2019-cu ildə kriminal aləmdə yenidən canlanma baş verəcək.
Yenicag.az xəbər verir ki, buna səbəb məşhur “qanuni oğru”lar Tariel Oniani və Əhməd Dombayevin azadlığa çıxması olacaq.
Rusiya mətbuatının iddiasına görə, “Taro” ləqəbli Oniani bir nömrəli “qanuni oğru” statusuna yiyələnmək üçün mübarizə aparacaq. “Əhməd Şalinsky” isə azərbaycanlıların nəzarətində olan bazarlarda söz sahibi olmağa çalışacaq.
Bu hadisələr nəticəsində tərəflər arasında gərginliyin pik həddə çatacağı bildirilir.
Qeyd edək ki, Tariel Oniani 10 ildir həbsdə olmasına baxmayaraq, ən nüfuzlu “qanuni oğru”lardan biri olaraq qalır. O, bir vaxtlar kriminal aləmin ən nüfuzlu şəxslərindən olan Aslan Usoyanla (Ded Xasan) müharibə aparması ilə diqqət çəkmişdi. Oniani 2009-cu ildə həbs olunaraq, qəsb və adam oğurlama maddələri ilə 10 il azadlıqdan məhrum edilib.
Onianinin azadlığa çıxdıqdan sonra hansı addımları atacağını proqnozlaşdırmaq elə də çətin deyil. O, ölkə xaricində qalacaq və cəbhəsini daha da genişləndirəcək. Bundan başqa, Onianinin azərbaycanlı “qanuni oğru” Nadir Səlifovla ittifaqa gedəcəyini də düşünmək olar.
Ancaq daha çox “döyüşlər” başqa bir “qanuni oğru” – Əhməd Dombayevin azadlığa çıxmasından sonra baş verə bilər. “Əhməd Şalinsky”nin 2018-ci ilin payızında azadlığa çıxacağı gözlənilsə də, bu, baş vermədi. Tərəfdarları Dombayevinin azadlığa çıxması üçün 2019-cu ilin yazını gözləyir.
Aydın məsələdir ki, Rövşən Canıyevin sağlığında Rusiya bazarları məhz onun nəzarətində idi. Lənkəranskinin qətlə yetirilməsindən sonra bazarlara bir neçə qrup eyni anda nəzarət edir. Bunlar Lənkəranski klanının, Vaqif Süleymanov və Alibala Həmidovun briqadasının qalıqlarıdır. Qəbiləyə isə “Lotu Quli” başçılıq edir. Tez-tez bu qruplar bir-biri ilə ölümcül müharibə aparırlar. Bu isə böyük biznes və ya hüquq-mühafizə orqanlarının nümayəndələri üçün arzuolunmazdır. Əhməd Dombayev də məhz bazar biznesində mövqeyini gücləndirməyə çalışacaq ki, bu da ciddi çaxnaşmaya səbəb olacaq.