Bakıda Milli Şuranın şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.
Yenicag.az xəbər verir ki, aksiyanın təhlükəsizliyi Bakı polisi tərəfindən təmin olunub. Aksiyada Milli Şuranın sədri Cəmil Həsənli, Əli Kərimli, Gültəkin Hacıbəyli və başqaları çıxış edib.
Aksiyada bu dəfə sentyabrın 23-dəki aksiyadan daha az üzv iştirak etdiyi müşahidə olunub. Aksiya insidentsiz başa çatıb.
Bakı şəhər Baş Polis İdarəsi bu gün keçirilən aksiya ilə bağlı məlumat yayıb. İdarədən bildirilib ki, oktyabrın 7-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.
Saat 15:00-dan 17:00-dək davam edən toplantıda həmin quruma daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası, həmçinin Klassik Xalq Cəbhəsi, Azərbaycan Xalq, Milli Dövlətçilik partiyalarının, eləcə də Müsavat Partiyası Gənclər Təşkilatının, Demokratiya və Rifah, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının və müxalifətyönümlü bir sıra qeyri-hökumət təşkilatının ümumi sayı 1 200 (min iki yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.
İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.
www.yenicag.az