Mingəçevirin icra başçısı qazi və veteranlara QƏNİM KƏSİLİB: "Onda müharibə iştirakçılarına qarşı qərəz var" - ŞİKAYƏT / VİDEO
“İcra başçısı hər addımda onları müdafiə edir, açıq şəkildə onların cinayət tərkibli əməllərinə göz yumur”.
Yenicag.az xəbər verir ki, bunu “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin Mingəçevir şəhər filialının sədri, 1-ci Qarabağ müharibəsi əlili Oktay Cəfərov deyib.
O, yayımladığı videomüraciətdə Mingəçevir şəhərində üzləşdiyi məmur özbaşınalığı və icra hakimiyyətinin başçısı İlham İsmayılovun uzun müddətdir, özünə qarşı apardığı qərəzli kampaniya ilə bağlı iddialar səsləndirib.
O. Cəfərov qeyd edib ki, İlham İsmayılov heç vaxt Qarabağ müharibəsinin iştirakçılarını, qaziləri, şəhid ailələrini sevməyib, onlara hörmətlə yanaşmayıb:
“Sadəcə foto və videoçəkilişlərlə görüntü yaradıb. Heç vaxt bizə qarşı səmimi olmayıb. Sanki bu adamda müharibə iştirakçılarına qarşı natamamlıq kompleksi var. Yəqin ki, səbəbini yalnız özü bilir”.
İcra başçısının sifarişi ilə saxta profillərin üzərindən haqqını tələb edən qazilərə qaraşı qarayaxma kampaniyası aparıldığını bildirən veteran son qurbanların isə özünün və II Qarabağ müharibəsi qazisi Anar Mehdiyevin olduğunu deyib:
“Artıq bununla bağlı hüquq-mühafizə orqanlarına rəsmi qaydada müraciət etmişik. İcra başçısı İlham İsmayılov müharibə iştirakçılarının, qazilərin, Əfqanıstan veteranlarının kiçik sahibkarlıq fəaliyyəti ilə məğul olmasına hər cəhdlə mane olur”.
Şikayətçi icra başçısının bəzi şəxslərin cinayət tərkibli əməllərinə göz yumduğunu qeyd edib:
“İlham İsmayılov haqqını tələb edən insanları həbslə təhdid edir. Sağ olsun, şəhərimizin hüquq-mühafizə orqanları ki, onun qanunsuz tələblərini icra etmirlər və hər şeyə ədalətlə, qanun çərçivəsində yanaşırlar. Bu gün məhkəməyə verilən onlarla sahibkar var. Ancaq bu şəhərə külli miqdarda ziyan vuran, ekologiyanı göz görə-görə məhv edən Qədiroğluya və “Sədərək Yusif”ə “gözün üstə qaşın var” deyən yoxdur. Əksinə, icra başçısı hər addımda onları müdafiə edir, açıq şəkildə onların cinayət tərkibli əməllərinə göz yumur. Burada söhbət ağacların kütləvi kəsilməsindən, Kür çayının ekoloji terrora mərzu qalmasından və qanunsuz tikililərdən gedir”.
Ətraflı videomaterialda:












