Millimizin yeni forması stilistlərin gözündə: “Daş-qaşlı pencək olmalı deyildi ki…”

Futbol üzrə Azərbaycan millisinin yeni forması ictimaiyyətə təqdim olunub.

Yenicag.az xəbər verir ki, yığmamızın sözügedən forması çoxları tərəfindən bəyənilməyib.

Buna görə də stilistlərə müraciət etməli olduq. Görəsən, onlar millimizin yeni forması ilə bağlı nələr düşünürlər?

Yenicag.az saytına açıqlama verən stilist Anar Ağakişiyev seçməmizin yeni formasını bəyəndiyini bildirib:

“Ümumiyyətlə, mən futbolla maraqlanmıram. Millimizin yeni formasının azarkeşlər tərəfindən niyə bəyənilmədiyini bilmirəm. Onlar bunun sadə olduğunu düşünürlər. İdman forması necə olmalıdır ki? Daş-qaşlı pencək kimi tikilməyəcəkdi ki… Əla formadır, çox gözəldir. Sadə, lakonik idman formasıdır. Formanın solunda AFFA-nın, sağında isə “Nike” şirkətinin loqotipi var. İdman formasında daha çox rənglər önəm daşıyır. Vallah, mənim xoşuma gəldi”.

Şəlalə Məmmədova (stilist):

“Forma biçiminə söz deyə bilmərəm. Çünki bütün ölkələrdə futbol geyimləri standart bu formada biçilir. Amma rəng baxımından əlavələrim olacaq. Maraqlıdır ki, hər iki firma göy rəngə üstünlük verib. Birində ikinci qatqı tünd göydür. Ancaq ikincidə yazıda əlavə ağ rəng var. Bayrağımızın rəngləri olmaya da bilər. Amma dizayn baxımından sadə və baxımsızdır. Dizayn düzgün seçilsə, forma daha uğurlu görünər”.

Zümrüd Mirzəliyeva (stilist):

“Fikrimcə, köhnədənsə, təzə daha yaxşıdır. Amma daha əlvan, açıq rəng görmək istəyərdim. Məncə, rənglər yetərincə ciddidir. Köhnə formanı da görmüşəm. Əvvəlki daha yaxşı idi”.

 

 

 

 

 

Emin Səfərov
Yenicag.az

COP29