Fevralın 7-də Dövlət Neft Fondunun ofisində MHŞT üzrə Çoxtərəfli Qrupun (ÇTQ) sədri Şahmar Mövsümovla MSŞA QHT Koalisiyası üzvlərinin görüşü keçirilib. Görüşdə bütün təzyiqlərə baxmayaraq, 50-dən çox Koalisiya üzvü iştirak edib. Təxminən üç saatlıq tədbirdə Koalisiyada yaranmış vəziyyət, vətəndaş cəmiyyətinin ÇTQ-də təmsilçilik məsələləri müzakirə olunub.
Yeniçağ.Az xəbər verir ki, bu barədə Strateq.az-a Koalisiyadan daxil olan açıqlamada bildirilir.
Açıqlamada qeyd olunur ki, görüşdə bu vaxta qədər vətəndaş cəmiyyətinin ÇTQ-də təmsilçiliyi ilə bağlı heç bir problem müşahidə olunmadığını deyən Ş.Mövsümov qeyd edib ki, indiyə qədər bütün qərarlar konsensusla qəbul olunub. Bu il isə ÇTQ-yə Koalisiyadan üzvlərin seçilməsi ilə bağlı problem yaranıb: “Hökumət bu məsələlərdə tərəf tutmaq istəmir. Bu məsələlərin həlli Koalisiyanın daxili işidir, hökumət buna müdaxilə etmir və edə bilməz. Bu baxımdan Koalisiyanın rəyini eşitmək üçün görüş keçirilir. Bu görüşə dəvət açıq və şəffaf şəkildə həyata keçirilib. Bütün Koalisiya üzvləri dəvət olunub”.
Ş.Mövsümov əlavə edib ki, mübahisələri nəzərə alaraq ÇTQ-nin iclaslarına bütün Koalisiya üzvlərinin dəvət edilməsi təklifi ilə çıxış edib.
Koalisiyanın açıqlamasında bildirilir ki, görüşdə Koalisiya üzvləri Nicat Dağlar, Mehriban Vəzir, Hafiz Həsənov, Mirvari Qəhrəmanlı, Şaban Nəsirov, Əliməmməd Nuriyev, Taleh Əliyev, Xalid Kazımov, Mirəli Hüseynov, İradə Rzazədə, İradə Yaqubova, Vüsalə Hüseynli, Əhməd Abbasbəyli, Ceyhun Musaoğlu, İsrail İskəndərov, Zaur İbrahimli çıxış ediblər.
Çıxışlar zamanı xüsüslə qeyd olunub ki, Koalisiya, Koalisiya Şurası faktiki iki yerə parçalanıb. Koalisiyanın 2016-cı il 30 aprel tarixli son Ümumi Yığıncağında bəzi şəxslər siyasi qüvvələrin dəstəyi ilə Koalisiya Şurasına seçiliblər. Seçkilərdən sonra Oqtay Gülalıyevin Milli Şuraya yazdığı məktubda bildirilib ki, Koalisiya Şurasına seçkilərdə 50+1 çoxluğu təmin edilib. İndi isə bu 50+1 tərkibinə daxil olanlar, yəni Koalisiya Şurasının altı üzvü tərəfindən həyata keçirilən fəaliyyət Koalisiya üzvlərinin iradəsini əks etdirmir.
Çıxışlarda vurğulanıb ki, 6 üzv Koalisiya Şurası adından qərarlar qəbul edir, bu zaman qurumun digər üzvlərinin və Koalisiyanın rəyi nəzərə alınmır. Bu cür fəaliyyət Koalisiyanı faktiki olaraq iki hissəyə parçalayıb. Bir qrup Koalisiyadan öz maraqlarının həyata keçirilməsi vasitəsi kimi istifadə etməyə çalışır. Bütün bunlar isə Koalisiya üzvlərinin narazılığına səbəb olur.
Görüşdə çıxış edənlərin əksəriyyəti çıxış yolu kimi növbədənkənar Ümumi Yığıncaq keçirilməsi, yaxud daha bir Koalisiyanın yaranmasının vacibliyini vurğulayıblar.
Eyni zamanda, bütün çıxışlarda bir sıra Koalisiya və Şura üzvlərinin ÇTQ sədri ilə görüşün keçirilməsinin hökumətin Koalisiyanın fəaliyyətinə müdaxiləsi kimi qiymətləndirməsi, tədbirdə iştirak edənlərin isə “hökumətyönümlü” adlandırması qətiyyətlə pislənilib.
Ş.Mövsümov öz növbəsində qeyd edib ki, hökumət vətəndaş cəmiyyətinin ÇTQ-yə üzvlər seçməsi prosesinə qarışmır, müdaxilə etmir. Hökumət üçün vətəndaş cəmiyyətinin ÇTQ-də təmsilçiliyinin təmin olunması əsasdır. MHŞT standartı da bunu nəzərdə tutur.
Açıqlamada qeyd edilir ki, müzakirələr zamanı vətəndaş cəmiyyətinin, Koalisiyanın ÇTQ-də təmsilçiliyi ilə bağlı təkliflər də səsləndirilib. Bu təkliflərlə əlaqədar Ş.Mövsümov qeyd edib ki, mübahisələr həll olunmasa və ortaq məxrəc tapılmazsa, ÇTQ-də bütövlükdə Koalisiyanın təmsil olunması üçün dəvət göndəriləcək. Koalisiyanın istənilən üzvü ÇTQ iclaslarında iştirak etmək imkanına malik olacaq.
Yeniçağ.Az
www.yenicag.az