Moskvanın "SON KARTI": Paşinyan Rusiyanın Ermənistan üzərindəki təsirini necə sıfırlayır?
“Nikol Paşinyan Moskvada seçkilərdə yalnız Ermənistan pasportuna malik vətəndaşların iştirak edə biləcəyini açıqlayaraq, Rusiyanın birbaşa təsir imkanlarını məhdudlaşdırmağa çalışdı.”
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Rəşad Bayramov bildirib.
Politoloq Paşinyan–Putin görüşündə Rusiya liderinin tətbiq etdiyi pərdəarxası manevrlərdən bəhs edib:
“Paşinyanın Moskvadakı açıqlamaları və Rusiyanın Ermənistana yönəlmiş son gedişləri regionda strateji balansın necə gərgin idarə olunduğunu açıq şəkildə göstərir. Görünən odur ki, Moskva Ermənistanın daxili siyasətinə təsir etmək üçün gizli və dolayısı yollardan istifadə edir, Paşinyan isə buna qarşı daxili legitimliyi və suverenliyi qorumağa çalışır.
Paşinyan Moskvada seçkilərdə yalnız Ermənistan pasportuna malik vətəndaşların iştirak edə biləcəyini bəyan etməklə, Rusiyanın səsvermə prosesinə birbaşa təsir imkanlarını bloklamaq niyyətini nümayiş etdirdi. Bu, həm daxili auditoriya üçün legitimlik mesajıdır, həm də Moskvanın proseslərə açıq müdaxilə etməməsi üçün ciddi bir xəbərdarlıqdır. Lakin bir müddət əvvəl gündəmə gələn 10 000 nəfərlik rusiyalı “təxribatçının” Ermənistana göndərildiyinə dair iddialar göstərir ki, Kremlin strategiyası hələ də aktivdir və əsasən gizli təzyiq mexanizmləri üzərində qurulub”.
Ekspert Rusiyanın Ermənistan üzərindəki təsir rıçaqlarını belə xarakterizə edib:
“Rusiya üçün Ermənistan yalnız geosiyasi mövqeyi ilə deyil, həm də Qafqazdakı təsir dairəsini qorumaq, Azərbaycan və Türkiyənin artan nüfuzunu balanslaşdırmaq baxımından kritik əhəmiyyət kəsb edir. Hazırkı Yaxın Şərq və Ukrayna kontekstində açıq müdaxilə riskli olduğundan, Moskva daha çox enerji, iqtisadiyyat, media və Ermənistandakı ‘beşinci kolon’ vasitəsilə təzyiqlərə üstünlük verir. Bu vasitələr Kremlə Paşinyan hökumətini nəzarətdə saxlamaq üçün geniş imkanlar yaradır.
Paşinyanın açıqlamaları isə bu təzyiqlərə qarşı daxili siyasi qalxan rolunu oynayır. O, seçki təhlükəsizliyini qabardır, ictimaiyyəti ayıq-sayıq olmağa çağırır və legitimlik mesajı verir. Bu taktika Moskvanın dolayısı təsirlərinə qarşı effektiv balans yaratmaq məqsədi daşıyır”.
R. Bayramov qeyd edib ki, seçki öncəsi Paşinyan iki tərəfli oyun yürüdür:
“Paşinyan daxili stabilliyi qorumaqla strateji tərəfdaşlıq münasibətlərini davam etdirmək arasında çox incə bir ip üzərində yeriyir. Nəticə etibarilə, Moskvanın Ermənistana yönəlmiş fəaliyyəti həqiqətən də “son kartlarını” oynadığı təəssüratı yaratsa da, bu hələ yekun hərəkət deyil. Kremlin məqsədi pərdəarxası mexanizmlərlə siyasi balansı öz xeyrinə qorumaqdır. Paşinyanın sərt çıxışları isə bu manevrlərə qarşı siyasi müdafiə reaksiyasıdır”.
Nurlan Cəfəri













