Azərbaycan yerinə qlobal gücləri – Çini və Rusiyanı günahlandırmalı idi.
“Problem ondadır ki, hazırda Fransanın Çinlə, Çinin isə Fransa ilə bağlı iqtisadi ümidləri var ki, bunun fonunda onlar bir-birilərini əsəbiləşdirmək istəmirlər. Buna görə də başqa bir xarici qüvvə tapmaq lazım idi ki, fransızlar da məcburən problemləri olduqları və status baxımından özlərindən kiçik Azərbaycanı hədəf göstərdilər”, – deyə bildirilir.
Rafi Müslümov
www.yenicag.az