!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Milli kimliyin TƏNTƏNƏSİ – Tarixdən ilham alan GƏLƏCƏYİMİZ

!Reklam – Yazi

Azərbaycanın dövlətçilik tarixi qədim dövrlərə gedib çıxan və zəngin ənənələrə malik bir tarixdir. Bu tarix təkcə ölkə daxilində deyil, dünya miqyasında da Azərbaycan xalqının milli kimliyinin formalaşmasında əvəzsiz rol oynamışdır. Dövlətçilik ənənələri həmçinin milli adət-ənənələr, elm və mədəniyyət Azərbaycanın böyük tarixini, mədəni irsini və müstəqillik mübarizəsini təbliğ etmək üçün mühüm bir vasitədir. Bu təbliğat yalnız daxili deyil, həm də beynəlxalq aləmdə Azərbaycanın tanınmasını və milli kimliyin qorunmasını təmin edir.

Mövzu ilə bağlı Yenicag.az-a danışan Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı qeyd edib ki, Azərbaycanın dövlətçilik tarixi çox qədim dövrlərə gedib çıxır və bu tarix, türk millətinin böyük dövlətçilik ənənələri ilə sıx bağlıdır:

 

“Azərbaycanın tarixində qurulmuş 16 türk dövləti hər biri öz dövründə güclü və möhkəm bir dövlət kimi fəaliyyət göstərib. Azərbaycanın ən böyük dövlətləri arasında Ağqoyunlu, Qaraqoyunlu və Səfəvi dövlətləri xüsusi yer tutur. Bu dövlətlər, yalnız Azərbaycan xalqının deyil, eyni zamanda bütün türk millətinin tarixi irsinin vacib hissəsidir”.

Onun sözlərinə görə, 1918-ci ildə Azərbaycan Şərqdə ilk demokratik respublikanı qurdu, lakin bu dövlət yalnız qısa bir müddət yaşadı:

“Amma sonrakı illərdə Sovet İttifaqı tərkibində Azərbaycan Sovet Sosialist Respublikası olaraq fəaliyyətini davam etdirdi. 1991-ci ildə isə Azərbaycan müstəqilliyini bərpa etdi. Müstəqilliyin bərpası zamanı xalqımız böyük mitinqlər, milli şüurun oyanışı və dövlət müstəqilliyi uğrunda mübarizələrlə bu böyük addımı atdı. Bu, şərəfli bir tarixdir və uzun müddət tədqiqatlar mövzusuna çevrilmişdir”.

Millət vəkili diqqətə çatdırıb ki, 44 günlük Qarabağ müharibəsi Azərbaycan millətinin milli kimlik və məfkurəyə sahib olduğunu göstərdi:

“Bu müharibə Azərbaycan xalqının yalnız ordu ilə deyil, həm də xalqın birliyi ilə qazandığı zəfər oldu. Azərbaycan xalqı vətənpərvərlik və milli kimliklə hərəkət edərək, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər orduya dəstək oldu. Qarabağda qazanılan bu möhtəşəm zəfər, xalq və ordu birliyinin təntənəsi idi”.

Müsahibimiz əmindir ki, Azərbaycanın gələcək nəsilləri milli kimlik və vətənpərvərlik hissləri ilə yoğrulmuş, sağlam mənəviyyatlı gənclər olaraq yetişməlidir:

“Bu proses yalnız ailələrdə başlamamalı, eləcə də məktəblərdə, universitetlərdə və cəmiyyətdə davam etməlidir. Azərbaycanın milli mənəvi dəyərləri, tariximiz və dövlətçilik ənənələrimiz bu zəfərin təməlini təşkil edir. Azərbaycanın dövlətçiliyinin formalaşmasında və inkişafında türk milli kimliyinə olan qürur, habelə tarixi qəhrəmanlarımızın və sultanlarımızın yaratdığı böyük dövlətlər mühüm rol oynamışdır. Ulu öndər Heydər Əliyevin dövründə Azərbaycan dövlətinin quruculuğu və beynəlxalq səviyyədə mövqeyinin möhkəmləndirilməsi Azərbaycanın haqq davasına sadiq qalmasına və heç vaxt geri çəkilməməsinə böyük təsir göstərmişdir. Bu dövlətçilik ənənələri 44 günlük Qarabağ müharibəsinin zəfərində də özünü göstərdi və Azərbaycan xalqının gələcək nəsillərinə ilham verdi”.

Tarixçi Zaur Əliyev isə bildirib ki, 44 günlük müharibə Azərbaycan xalqı üçün yalnız hərbi bir zəfər deyil, həm də milli kimliyimizin güclənməsinə, həmçinin dünya azərbaycanlılarının qürur mənbəyinə çevrilməsinə səbəb oldu:

 

“Müharibənin nəticəsi olaraq, xaricdə yaşayan azərbaycanlılar artıq öz kimliklərini daha fəal şəkildə nümayiş etdirir, sosial şəbəkələrdə, tədbirlərdə və aksiyalarda iştirak edirlər. Əvvəlki dövrlərə nəzərən, Azərbaycan diasporunun beynəlxalq tədbirlərdə iştirakının sayı artmışdır. Müharibə öncəsi xaricdəki azərbaycanlılar, adətən, özlərini daha az göstərirdilər. Lakin qələbədən sonra onlar artıq açıq şəkildə fəallıq nümayiş etdirir, tədbirlərdə iştirak edir, mətbuat və efirlərə çıxırlar”.

Tarixçi vurğulayıb ki, xüsusilə, Şuşa şəhərinə dünya azərbaycanlılarının böyük marağı bu zəfərin həm ölkə daxilində, həm də dünya miqyasında qürur mənbəyinə çevrildiyini göstərir:

“Müharibə, əvvəlcə məğlub olmuş bir xalqı qalib bir millətə çevirdi. Bu, Azərbaycan xalqının milli kimliyinin və dövlətçiliyinin təkmilləşməsinə böyük təsir göstərdi. Azərbaycanın müxtəlif rayonlarında, hətta ən ucqar kəndlərdə belə insanlar Azərbaycan bayrağını, himnini və digər simvollarını böyük bir sevgi və fəxrlə qoruyurlar. Yaşından asılı olmayaraq, hər kəs bu simvolları qorumaya çalışır, şəhidlərimizin və qazilərimizin şəkillərini qürurla saxlayırlar. Bu, Azərbaycan xalqının öz dövlətinə və milli kimliyinə olan möhkəm bağlılığını nümayiş etdirir”.

Z. Əliyev əlavə edib ki, müharibə həm də gənclərin düşüncə tərzini dəyişdi:

“Əvvəlki illərdə xaricdə yaşamaq və orada həyat qurmaq istəyən gənclər artıq Azərbaycan dövlətinin suverenliyi uğrunda xidmət göstərməyə qərar veriblər. Bu gün, Azərbaycan gəncləri öz ölkələrinin gələcəyi üçün fəaliyyət göstərməyə, vətənlərini müdafiə etməyə və dövlətçiliyi qorumağa hazır olduqlarını göstərirlər. Onlar, şəhidlərimizin və qazilərimizin timsalında, öz dövlətlərinin gələcəyi üçün mübarizə aparmağa hazırdırlar. Nəticədə,44 günlük müharibə, Azərbaycan xalqının milli kimliyindəki boşluğu doldurdu və Azərbaycan vətəndaş kimliyinin formalaşmasına mühüm təkan verdi. Azərbaycan xalqı artıq keçmişdəki məğlubiyyətləri unudaraq, qələbəyə doğru irəliləyir və gələcəyə daha inamlı addımlar atır. Bu zəfər həm də Azərbaycanın suveren bir dövlət olaraq mövqeyini daha da gücləndirdi”.

Məsimə Məmmədova

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanmışdır.

www.yenicag.az

79
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv