“Mikayıl Cabbarov direktorların təyinat qaydasını dəyişmək istəsə də, bacarmadı” – Vurğun Əyyub

media-hightechnic-468x90

Şəmkirin Aşağı Seyfəli kəndindəki M.Süleymanov adına kənd orta məktəbinin direktoru ilə bağlı qalmaqal hələ də səngiməyib.

Yeniçağ.Az xəbər verir ki, Şəmkir rayonu Aşağı Seyfəli kəndi M.Süleymanov adına orta məktəbdə laborant işləmiş Xatirə Əliyevanın həmin təhsil müəssisəsinin direktoru Akif Namazovu rüşvətxorluqda və başqa qanunsuz əməllərdə ittiham edən açıqlamasından sonra bu məsələ ölkə mediasının əsas mövzularından birinə çevrilib. X.Əliyevanın bu ittihamlarını cavabsız qoymayan A.Namazov isə keçmiş laboranta qarşı “əks-hücum”a keçməyə çalışsa da, öz danışığı ilə vəziyyətini daha da qəlizləşdirib. Direktorun mətbuatda yayılmış səsli açıqlamalarının məzmunu, onun söz ehtiyatının “zənginliyi” və toxunduğu məqamlar həm bu adamın özünün mənəvi səviyyəsini, həm də rəhbərlik etdiyi məktəbdəki atmosfer haqqında dolğun təsəvvür yaradır. Hər halda, Təhsil Nazirliyinin haqqında danışılan məktəbə xüsusi komissiya göndərməsi vəziyyətin nə qədər ciddi olduğunu göstərir. Ortadakı ittihamlara gəldikdə isə, onların obyektivliyi barəsində komissiyanın rəyindən sonra fikir bildirmək mümkün olacaq.

Mövzu ilə bağlı Yeniçağ.Az-a danışan ləğv edilmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ilk sədri Vurğun Əyyub bildirib ki, ölkənin orta məktəblərinə direktor təyinatı icra hakimiyyəti orqanlarının səlahiyyətində qaldıqca, bu kimi problemlər tez-tez təkrarlanacaq:

Vurğun Əyyub ile ilgili görsel sonucu“Nəzərə almaq lazımdır ki, orta məktəblərə direktorların təyinatı çox ciddi məsələdir. Məktəb direktoru təyin edilən şəxs ilk növbədə pedaqoji kollektiv və şagirdlərlə iş bacarığına malik bir şəxs olmalıdır. Eyni zmaanda, təbii ki, direktor həm də savadlı olmalı və təşkilati işlərin öhdəsindən gəlməyi bacarmalıdır. Mən Şəmkirdəki məktəb direktoruna qarşı irəli sürülmüş rüşvətxorluq və digər ittihamları kənara qoyuram, onların əsaslıolub-olmadığına aydınlıq gətiriləcək. Səs yazısını dinlədikdə görürsən ki, o adam ya “JEK” müdiri, ya da tikinti rəhbəri vəzifələrində bəlkə də yaxşı işləyə bilər. Ancaq o leksikonun, o ifadələrin, o tərzin sahibi olan adam heç bir halda məktəb direktoru vəzifəsinə yaramır. Onun danışığından, toxunduğu biabırçı məqamlardan da görünür ki, hansı səviyyənin yiyəsidir.

Ortaya çıxmış bu rəzalət bir daha təsdiqləyir ki, orta məktəb direktorlarının təyinatı rayon icra hakimiyyətlərinin səlahiyyətində qaldıqca, belə problemlərlə çox üzləşəcəyik. Xatırladım ki, sovet dövründə də direktorların təyinatında söz sahibi rayon partiya komitələri idisə, indi icra hakimiyyətləridir. Bu mexanizm ləğv edilməlidir. Bildiyim qədər, təhsil naziri Mikayıl Cabbarov məktəb direktorlarının təyinatı qaydasını dəyişmək istəsə də, bunu bacarmadı, ya da ona imkan vermədilər. Ancaq bu məsələyə mütləq yenidən baxılmalı, təhsil sahəsinə icra hakimiyyəti orqanlarının müdaxilə imkanı aradan qaldırılmalıdır”.

 

A.Zeynalov
Yeniçağ.Az

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600